Главная > gundem / siyaset > İrəvanda “İdlibdən sonra Qarabağ” panikası hökm sürür - GƏLİŞMƏ

İrəvanda “İdlibdən sonra Qarabağ” panikası hökm sürür - GƏLİŞMƏ


12-03-2020, 15:48. Разместил: rovshen
İrəvanda “İdlibdən sonra Qarabağ” panikası hökm sürür - GƏLİŞMƏ




İşğalçı Ermənistan ordusunun son həftə ərzində Azərbaycanın Qazax rayonu istiqamətindən vəziyyəti gərginləşdirməsi nəticəsində iki hərbçimiz şəhid olub. Ötən iki həftə ərzində isə 3 hərbçimiz həlak olub. Ancaq tərəflər arasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri bu dəfə də “qınına çəkilib” prosesə seyrçi qalmağa üstünlük verdi. Belə bir vəziyyət isə danışıqlardan imtina və savaş çağırışlarının artmasına əsas yaratdı.

Belə ki, vətəndaş cəmiyyətini təmsil edən bir sıra təşkilatlar ölkə rəhbərliyinə işğalçı Ermənistanla danışıqları dayandırıb torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaşa başlamaqla bağlı müraciət edib. Əslində Azərbaycan rəhbərliyi danışıqlara sadiqlik nümayiş etdirməklə yanaşı, ziddiyyətli açıqlamaları ilə gündəm yaratmağa çalışan Ermənistan rəhbərliyi ilə təmasların perspektivsizliyinə də bir sıra hallarda işarə vurub. Ancaq rəsmi Bakı torpaqların sülh yolu ilə azad olunması imkanlarının tükənmədiyini bəyan edir. İrəvan da danışıqların alternativini görmədiyini davamlı şəkildə bildirir. Lakin Ermənistan hakimiyyəti nəticəsiz danışıqları uzatmaqla sadəcə status-kvonu saxlamağa və işğala hüquqi don geyindirməyə çalışır. “Nə hərb, nə sülh” vəziyyətinin sonsuza qədər davam etməyəcəyini isə konfliktoloqlar çox yaxşı bilirlər. 2016-cı ilin aprel döyüşləri də bu qeyri-müəyyənliyin fonunda baş vermişdi. İndiki durum da böyük müharibə ocağının hər an çatılacağı ehtimalını yaradır. Məsələ burasındadır ki, erməni snayperləri Azərbaycan hərbçilərini hədəfə alarkən bu təxribatların cavabsız qalmayacağını anlamalıdırlar.

Azərbaycan ordusu və Dövlət Sərhəd Xidmətinin qəhrəman əsgərləri də düşmənin cavabını verməkdə davam edirlər. Belə ki, bundan əvvəl düşmənə itkilər yaşadan Azərbaycan hərbçiləri martın 10-da Ermənistan ordusunun daha bir əsgərini məhv ediblər. “Yeni Müsavat” erməni mediasına istinadən bildirir ki, 10 mart, saat 15.30 radələrində Azərbaycan tərəfdən açılan cavab atəşi nəticəsində sıravi hərbçi Zöhrab Sianosyan ölümcül yaralanıb. 1984-cü ildə anadan olmu, Ermənistanın Ararat hərbi komissarlığından çağırılmış hərbçinin müqaviləli əsaslarla xidmət keçdiyi bildirilir. Düşmən hərbçi cəbhənin cənub-qərb istiqamətində məhv edilib. Hadisədən sonra Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi də həmin ünvana gedib. Hadisənin Naxçıvan Muxtar Respublikası istiqamətində baş verməsi ermənilərin təşvişini artırıb. Son günlər erməni mediası davamlı şəkildə yazır ki, Türkiyə İdlib əməliyyatlarından sonra Ermənistanla məşğul olmağa başlayacaq. Düşmən ölkə bir tərəfdən Türkiyə və Azərbaycana qarşı bir əsrdən çoxdur apardığı alçaq əks-təbliğatın və cinayətlərin bədəlini ödəyəcəyi günün gələcəyini yaxşı bilir. Digər tərəfdən, İrəvan belə hay-küy salmaqla Rusiyadan daha çox dəstək almağa çalışır. İddia olunur ki, Gümrüdəki rus hərbi bazası yalnız sərhədlərin bir hissəsini qorumağa kifayət edir. Bu yolla Ermənistan Rusiyadan əlavə hərbi dəstək almağa cəhd göstərir.

