Главная > gundem / iqtisadiyyat > Ərəblər xurma və dəvə südü ilə yaşaya bilsə də, Qərb neftsiz yaşaya bilməz - TƏHLİL

Ərəblər xurma və dəvə südü ilə yaşaya bilsə də, Qərb neftsiz yaşaya bilməz - TƏHLİL


11-03-2020, 19:10. Разместил: rovshen


Deyilənə görə, 1973-cü ildə ilk və son dəfə ərəb ölkələri Qərbə qarşı neft embarqosu tətbiq edəndə bu kampaniyanın təşəbbüskarı Səudiyyə Ərəbistanı kralı Faysal ABŞ-ın səfirinə məşhur sözü deyir. ABŞ-ın neft embarqosunun qarşılıqlı sanksiyalarla nəticələnəcəyi ilə bağlı hədəflərinə cavab olaraq o, “atalarımız xurma və dəvə südü ilə yaşadı, biz də elə yaşayacağıq” deyib.

Ərəblər xurma və dəvə südü ilə yaşaya bilsə də, Qərb neftsiz yaşaya bilməzdi, buna görə də neft embarqosu ərəblər üçün uğurla başa çatır. Tələblər yerinə yetirilir, neft qiymətləri isə bir neçə dəfə bahalaşır.

Lakin indi görünür ki, ərəblər yenidən xurma və südlə yaşamaq riskini gözə almırlar. Rusiya ilə anlaşa bilməyən Səudiyyə Ərəbistanı rəhbərliyi neft hasilatını artırmaqla növbəti dəfə dünyaya qarşı “qara qızıl”dan istifadə edir. Ancaq indi risk daha böyükdür. Çünki qarşısında dünyanın iki nəhəngi – ABŞ və Rusiya var.

Hər şey ondan başladı ki, martın əvvəlində OPEC və OPEC+ ölkələrinin toplantısında Səudiyyə Ərəbistanının hasilatın azaldılması yolu ilə qiymətləri sabit saxlamaq təklifi Rusiya tərəfindən dəstəklənmədi. Çünki hasilatın azaldılması onsuz da iqtisadi çətinlikləri olan Rusiya üçün əlavə yükdür. Moskva qiymətlər ucuzlaşsa da, hasilatı artırmaqda qərarlı olduğunu bəyan etdi.

Buna cavab olaraq Səudiyyə Ərəbistanının gündəlik 9,7 milyon barel neft ixracını daha da artıracağını bəyan etməsi ilə neft son illərin ən sərt ucuzlaşmasını yaşadı. 34 dollara enən “qara qızıl” dünya birjalarını çalxaladı. Məsələnin daha bir problemli tərəfi odur ki, dünyada yayılan koronavirus səbəbilə neftə tələbatın azalması müşahidə olunur. Dünyanın ən böyük neft ehtiyatlarından birinə sahib olan krallıq isə nəyin bahasına olursa-olsun gəlirlərdən məhrum olmaq istəmir. Çünki neft üzərində dayanan Səudiyyə Ərəbistanı son illərdə böyük pullar itirib.

Üstəlik, hazırda davam edən Yəmən müharibəsi və silahlanmaya ayrılan vəsaitlər ölkənin maliyyə ehtiyatlarını azaldır.

Rusiya isə öz növbəsində neft ixracını azaltmaqla gəlirlərdən məhrum olmaq istəmir. Eyni zamanda, Rusiyanın ikinci məqsədi nisbətən baha başa gələn ABŞ neftini sıradan çıxarmaqdır.

Qaya nefti istehsal edən ABŞ hazırda dünyada 3 əsas neft istehsalçısından biridir. Lakin ABŞ neftinin maya dəyəri yüksəkdir, hasilat baha başa gəlir. Bu səbəbdən də qaya neftindən əldə olunan gəlir onsuz da az idi. İndiki vəziyyətdə daha da azalır.

Son olaraq Səudiyyə Ərəbistanı OPEC+ ölkələrinin yeni toplantısının keçirilməsinə ehtiyac görmədiyini açıqlayıb. Eyni zamanda apreldən, yəni hasilatı məhdudlaşdırma ilə bağlı razılaşmanın hüquqi qüvvəsi bitdikdən sonra istehsalı 12.3 milyon barelə qaldıracağını elan edib.

Hazırkı vəziyyət istənilən halda neft istehsalçısı ölkələrinə ağır zərbə vurur. Çünki gəlirlər birdən-birə 30 faizdən çox ucuzlaşıb. Bu vəziyyətdən qazanan isə idxalçı ölkələrdir. Artıq Türkiyə yanacağın qiymətində endirimlər olacağını elan edib.

Lakin bu vəziyyətin uzun zaman davam etməsi mümkün deyil. Birincisi, ABŞ-ın dəstəyi ilə olsa belə. Səudiyyə Ərəbistanının Rusiya ilə bu şəkildə qarşıdurmaya getməsi risklidir. Hazırda Yaxın Şərqdə aktiv fəaliyyət göstərən Rusiyanın əlində Səudiyyə Ərəbistanına təsir etmək üçün bir çox vasitələr var. Yeri gəlmişkən, ötən ilin 14 sentyabrında Yəmən husilərinin Səudiyyə Ərəbistanı Dövlət Neft Şirkəti ARAMCO-nun neft terminallarını bombalaması nəticəsində krallığın gündəlik neft hasilatı 5,7 milyon barel azalmışdı. Ər-Riyad da yaxşı anlayır ki, Yaxın Şərqdə onsuz da düşməni çoxdur, Rusiyanı da düşmənləri sırasına əlavə edərsə, daha çox və ağır risklərlə üzləşə bilər.

Digər tərəfdən, hasilatın bu qədər artırılması Səudiyyə Ərəbistanının özü ilə yanaşı, müttəfiqlərini də zərbə altında qoyur. Körfəzin ərəb ölkələrinin əksəriyyətinin büdcəsini neft təyin edir. Nəhayət, bu şəkildə ucuzlaşma krallığın ən yaxın müttəfiqi ABŞ-ın maraqlarına da ziddir. Neft qiymətlərinin bu şəkildə düşməsi ABŞ-da neft ştatlarında ciddi narazılıq doğura bilər. Bu isə seçkiqabağı Tramp üçün ağır zərbə olar. Bu səbəbdən Vaşinqtonun da baş verən bu vəziyyətdən xoşhal olmadığı və problemin tezliklə aradan qaldırılması üçün qollarını çırmalayacağı aydındır.

Bu mənada neft qiymətlərinin hazırkı minimumda uzun zaman qalacağı inandırıcı deyil. Koronavirusun təsiri ilə qiymətlərin təbii azalması normal olsa da, bu şəkildə davam etməsi yuxarıda da qeyd olunduğu kimi, neft ixrac edən heç bir ölkəyə sərfəli deyil. Üstəlik, Səudiyyə Ərəbistanı bu məsələdə faktiki olaraq təklənib və 47 il əvvəl olduğu kimi arxasında ərəb və islam dünyası da yoxdur. Belə bir vəziyyətdə isə zəif dayaqları olan ölkənin uzun zaman dirənməsi mümkün deyil.
Вернуться назад