Azərbaycan Gimnastika Federasiyası yay aylarına bədii gimnastika üzrə turnirlə yekun vuracaq.
Millitv.Az xəbər verir ki, Federasiyadan Trend-ə verilən məlumata görə, 18-19 avqust tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə "GymBala" adlı beynəlxalq turnir keçiriləcək.
İki gün davam edəcək yarışlarda fərdi proqramda 2011-2013, 2008-2010, 2006-2007, 2003-2005-ci il təvəllüdlü, qrup hərəkətləri proqramında isə 2011-2013, 2008-2010, 2006-2007 və 2003-2005-ci il təvəllüdlü gimnastlar çıxış edəcək.
Təcrübəli gimnastlarla yanaşı, daha az yaşlı gimnastların da çıxış edəcəyi turnirdə iştirakçılar həm çöxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparacaqlar.
Yayın son gimnastika yarışında Azərbaycan təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Macarıstan, Ukrayna və Misirdən olan gimnastların da iştirak edəcəyi gözlənilir.
Yarışlara biletləri Arenanın kassasından əldə edə bilərsiniz.
Yarışlar haqda yenilənmiş ətraflı məlumatı yaxın günlərdə federasiyanın internet səhifəsindən əldə edə bilərsiniz.