Главная > gundem / sosial > Azərbaycan cəmiyyətində qadınların payı - STATİSTİKA

Azərbaycan cəmiyyətində qadınların payı - STATİSTİKA


6-03-2020, 21:39. Разместил: rovshen


2020-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini qadınlar təşkil edib. Onların da 52,1 faizi nəsilvermə qabiliyyətinə malikdir. Ötən il doğulmuş 141,2 min körpədən 46,8 faizi qız uşaqlarının payına düşüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

İlkin məlumatlara əsasən, Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak etməklə onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 faizdir. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,7 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 54,7 faizi, həkimlərin isə 66 faizi qadınlardır.

Ümumi təhsil müəssisələrində təhsilalanların 46,7 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 64,1 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,8 faizi qızlardır.

Qeyd olunub ki, ölkədə elmi işçilərin 58,2 faizini qadınlar təşkil edir.

“Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,5 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,2 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 11-i qadındır”, - deyə məlumatda bildirilib.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən 28,5 faiz, sahibkarlar arasında isə 21,7 faizdir.

Bədən tərbiyəsi və idmanla məşğul olanların 42,6 faizi qadınlardır.
Вернуться назад