Главная > gundem / iqtisadiyyat > “Bu, birbaşa pandemiyanın ortaya çıxartdığı məsələdir” - GƏLİŞMƏ

“Bu, birbaşa pandemiyanın ortaya çıxartdığı məsələdir” - GƏLİŞMƏ


8-05-2020, 09:38. Разместил: rovshen
“Bu, birbaşa pandemiyanın ortaya çıxartdığı məsələdir” - GƏLİŞMƏ

Yanvar-fevral ayları ilə müqayisədə, mart ayında Azərbaycanda problemli kreditlərin həcmi artıb. Bu il aprel ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 386,8 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 89 mln. manat və ya 6,8% çoxalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə azalma qeydə alınıb. Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 113,7 mln. manat və ya 8,9% artıb, ötən ilin eyni dövrü ilə isə 171,2 mln. manat və ya 11% azalıb.

Qeyd edək ki, aprelin 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 8,9% təşkil edir ki, bu da aylıq müqayisədə 0,3% bəndi çox, illik müqayisədə isə 3% bəndi azdır.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirdi ki, əsas səbəb pandemiya ilə bağlı bir çox sahələrdə fəaliyyətin dayanmasıdır: “Mərkəzi Bankın məlumatına görə, aprel ayının 1-nə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 386 milyon manat olub. Bu isə əvvəlki ayla müqayisədə vaxtı keçmiş kreditlərin məbləğinin artması deməkdir. Mərkəzi Bankın açıqladığı statistikaya görə, 1 ay ərzində vaxtı keçmiş kreditlərin həcmi 89 milyon manat artıb. Bununla yanaşı, biz illik rəqəmləri müqayisə etsək, problemli kreditlərin həcmində azalmalar müşahidə olunur. Belə ki, 1 il əvvəl problemli kreditlərin həcmi 1 milyard 558 milyon manat idi və bu rəqəm ötən müddətdə 172 milyon manat azalıb. Ötən illə müqayisədə azalma olsa da, bu ilin yanvar, fevral və mart ayları üzrə müqayisə aparsaq, mart ayında vaxtı keçmiş kreditlərdə artım qeydə alınıb. Səbəb odur ki, pandemiya ödənişlərə təsir göstərir. Məhz bu səbəbdən Mərkəzi Bank tərəfindən həm istehlak, həm də ipoteka kreditləri üzrə vaxtı keçmiş kreditlərə faizlərin və dəbbə pullarının hesablanmaması barədə banklara tövsiyə ünvanlandı. Pandemiya 20 fəaliyyət sahəsinə və 4 sektora birbaşa təsir edib, 11 fəaliyyət sahəsində tamamən, 9 fəaliyyət sahəsində isə 70 faiz məhdudlaşmaya gətirib çıxarıb”.

V.Bayramovun sözlərinə görə, banklar Mərkəzi Bankın tövsiyələrinə əməl edərsə, postpandemiya dövründə vaxtı keçmiş kreditlərin həcmi kəskin artmaz: “Bu sektorda fəaliyyət göstərən vətəndaşların əmək haqları dövlət tərəfindən tam və ya qismən ödənilir. Eləcə də iqtisadi paket çərçivəsində 600 min vətəndaş, eləcə də sosial paket çərçivəsində daha 600 min vətəndaşa birbaşa yardım verildi. Ancaq bütün bunlarla yanaşı Mərkəzi Bank tərəfindən banklara kredit tətillərinin verilməsi tövsiyə olunur. Hesab edirik ki, banklar tərəfindən bu tövsiyələrə əməl olunacaq. Ona görə də pandemiya dövründə problemli kreditlərin həcmində artımların olması gözlənilən idi. Ona görə də Mərkəzi Bank tərəfindən 6 ay müddətində güzəşt tətbiq olunması tövsiyə olunub. Ancaq ötən ilin sonlarından bank sektoruna nəzarət tamamilə Mərkəzi Banka həvalə olunub. Mərkəzi Bank problemli kreditlərin həcminin azalması ilə bağlı fəaliyyətini daha da genişləndirə bilər. O baxımdan biz bank sektorundakı islahatları nəzərə alsaq, pandemiyadan sonrakı dövrdə vaxtı keçmiş kreditlərin həcmində yenidən azalmaların olacağı istisna edilmir”.

İqtisadçı ekspert Samir Əliyev isə “Yeni Müsavat”a danışarkən bildirdi ki, bu birbaşa pandemiyanın ortaya çıxartdığı məsələdir: “Karantin dövründə çox böyük gərginlik yaşandı. Bu, təkcə kreditlərlə bağlı deyil, əmanət qoyuluşunda da problem yaratdı. Pandemiyanın mart ayının 2-ci yarısında tətbiq edildiyinə baxmayaraq, ayın əvvəlindən müəyyən məhdudiyyətlər yaranırdı. Xüsusən də turizm sahəsində, hotelçilikdə və sair sahələrdə problemlər yaşanırdı. Ona görə də mən bu durumu pandemiyanın ilkin nəticələri kimi dəyərləndirirəm. İstər əhali, istərsə də sahibkarlar təkcə əmanətlər üzrə yox, həm də kreditlər üzrə gözləmə mövqeyində olurlar. Düşünürdülər ki, vəziyyət pisləşir və kreditlərlə bağlı güzəştlər ola bilər.

Mart ayında kredit qoyuluşu da azalıb, 60 milyon manat azalma qeydə alınıb. Aprel ayında isə daha çox azalma baş verəcək, çünki karantin tədbirləri səbəbindən tələbat da azaldı. İqtisadi aktivliyin azalması səbəbindən bank sektorunun kiçilməsinin şahidi olduq".

S.Əliyev vurğuladı ki, postpandemiya dövrü üçün sahibkarlıq kreditləri restruktruzasiya edilməlidir: “Problemli kreditlər hər zaman olub, ancaq 2015-ci il devalvasiyasından sonra daha geniş vüsət aldı. Getdikcə artmağa başladı və 14 bank bağlandı, son günlərdə də iki bank bağlandı, 2 bank da reanimasiyadadır. Onların taleyi ilə bağlı qərar verilməlidir. Problemli kreditlər mart ayında 1,4 milyarda çatıb. Halbuki 2019-cu ildə azalmağa başlayırdı. Aprel ayında da artım gözlənilir. Bu proses bank sektoruna da mənfi təsir göstərəcək. Bildiyiniz kimi, ötən il xarici valyutada olan kreditlər üzrə əhaliyə kompensasiya verildi. Ancaq sahibkarlarla bağlı bu addım atılmadı. Ona görə də problemli kreditlərin həcmində azalma olsa da, əhəmiyyətli azalma qeydə alınmadı. Problemli kreditlərin ən yüksək həddi 2018-ci ildə 1,7 milyard manat olub. İstehlak kreditləri ilə bağlı verilən qərardan sonra bu rəqəm ən yaxşı halda ötən il 1,2 milyard manata düşdü. Qalan məbləğ isə sahibkarlara məxsus kreditlərdir. Kredit portfelində hər zaman biznes kreditləri üstünlük təşkil edib. Bu da həm banklara, həm də sahibkarlıq subyektlərinə problem yaradır. Karantin səbəbindən sahibkarlıq subyektlərində işin dayanması ona gətirib çıxarır ki, sahibkarlar həm köhnə borclarını ödəyə bilmirlər, həm də üzərinə faizlər əlavə olunur. Nəticədə karantindən sonra problemli kredit borcları arta bilər. Bu mənada hökumət sahibkarların kreditlərinin restruktruzasiyası məsələsinə baxmalıdır”.

Вернуться назад