Belə bir durumda Naxçıvanda hərbi təlimlərin başlanması da düşmənin narahatlığını artırır. Məlumata görə, Naxçıvan Qarnizonu Qoşunlarının “2020-ci tədris ilinə uzlaşma planı"na əsasən, komanda-qərargah təlimi başlayıb. Müdafiə Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, ikitərəfli, üçpilləli komanda-qərargah təliminin ssenarisinə uyğun olaraq, Naxçıvan Qarnizonu Qoşunları müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilib, birləşmə və hissələr “Təlim-döyüş həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb. Təlimdə əsas diqqət düşmənin qəfil hücumunun qarşısının alınması və təxribat-diversiya qruplarının məhv edilməsi zamanı qoşunlar arasında qarşılıqlı fəaliyyətlərin idarə olunmasında qərargahların və zabitlərin peşəkarlığının artırılmasına yönəldilib. Xatırladaq ki, martın ilk həftəsində Azərbaycan ordusunun digər qoşun bölmələri hərbi təlimlər keçirmişdilər. Bütün bunlar heç şübhəsiz perspektivi olmayan danışıqların alternativ yoluna hazırlıq xarakterli təlimlərdir.

Yeri gəlmişkən, son beş ildə Ermənistan silah idxalını 415% artırıb. Bu məlumat Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqatı İnstitutunun (SİPRİ) hesabatında yer alıb. Məlumata görə, Ermənistanın idxal etdiyi silahların 94%-i Rusiyanın payına düşüb. (Axar.az)

Hesabatda Ermənistan və Azərbaycan arasında hərbi toqquşmaların artdığı, bunun da iki ölkənin silah alışını artırmasına gətirib çıxardığı vurğulanıb. SİPRİ həmçinin Azərbaycanın 2015-2019-cu illərdə aldığı silahın 2010-2014-cü illərdə idxal etdiklərindən 40% az olduğunu bildirib. Bununla belə, Azərbaycan son beş ildə aldığı silah həcminə görə Ermənistanı 3 dəfə üstələyib.

Ermənistanın Rusiyadan aldığı silahların cüzi bir hissəsi kreditlər hesabına əldə olunub. Lakin əksər silah-sursat və hərbi texnika Rusiyadan “hədiyyə” olaraq işğalçı ölkəyə göndərilib ki, bu da həmsədr ölkənin ədalətsiz yanaşmasının nəticəsidir.

Ancaq “ikili standartlar”dan yanaşan yalnız həmsədr(lər) olsaydı, nə vardı ki? Budur, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi “Freedom House” təşkilatının hesabatında Azərbaycanın işğal olunmuş əraziləri haqqında deyilənlərə dair şərh hazırlayıb. “Freedom House” tərəfindən 2020-ci ilin mart ayında yayımlanan Dünya üzrə Azadlıq Hesabatında son bir ildə dünyada baş verən bir çox proseslər, eləcə də Cənubi Qafqaz regionu ilə bağlı qiymətləndirmə aparılıb və şərh verilib. Hesabatda Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı da müəyyən fikirlər söylənilib. Belə yanaşmalara görədir ki, işğalçı dövlət və separatçı qurum daha da irəli gedərək Azərbaycanın işğal altındakı ərazilərində “prezident və parlament seçkiləri” keçirir. Martın 31-də reallaşdırılması gözlənilən bu şounu dayandırmaq üçün beynəlxalq birlik heç bir addım atmır.

