“Kim mənim ailəmə bir “buxanka” çörək verəcəkdi?”
“1992-ci ildə mənim iki qardaşım mayın 8-də Şuşadan çıxıb. Bu, həqiqətdir, camaat da bilir. Bacım da ayın 8-də orda olub. Hətta mənim kiçik qardaşım mənə sonra dedi ki, istədim bacımı – adı Sərfinazdır – güllələyim, erməniyə əsir düşməsin. Allaha and olsun, belə dedi. Kiçik qardaşım həmin gün qalmışdı, o biri qardaşım Kamil gəlmişdi. Mən onu çox danladım ki, sən nə təhər onu qoyub gəlmisən?”
PİA.AZ-ın məlumatına görə, bunları Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov “Yeni Müsavat”a müsahibəsində Şuşanı işğal günündən xeyli əvvəl tərk etməsi ilə bağlı suala cavabında bildirib.
Şuşanı işğal günündən 4-5 gün əvvəl tərk etdiyini B.Səfərov bu yaxınlarda etiraf etmişdi. O, yerli mediaya müsahibəsində bildirmişdi ki, mayın 6-da Bərdədə bir dostunun qardaşının il mərasimində iştirak etmək üçün Şuşanı tərk edib və geri qayıtmayıb.
İcra başçısı onu qorxaqlıqda ittiham edənlərə belə cavab verib: “Yaxşı, lap Bayram Səfərovun bütün yeddi arxa dönəni hamısı sinəsini versin erməninin gülləsinin qabağına ki, “gəl, güllələ!” Mənim erməninin qarşısına çıxmağa silahım, sursatım, əsgərim, köməyim yox, mən orda qalmaqla orda nə edəcəkdim? Rusiya ordan, Ermənistan burdan. Adicə düşünəndə adam dəhşətə gəlir. Lap məni orda güllələyəydilər, indi sözlərimi pis yozanlar var e, onların hansısa biri mənim ailəmə bir “buxanka” çörək verəcəkdi? Qeyrəti olan oğlan elə düşünməz! Mən xalqımı və torpağımı heç kimdən az istəmirəm. Torpağını, millətini, dövlətini çox istəyən adamlarla da yarışa girirəm. Bütün həyatım boyu xalqıma xidmət eləmişəm, özü də təmiz, kişi kimi!”
B.Səfərov Prezidentin keçirdiyi müşavirədə yatması məsələsi haqda da danışıb. İcra başçısı bu hadisənin ictimailəşməsinə görə jurnalistləri və onları həmin tədbirə buraxanları günahlandırıb. “Yəqin ki, maraqlı adamlar var. Həm də ola bilər məndən xoşu gəlməyən operator, ya hansısa jurnalist çəkib yayır. Elə möhtəşəm məclisdən o cür görüntü yayan jurnalist, lap elə onları ora buraxanlar da günahkardır”.
B.Səfərov müşavirədə həqiqətən yatıb-yatmadığını isə bilmir: “Deyə bilmərəm. Allaha and olsun, bilmirəm o anda yatmışam, ya yox… (gülür) Orda projektorlar çox güclü idi, gözümə düşürdü. Mən ya əlimi gözümün üstünə qoyurdum, ya da gözümü yumurdum. Təbii ki, olmamalıydı. Amma onu o cür işıqlandırmaq… Həmin adamın qanı təmiz deyil. Ani yuxu hamıda ola bilər. Özü də orda tək mən yatmamışdım ki. Məndən başqa o qədər yatanlar var idi, niyə onları vermir, məni verir? Əgər qərəzli deyilsə…”
pia.az