Civə təbiətdəki faydalı metallardan biridir. Dəyəri də buna görə yüksəkdir. Civə ən çox məişətdə termometrlərdə qarşımıza çıxır.
Qeyd edək ki, civə faydalı olması ilə yanaşı, həm də insan orqanizmi üçün təhlükəli bir metaldır. Xüsusilə də valideynlər diqqətli olmalıdır ki, azyaşlı uşaqlar termometrdən uzaq dursunlar. Çünki onun qırılması nəticəsində uşaq civəni ağzına apara, yaxud buxarı nəfəsinə gedə bilər. Bəs bu kimi xoşagəlməz hallarda nə etmək lazımdır? Ailem.az pediatr Aytən İsmayılzadənin məsləhətlərini diqqətinizə çatdırır.
Həkim bildirir ki, valideynlərdən sınmış termometr səbəbi ilə həyəcanlı yazılar alır: “Bir ana mənə yazır ki, uşaqların əlində başı qırılmış termometr gördüm, bir saat sonra qusma, hərarət ishal başladı. Civə ilə zəhərlənmiş olarlar deyə çox narahat idi. Əlbəttə, haqlıdır da...”.
A. İsmayılzadə civə haqqında məlumat verərək bildirir ki, civə bir metaldır. Adətən metal deyəndə bərk bir şey düşünürük, amma civə maye formada olan metaldır: “Həm də ağır metaldır. Onunla zəhərlənmə əsasən sinir sistemini və böyrəkləri zədələyir. Necə olur ki, civə ilə zəhərlənmə olur. Civə üzvi, metal formada olur.
Analar əsasən uşaqların tez-tez qarşılaşa bildiyi termometr təhlükəsindən qorxur. Termometrdəki metal civədir. Metal civə ağızdan udulanda elə də çox sorula bilmir və təhlükə yaratmır. Amma nəfəslə 70-80% sorulur və zədələyir. Necə olur ki, civə nəfəslə sorulur. Termometr sınan zaman dağılan metal civə otaq hərarətində asanlıqla buxarlana bilir”.
Pediatr məsləhət verir ki, əgər evdə termometr sındısa, aşağıdakıları etmək lazımdır:
- Otaq havasını mümkün qədər çox dəyişmək
- Həmin yerdən uşaqları çıxarmaq
- Çılpaq əllə civəyə toxunmaq olmaz, dəridən sorula bilir
- Dağılan kiçik civə muncuqlarının birləşməsinə şərait yaratmaq. Çünki belə olanda hava ilə təması sahəsi azalır
- Civəni içində su olan ağzı bərk bağlanan qaba yığmaq
- Xalça filan civəyə bulaşdısa onu işlətməmək
- Tozsoran işlətməmək
- Civəni kanalizasiyaya axıtmamaq
- Xalça altı, şkaf altını yaxşı yoxlamaq lazımdır ki, sonra buxarlanmasın.
Kəskin və xroniki olan civə zəhərlənmələrində müxtəlif əlamətlər olur. Civədən kəskin zəhərlənmə zamanı insanda intoksikasiya əlamətləri meydana çıxır: zəiflik, iştahasızlıq, baş ağrısı, udma zamanı ağrı, ağızda metal dadı, ağız suyunun axması, damaqların şişməsi və qanaması, ürəkbulanması və qusma, güclü qarın ağrıları, ishal.
A. İsmayılzadə vurğulayır ki, civəni udmaqla zəhərlənmə baş vermir. Civə evdə qalarsa, buxarlanıb zəhərlənmə verə bilir.
Bütün hallarda evdə termometr sınıbsa, Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng edib civənin dağılması barədə xəbər verməyi unutmayın.