Kürdəmirin icra başçısı Ceyhun Cəfərov rayona icra hakimi təyin olunduğu vaxtdan etibarən mediada ancaq neqativ əməlləri ilə gündəmə gəlib.
Millitv.az realliq.info-ya istinadən xəbər verir ki, uzun müddət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov tərəfindən himayə olunan Ceyhun Cəfərov mətbuatda Kürdəmirin tarixinin ən tamahkar icra başçısı kimi təqdim olunur. Rayonda əhalinin sosial tələblərinə laqeyd yanaşan icra başçısı bununla da narazılığın daha da artmasına rəvac verir. O, rayonu xəracyığma sistemilə idarə edir.
Mediada yazılanlara inansaq, vətəndaşların icra başçısından şikayətləri kifayət qədərdir, hətta bunu Prezident administrasiyası da təsdiqləyə bilər. Hətta Kürdəmirdə artıq vəziyyət o yerə çatıb ki, rayonun yerli məmurları onun əlindən təngə gəlib. Belə ki, yerli məmurların hər biri Ceyhun Cəfərovun aylıq şərtlərini yerinə yetirməlidir.
Mediada dərc olunmuş və Kürdəmir rayon İca hakimiyyəti tərəfindən təkzib olunmayan xəbərlərdə bildirilir ki, hər ay rayonun mərkəzi xəstəxanası 4000 manat, Su melorasiya idarələri 10000 manat, DSMF idarəsi 10000 manat, "Komxoz" idarəsi 3000 manat, Bələdiyyə 5000 manat və s. İcra nümayəndələrindən tutmuş, təhsil idarəsinə kimi bir sözlə "məmə" yeyəndən "pəpə" yeyənə kimi hərənin öz rüsumu var.
Məlumatlara görə, kimsə bu haqqı ayin sonu çatdırmasa, icra başçısının hesabat iclasında 18+ söyüşlərə məruz qalır. Rayonda adi xadimədən tutmuş müəllimə kimi hər kəsi Ceyhun Cəfərov işə təyin edir...
Qeyd edək ki, Ceyhun Cəfərov Vidadi Zeynalovla qohumdur. Maraqlıdır ki, yeznə-qayın arasında münasibətlərin təkcə qohumluq ənənələrinə söykənmədiyi və arada ciddi biznes ilişgilərinin olması barədə mətbuatda çoxsaylı məlumatlar yayılmasına baxmayaraq, Ceyhun Cəfərov "məşəl ayağına” çəkilməyib. Lakin artıq heç kesə sirr deyil ki, C. Cəfərovun vəzifə karyerası bilavasitə V.Zeynalov tərəfindən qurulub. Biz iki qohumun əməkdaşlığı nəticəsində ərsəyə gəldiyi bildirilən çoxsaylı obyektlərdən bəhs etmək istəmirik. Təkcə Vidadi Zeynalovun Kürdəmir rayonunda 300 hektar dövlət torpağını uzunmüddətli icarəyə götürməsi deyilənləri sübut edir.
Ceyhun Cəfərov tərcümeyi-halı
O, 1965-ci ildə Yevlax rayonunda anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Diqqət etdinizmi? 2007-ci il. C.Cəfərov Dövlət İqtisad Universitetinə qəbul olunanda, yəni 2002-ci ildə, universitetin rektoru Əli Abbasov, prorektoru isə Vidadi Zeynalov olub.
Ceyhun Cəfərovun Kürdəmirdəki özbaşınalıqları məmurları da təngə gətirib
C.Cəfərov 1983-1984-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik vəzifəsində işləyib, 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1986-1991-cı illərdə Nəsimi rayon İstilik-İstismar sahəsində çilingər, 1991-1993-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik, 1993-cü ildə "Pərviz” firmasında iqtisadçı-əmtəəşünas, 1993-1994-cü illərdə Maddi-texniki Təchizat idarəsində baş mühəndis, 1994-1995-ci illərdə "Azərbərpa” İstehsalat Birliyində rəis müavini, 1995-1996-cı illərdə Nərimanov Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 1996-cı ildə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir, 1996-1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000-2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis, 2006-2011-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-2014-cü illərdə isə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 16 aprel 2014-cü ildə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Xatırladaq ki, Ceyhun Cəfərov hələ Tərtər rayonun icra başçısı işlədiyi vaxtlarda adı vahibilərlə iş birliyində tez tez hallanırdı. Həmin zamanlar bölgələrdə "vəhabi"lərin aktivləşməsi müşahidə edilirdi və əhalini ətraflarına toplamağa səy göstərirdilər. Hətta o da məlum idi ki,Tərtərdə o vaxt, ciddi kapitala sahib olan vəhabilər rayonlarda fermer təsərrüfatı yaratmaqla yüzlərlə şəxsi həm də maddi baxımdan öz təsir dairələrində saxlayırdılar. Mətbuat bu işdə də Ceyhun Cəfərovu ittiham etmiş idi. Belə ki, "vəhabi"lərə icra başçısının dəstək verməsinin isə əsas səbəbi kimi onların yaratdığı ticarət obyektlərində Ceyhun Cəfərovun yaxın adamlarının şərikliyi imiş.
Bu arada qeyd edək ki, bir-neçə ay əvvəl Ceyhun Cəfərov Kürdəmirin Tirli kəndində ona məxsus toxumçuluq zavodunda qaynaq işləri
görən işçilərin pulunu vermədiyi üçün növbəti dəfə mediada tənqid olunmuşdu. Xəbərdə deyilirdi ki, işçilər almalı olduqları 5500 manat pulu almaq üçün dəfələrlə Kürdəmir icra hakimiyyətinə dəfələrlə getsələr də icra başçısı Ceyhun Cəfərov onları qəbul etməyib. Maraqlıdır ki, narazı Kürdəmir sakinləri də icra başçısının qəbuluna düşə bilmirlər. Bu səbəbdən də Kürdəmir rayonundan müvafiq qurumlara edilən şikayətlərin sayı artmaqda davam edir.
Göründüyü kimi, Ceyhun Cəfərov ona edilən etimadi doğrultmur və ölkədə aparılan sosial-iqtisadi islahatları sabotaj edərək vətəndaşları hakimiyyətdən narazı salır...
Kürdəmir rayonunda baş verən məmur özbaşınalıqları və eləcə də Ceyhun Cəfərovun həyata keçirdiyi maxinasiyaları ilə bağlı araşdırmalarımız davam edir. Yaxın günlərdə bununla bağlı geniş məlumat verəcəyik.