“Neçə ki, biz tədbirlərimizi almamışıq, sərhəd bölgəsində erməni snayperinin gülləsinə tuş gələcək əsgərlərimiz olacaq. Azərbaycan Ermənistan tərəfindən təhdid altında saxlanılmaqdadır, bunun Rusiya siyasəti olduğunu da iddia edərdim”.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söylədi. Ekspertin sözlərinə görə, Rusiya istənilən an Azərbaycana təzyiqlərini Ermənistan vasitəsilə etmək imkanına sahibdir: “Biz bu durumu da dəyişdirmək gücündə deyilikmi? Öz torpağımızın ortasında hər gün səksəkə içində yaşamaq mümkün deyil. Antiterror əməliyyatlarına başlamaqdan başqa çarəmiz yoxdur, Ermənilərin yekə-yekə danışmasının səbəbi də üstün mövqedə olmalarıdır. Strateji yüksəkliklərin 70-80 faizi onların əlindədir. Savaş durumunda bunlar təhlükəli nəticələr verə bilər. Baxın, biz nə ilə sevinirik: Moskva Qarabağ separatçılarının Rusiyaya girişinə qadağa qoyub? Bu, nədir, diplomatik qələbədirmi? Halbuki Rusiya sərhədini keçər-keçməz onlar tutulub Azərbaycana verilsəydi, onda bunu uğur saya bilərdik. Buna qədərsə onlar Ermənistan pasportu ilə nəinki Rusiya, hətta Avropa ölkələrinə və Amerikaya da gedib gəliblər. Onlar haqqında Azərbaycanın ”qırmızı bülleteni" varmı? Bako Saakyan Amerikada qəbullarda oldu, qəbul keçirdi, neylədik ki? İndi Rusiya bizim müraciətimizləmi onları ölkəsinə buraxmır? Bu qərar separatçıların “seçkiləri” ilə də əlaqədar ola bilməz. Zənnimcə, bu, yenə Köçəryan və mühakimə olunan Sərkisyanla bağlıdır. Paşinyan Rusiyanın təkidlərinə, hətta Putinin təkidinə baxmayaraq, heç cür onlarla bağlı geri addım atmır. Məncə, Rusiya da Ermənistana təzyiq etmək üçün arada bu kimi addımları atır. Amma separatçı rejimin cəzası nədirsə, onu verməyə hazırlaşmır".

Q.Çaxmaqlı hesab edir ki, Azərbaycanın təhlükəsizliyi təhdid altındadır: “Düşmənin hansı istiqamətdən, necə hücum edəcəyi məlum deyil. Ona görə də bütün sərhəd boyu müdafiəmiz etibarlı şəkildə təşkil olunmalıdır. Münaqişə həll olunmayana qədər, Azərbaycanda erməni təhdidi aradan qalxmayana qədər bu durum bu və ya başqa şəkildə davam edəcək, şəhidlərimiz olacaq. Ermənistan tərəfi də istər-istəməz itkilər verəcək. Məncə, ermənilər düşdükləri bu durumdan çıxmaq üçün vasitə axtarırlar, amma Azərbaycan torpaqlarını boşaltmaq və təhvil vermək kimi bir düşüncələri yoxdur. Bu durumun davam etməsi üçün isə havadarlarına güvənirlər. Rusiya bizim münasibətlərdə müəyyən ”korrektələr" etmək üçün atəşkəs faktorundan istifadə edir. Bu məsələ bizə qarşı ən böyük təzyiq vasitəsidir. Qazaxda verilən şəhidlərdə Rusiyanın barmağının olmadığını kim deyə bilər?"

Politoloq hesab edir ki, son zamanlar Rusiya ilə münasibətlərimizdə soyuqluqdan istifadə edən ermənilər üzərimizə gəlir: “Həmsədrlərin bütün bunlara reaksiyasına gəlincə, bu, o zaman olacaq ki, biz onların dediklərinə əməl edək. İndiki halda həmsədr ölkələrin bizə təqdim etdikləri Yenilənmiş Madrid prinsiplərindəki maddələri qəbul etmək Dağlıq Qarabağa ”əlvida" deməyin təməlini atmaqdır. Buna haqlı olaraq getmirik".

Yazı hazırlanarkən nəhayət, həmsədr ölkələrdən birinin, Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə münasibət bildirdiyi məlum oldu. APA-nın xəbərinə görə, səfir jurnalistlərə açıqlamasında deyib ki, Fransa Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməsini dəstəkləyir. “2020-ci ildə tərəflər arasında hər hansı gərginliyin olmayacağına və danışıqların uğurla davam edəcəyinə ümid edirəm. Biz Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməsini dəstəkləməyə davam edəcəyik”, - deyə səfir qeyd edib.

Vəssalam. Yenə də şablon ifadələr, ənənəvi fikirlər. Separatçılığa və işğala qarşı sərt fikir bildirməyə ehtiyac görmürlər hələ ki. Belə vəziyyətdə isə ədalətli sülh gözləməyə dəyməz. Elə qəhrəman sərhədçilərimiz də Qazax təxribatına Naxçıvandan sərrast atəşlə düşmənə mesaj verdilər ki, ağıllarını başlarına yığsınlar. Naxçıvandan İrəvana cəmi 50 km-lik məsafə var...
Вернуться назад