Axtarış...

Onlar Azərbaycanın Baş prokurorları olublar

Onlar Azərbaycanın Baş prokurorları olublar

1 oktyabr – Azərbaycan Respublikası Prokurorluğu əməkdaşlarının peşə bayramı ve Prokurorluq orqanının yaranmasının 100 illik yubileyidir.

Mərhum Prezident Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq, hər il oktyabr ayının 1-ni Prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalayıb.

Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası ilk dəfə XlV əsrin əvvəllərində Fransada kral lV Filipp tərəfindən qoyulub. Onun vaxtında kral mənafelərinin prokurorluq tərəfindən təmsil edilməsi Qanunla (25 mart 1302-ci il tarixli ordanans) təsbit edilib. Həm qərb ölkələri, həm də Rusiya prokurorluqlarına bir örnək kimi böyük təsiri olan Fransa prokurorluğunun təşkili və fəaliyyəti haqqında qanun isə 1586-cı ildə qəbul olunub.

Rusiyada isə prokurorluq l Pyotrun «Baş prokuror vəzifəsi haqqında» 12 yanvar 1722-ci il tarixli Fərmanı ilə təsis edilib, 1802-ci ildə Rusiyada Ədliyyə Nazirliyi yarandıqdan sonra isə ədliyyə naziri eyni zamanda ölkənin Baş prokuroru sayılıb.

1862-ci ildə qəbul edilən «Prokurorluq haqqında əsas müddəalar» Rusiyada prokuror nəzarətinin təyinatını, onun predmetini, prokurorların vəzifə və səlahiyyətlərini müəyyən edib. Həmin dövrlərdə Azərbaycanda prokuror nəzarətini Bakı və Yelizavetpol quberniyaları dairə məhkəmələrinin prokurorları və onların müavinləri, Azərbaycan məhkəmələri üçün apellyasiya hüququna malik Tiflis məhkəmə palatasının prokuroru və onun müavinləri həyata keçirirdilər. 1868-ci ilin fevralında Azərbaycanda tərkibində müvafiq prokuror nəzarəti və istintaq hissəsi olan 13 yeni məhkəmə idarəsi yaradılıb.

Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cumhurriyyətinin yaranması günündən sonra başlayıb. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən «Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə» təsdiq edilib.

Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Aslan bəy Safikürdski, Teymur bəy Makinski Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olublar.



1920-ci ilin aprel ayının 28-də Xl Qızıl Ordunun köməyi ilə Azərbaycan Xalq Cumhurriyyəti süquta yetirildi və Azərbaycan Sovet Sosialist Respublikası elan edildi. Müstəqil Azərbaycan dövlətçiliyi süquta yetirildikdən sonra dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv edildi. Bu Azərbaycan İnqilab Komitəsinin 12 may 1920-ci il tarixli «Xalq məhkəməsi haqqında» dekreti ilə həyata keçirildi.

Bu dövrdə bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması ehtiyacını nəzərə alaraq, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli «Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında» Dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyuldu.

Bakı kommunası dövründə və ondan sonrakı dövrlərdə xalq ədliyyə komissarları Ə.Qarayev, S.Çivanov, B.Vəlibəyli, B.Talıblı, H.Hacıyev, A.Sultanova, Y.Məmmədov həm də Azərbaycan SSR-nin baş prokurorları olub.

1936-cı ilin iyul ayında Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq, birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlayıb.

Böyük Vətən müharibəsi illərində digər dövlət strukturları kimi, prokurorluq orqanlarının da işi hərbi vəziyyətə uyğun qurulub. Həmin dövrdə Azərbaycan Prokurorluğunun fəaliyyəti fərariliklə mübarizə, hərbi məhsulların tədarükü, cəbhəyə yardım və arxa cəbhənin möhkəmləndirilməsi haqqında qanunların icrasını təmin etməyə yönəlib. O dövrlər döyüşən orduya 70 prokuror və 163 müstəntiq səfərbər olunub. Onlardan bir çoxu döyüşlərdə həlak olub, böyük əksəriyyəti orden və medallarla təltif ediliblər.

1955-ci il mayın 24-də «SSRİ-də prokuror nəzarəti haqqında Əsasnamə» nin qəbulu prokurorluğun inkşafında mühüm mərhələ oldu. 30 noyabr 1979-cu il tarixli «Prokurorluq haqqında» SSRİ qanunu qəbul edilənədək prokurorluq orqanları bu əsasnaməyə uyğun fəaliyyət göstəriblər.

1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra Respublikamız yeni dövrə qədəm qoyub.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının da fəaliyyətində yeni bir dövr başlanıb.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonrakı 12 il müddət ərzində Azərbaycan Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən orqana çevrilməklə sivil və demokratik inkişaf yolu keçib. Bu dövr ərzində qəbul olunmuş çoxsaylı qanun və məcəllələr, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında», «Konstitusiya məhkəməsi haqqında», «Prokurorluq haqqında», «Prokurorluq orqanlarında qulluq keçmə haqqında», «Polis haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında», «Vəkillər və vəkillik fəaliyyəti haqqında» qanunlar, Cinayət, Cinayət-Prosessual, Cəzaların icrası, Mülki, Mülki-Prosessual, İnzibati xətalar məcəllələri və bir sıra mühüm normativ-hüquqi aktlar bütövlükdə demokratik cəmiyyətdə prokurorluğun yeri və rolunu müəyyən edib.



TİA.AZ modern.az-a istinadən Azərbaycan Respublikasının Baş prokurorları olmuş şəxslərin siyahısını təqdim edir:

Xəlil bəy Xasməmmədov

Fətəli Xan Xoyski

Teymur bəy Makinski

Aslan bəy Səfkürdski

Xəlil bəy Xasməmmədov

Əliheydər Ağakərim oğlu Qarayev

Sergey Timofeyeviş İvanov

Bahadır Qasım oğlu Vəlibəyov

Böyükağa Mirqasım oğlu Talıblı

Hüsü Hüseynəli oğlu Hacıyev

Ayna Mahmud qızı Sultanova

Yaqub Məmməd oğlu Məmmədov

Ağahüseyn Mehdi oğlu Əlihüseynov

Cəbrayıl Haşım oğlu Cəbrayılzadə

Xəlil Sədrəddin oğlu Əfəndiyev

Əliabbas Nəcəf oğlu Əliyev

Hacı Məmməd oğlu Rəhimov

Adil Babayev

Seyfulla Əkbər oğlu Əkbərov

Qambay Ələsgər Məmmədov

Abbas Məmmədtağı oğlu Zamanov

İlyas İlyas oğlu İsmayılov

İsmət İsmayıl oğlu Qayıbov

Murad Köçəri oğlu Babayev

İxtiyar Əlibala oğlu Şirinov

Əli Ömər oğlu Ömərov

Eldar Hümbət oğlu Həsənov

Zakir Bəkir oğlu Qaralov
Text-to-Speech

DİNLƏ






Şərh yaz