Главная > gundem / arasdirma > Ağalar Vəliyev seçkiyə necə gedir... - İLGİNC

Ağalar Vəliyev seçkiyə necə gedir... - İLGİNC


7-01-2020, 17:22. Разместил: rovshen


Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədləri hər gün ayrı- ayrılıqda heyrət doğurmaqdadır.

Milli Məclisin sonuncu tərkibinin islahatların tempinə, ruhuna uyğun gəlmədiyini əsas gətirərək parlamenti buraxmaq təşəbbüsü qaldırmış YAP-ın indiki yeni namizədləri həm əvvəlkilərdən ciddi fərqlənmir, həm də şükür etdirir.

Reportyor.info başladığı “Seçki 2020” rubrikası ilə hər araşdırmada namizədlər barədə bilinməyənləri üzə çıxarmağa çalışacaq. Rubrikanın ilk qonağı YAP-ın 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən namizədi Vəliyev Ağalar İsrəfil oğldur.

A.Vəliyev biznesmen deputat kimi tanınıb, onun yerinə başqa namizəd olacağı gözlənsə də, yenə adı YAP siyahısındadır. O, seçiciləri ilə işləməyən deputat olub.

“Azəraqrartikinti” ASC sədri olan A.Vəliyevin nəzarətində 40-dan çox şirkət var. Bakıda və Xırdalanda yeni binalar tikən “Kristal Abşeron” firması da ona məxsusdur.

Elə buna görə də A.Vəliyev 2013-cü ildə Eldar Mahmudov bandasının toruna düşəndə oradan çıxarkən “Kristal Abşeron” yaşayış binalarının aşağı mərtəbəsində bir neçə obyekt və mənzil MTN rəhbərliyinə “hədiyyə” edib.

A.Vəliyev MTN tərəfindən özünün səsyazı ilə “vurulub”. Belə ki, yaxın ətrafı ilə bir məclisdə hökumətin sahibkarlara olan münasibətindən gileylənən iş adamının səsi yazılıb. Həmin səs yazısında Ağalar Vəliyev sətiraltı ifadələrlə bir sıra tənqidlər səsləndirib.

Onu MTN-nə dəvət edərək, həmin səsyazısı qarşısına qoyulub və “müxalifətçi” ittihamı irəli sürülüb. Bu fakt qarşısında təslim olan deputatın 1 milyon pulu əlindən alınıb.

Xatırladaq ki, İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən Aybar oteli 2015-ci ildə istifadəyə verilib. Dördmərtəbəli dördulduzlu otelin sahibi Milli Məclisin deputatı, “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevdir.

Pərviz Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir. Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, betonzavodun və “MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin sahibidir.

Bundan başqa onun İSRAFİL MTK (Mirəli Qaşqay, 94 və S.Rəhman 53 ünvanında hər biri 14 mərtəbəli və 112 mənzilli olmaqla iki bina), RAHATLIQ MTK (Maliyyə Nazirliyinin arxasında, Zabitlər bağının yaxınlığında, Nəsimi rayonu, H.Sarabski 16A ünvanında) kommunal və servis xidmətləri göstərir.

“Azəraqrartikinti” ASC son bir neçə ildə büdcə vəsaitləri hesabına daha çox təmir-tikinti işləri aparan təşkilatlardan biri kimi ölkənin ən iri vergi ödəyiciləri sırasında yer alır.

A.Vəliyevin ortaqlıq etdiyi tikinti şirkətlərindən bəziləri ilə hesablaşmaqdan imtina etdiyi barədə gəzən söz-söhbətləri də nəzərə alsaq, biznes qurmağa haradan vəsait əldə etməsi barədə müəyyən qənaətə gəlmək olar.

Amma YAP belə qənaətə gəlib ki, o, yenə deputat olmalıdır və ölkədəki islahatlarla yeni Milli Məclisdə A.Vəliyevin olması düz mütənsiblik təşkil edəcək. Daha bu parlament niyə buraxılırdı…

Reportyor.info
Вернуться назад