Главная > dunya > Türkiyədə oxuyan azərbaycanlı tələbələrlə bağlı NARAHATLIQ: - Virusa yoluxanlar necə müalicə alır?

Türkiyədə oxuyan azərbaycanlı tələbələrlə bağlı NARAHATLIQ: - Virusa yoluxanlar necə müalicə alır?


1-07-2020, 13:15. Разместил: rovshen
Türkiyədə oxuyan azərbaycanlı tələbələrlə bağlı NARAHATLIQ: - Virusa yoluxanlar necə müalicə alır?
Koronavirus epidemiyası yayıldıqdan sonra xarici ölkələrdə, o cümlədən Türkiyədə qalan Azərbaycan vətəndaşlarının, xüsusən tələbələrin sağlamlığı narahatlıq doğurur.

Türkiyə Respublikasının Ali Təhsil Şurasının (YÖK) bu ilin yanvar ayına olan məlumatına görə, 21 479 azərbaycanlı tələbə Türkiyənin 81 vilayətinin 79-da yerləşən müxtəlif universitetlərində təhsil alır. Bu tələbələrin bir hissəsi ölkəmizə təxliyyə olunsa da, Türkiyədə xeyli sayda qalanlar da var.

Maraqlıdır, Türkiyədə koronavirusa yoluxan tələbələrimiz varmı? Varsa, onlar kimin hesabına müalicə olunurlar?

Azərbaycanın Türkiyədəki Səfirliyinin Təhsil müşaviri Nəcibə Nəsibova Cebhe.info-ya açıqlamasında deyib ki, Türkiyədə kimliyindən və vətəndaşlığından asılı olmayaraq virusa yoluxan hər kəs Türkiyə Respublikası Səhiyyə Nazirliyi tərəfindən pulsuz müalicə olunurlar. Hazırda Türkiyədə azərbaycanlı tələbələr arasında virusa yoluxanların olub-olmamasına gəlincə, müşavir bununla bağlı məlumat verməyib.

Bu sorğumuzu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Hüseyn Altınalan da cavabsız qoyub. O, bu barədə məlumatsız olduğunu deyib. Bildirib ki, Azərbaycanın Türkiyədəki səfirliyi və ya İstanbuldakı Baş Konsulluq məlumatlı ola bilər.

Xatırladaq ki, bu gündən başlayaraq Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin Azərbaycana təxliyyəsi başlayır. Həmçinin müxtəlif şəxsi səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün də qarşılıqlı razılıq əsasında həftədə iki dəfə "Azərbaycan Hava Yolları"nın (AZAL), iki dəfə isə "Türk Hava Yolları"nın (THY) Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə xüsusi reysləri həyata keçiriləcək. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, digər ölkələrdə olan və Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlar, o cümlədən tələbələr də İstanbul hava limanının tranzit imkanlarından istifadə edərək bu marşrut üzrə Azərbaycana gələ biləcəklər. AZAL-ın reysləri həftənin cümə axşamı və şənbə günlərində, "Türk Hava Yolları"nın reysləri isə çərşənbə və cümə günlərində icra olunacaq.
Вернуться назад