Dostunu bıçaqlayıb, daha sonra boğub öldürməkdə təqsirləndirilən vəzifəli şəxsin qardaşı oğlu Amal Zülfüqarovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Amal Zülfüqarov Xaçmazda istirahət mərkəzində olarkən dostu Qismət Məmmədlinin ona tərs-tərs baxmasına irad bildirib və aralarında mübahisə yaranıb. Daha sonra Amal dostu Qismətin onun Almaniya da yaşayan bacısı ilə danışdığından şübhələnib və onu öldürmək qərarına gəlib. Qobustanda kafedə olarkən birlikdə domino oynayıblar. Sonra arxadan Qismətə yaxınlaşaraq onun boyun və sinə nahiyələrinə zərbə endirib. Kafedə olanlar Amalı sakitləşdirə bilməyiblər.
Amal yaralı vəziyyətdə olan və yerə yıxılan Qismətin boğazından tutaraq onu boğmağa başlayıb. Kafedə olanda Tələt Hüseynov və Haldun Nəbizadə onun əlindən bıçağı almaq istəyiblər. Amma onlara da bıçaq zərbəsi endirərək yenidən Qismətə hücum edib və ürək, boğaz, sinə, qarın nahiyələrinə bir neçə zərbə də endirib.
Amal Zülfüqarov xüsusi amansızlıq, xuliqanlıq niyyəti ilə köməksiz vəziyyətdə olan şəxsi öldürməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 və 221-ci maddələri ilə ittiham irəli sürülüb.
İttihama münasibət bildirən Amal Zülfüqarov özünü qismən təqsirli bilib: "Orda mənə ittiham verilib ki, xuliqanlıqla yox, xüsusi amansızlıqla öldürmüşəm".
Daha sonra prosesdə Amal Zülfiqarov sərbəst ifadə verib:
"Dostlarımla Nabranda "Atlanta" getdik. Yolda mənə qarşı kobudluq elədilər, münasibət korlandı. Yolda Qismət qayıtdı ki, bir nəfərin bacısı ilə danışıram, bilsələr başıma sıxacaqlar dedi. Dedim kimdir, dedilər sənlik deyil. Ürəyimə xal saldı. "Atlant"a çatıb, oturduq. Gördüm mənə pis-pis baxırlar. Dedim nə olub, qayıdıb başladı məni söyməyə. Əsəbiləşdim. Mənə qayıtdı ki, sabah sənə deyəcəyəm niyə belə baxıram. Əsəbiləşdim. Uşaqlar qoymadı. Sakitləşdirdilər. Sonra Bakıya qayıtdıq".
Təqsirləndirilən şəxs qeyd edib ki, Bakıya qayıdandan sonra Qismət Məmmədli ona yenə aqressiv münasibət bəsləyib: "Biz çox yaxın olmuşuq. Qardaş kimi, bir-birimizin evinə getmişik. Mənə münasibəti bir gündə dəyişdi. Söz atırdı. Yaxınlaşdım, dedim gedək oturaq. İkimiz söhbət edək. Oda qayıtdı ki, hamı yığışsın söhbət edərik. Gəldik yığışdıq. Qayıtdı ki, sənin yerində olsaydım qazı açıq qoyardım. Dedim anlamadım, bil ki, mənə qarşı ağır səhv eləsən səni öldürərəm. Bu sözü yenindən təkrarladı. Başa düşmürdüm. Dedim aydınlığını ver. Dostumuz Nicat qayıtdı ki, Qismət söhbəti açma. Ürəyimə xal saldı. Mənimlə elə rəftar edirdi ki, sanki şərəfsizəm. Arada münaqişə olsa da, səbəbini bilmirdim. Onu kafeyə çağırdım. Artıq beynim çöndü. Bıçaqla vurdum. Əsəblərimi cilovlaya bilməmişəm. Mən Qisməti vurmuşam. Tələt və Haldunu vurduğumu xatırlamıram. Yəqin ki, onlar məni ayıranda dəyib".
Təqsirləndirilən şəxs bildirib ki, Qismət Məmmədlini qəsdən öldürmək istəyib: "Ona xəbərdarlıq eləmişdim. Demişdim ki, böyük səhv eləsən öldürəcəyəm. Onun boğazına bıçaqla vurdum. Yerdə can verirdi. Xırıldayırdı. Dedim kəlimeyi şəhadətini gətir. Gördüm "Allah, Allah" deyir. Əziyyət çəkirdi. Tutdum, boğdum ki ölsün, canı qurtarsın. Qətli qeyrət üstündə törətmişəm".
Təqsirləndirilən şəxs bu sözləri deyən zaman ölən Qismət Məmmədlinin atası Fərhad Məmmədov özündən gedib. Məhkəməyə təcili yardım briqadasını dəvət edilib.
Qeyd edək ki, qətl ötən il avqustun 15-də Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisindəki kafelərdən birində qəsəbə sakini Amal Zülfüqarov münaqişə zəminində həmyerlisi Qismət Məmmədliyə və digər 2 nəfərə bıçaqla xəsarət yetirib. Q.Məmmədli aldığı xəsarətdən hadisə yerində ölüb.
Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Zülfüqarov tutulub.
Xatırladaq ki, Amal Zülfüqarov SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovun qardaşı oğludur.