Главная > gundem / manset > İşğaldakı rayonların başçıları gedir: biri 18, biri 27 il, biri isə… – Foto

İşğaldakı rayonların başçıları gedir: biri 18, biri 27 il, biri isə… – Foto


7-11-2019, 14:03. Разместил: rovshen


Azərbaycanın işğalda olan rayonlarının icra hakimiyyəti başçılarının bioqrafiyası adamda heyrət doğurur. Onlar İH başçısı kreslosuna elə pərçimləniblər ki, qopsalar elə bil dünya dağılar.

Hətta nazirlər, yüksək çinli məmurlar düşmən tapdağında olan bölgələrimizin icra başçıları qədər bir vəzifədə qalmayıblar.

Amma prezidentin həyata keçirdiyi genişmiqyaslı kadr dəyişiklikləri, hökumətin bankını gəncləşdirməsi siyasəti sözügedən icra hakimlərinin də gedişini şərtləndirir.

Əslində, onların vəzifədən çıxarılması gecikib, çoxdan təqaüdə göndərilməliydilər. Axı bir kresloda 20 ildən artıq necə qalmaq olar?

Elə bunun nəticəsidir ki, qaçqın regionlarımızın məcburi köçkün sakinləri daim narazıdırlar, şikayətçidirlər, məskunlaşdıqları qəsəbələrdə inkişaf yoxdur, ayda-ildə bir dəfə icra başçısının üzünü görərlər.

Reportyor.info-nun araşdırması müdhiş bir detalın üstünü açıb. Sən demə, Malik İsaqov 2001-ci ildən Qubadlının icra başçısıdır.

18 ildir ki, Malik İsaqov yerindən tərpənmir. Erməni işğalında olan Qubadlının başçısı görəsən 18 ildə nə iş görüb? – Heç nə!

Qubadlı icra başçısı deyəsən yox, həqiqətən ildə 1 gün işləyir. O da şəkil çəkdirmək üçün….Başqa günlər Malik İsaqovu çətin tapasınız. Çünki başı qarışıb öz biznesinə.

“Gözdən iraq, könüldən uzaq” olmağı bacaran icra başçısının yerinə gənc bir kadr 18 il ərzində tapılmayıb ki, Qubadlıya yeni nəfəs olsun.

Bu səfalı bölgənin rəhbəri M.İsaqov 18 illik fəaliyyəti dövründə rayonu elə idarə edib ki, büdcədən ayrılan pullar düşmən işğalında olan Qubadlının “abadlaşması” üçün xımır-xımır mənimsənilib.

Qəribədir ki, geridə qalan 18 il ərzində əksər rayonlarda icra hakimiyyəti başçıları dəyişib, əvəzlənib, yerdəyişmələr aparılıb.

Deyəsən, M.İsaqov Qubadlıya ömürlük təyin olunub. Amma prezidentin son təyinatları deməyə əsas verir ki, Qubadlıya da cavan kadr gətirilə bilər.

***

Reportyor.info-nun işğalda olan bölgələrimizlə bağlı diqqət çəkdiyi digər rayon Xocavənddir.

Eyvaz Hüseynov 1992-ci ildən Xocavəndin başçısıdır. 27 ildir ki, rayona baxır. O, Elçibəy dövründə İsa Qəmbər tərəfindən təyin edilib və bu günə kimi kreslosundan qalxmayıb. E.Hüseynovun bir rayona 27 il rəhbərlik etməsi absurd hadisədir.

Onun bu vəzifədə qalması Qarabağda döyüşməsi və Milli Qəhrəman İbad Hüseynovun qardaşı olması faktorudur. Lakin dövlət idarəçiliyi, yerli idarəetmə orqanına yanaşma belə olmamalıdır.

E.Hüseynovun qəhrəmanın qardaşı olması əsas vermir ki, 27 il Xocavəndin başçısı olsun. O baxımdan yaxın vaxtlarda sözügedən rayonun rəhbərinin də dəyişəcəyi istisna edilmir.

Uzun illərdir ki, Eyvaz Hüseynov 4 min hektar torpaq sahəsinə subsidiya yazıdırır və hər il bu yolla adı altında dövlət büdcəsindən yüz min manatlarla vəsaiti mənimsədiyi bildirilir.

Məlumatda qeyd olunur ki, Eyvaz Hüseynov müavini ilə əlbir olaraq 4 min hektar torpaq sahəsinə verilən 700 tona yaxın azot gübrəsini müxtəlif şəxslərin əli ilə Beyləqan, Ağcabədi və İmişli bazarlarına satdırıb.

Eyvaz Hüseynov vəzifəsindən istifadə edərək böyük fermerə çevrilib. Onun və qardaşlarının minlərlə qoyun-quzusu, mal-qarası, təsərrüfatı, ilxısı…var. Xırda emal sexləri açıb özü üçün. Hazırda bütün diqqətini biznesini genişləndirmək olan icra başçısının rayonu necə idarə etməsinə gəlincə isə bu sahədə durum sözün əsl mənasında bərbaddır.

***

Reportyor.info yazır ki, növbəti istefası gözlənilən Ramiz Həsənovdur. O, Zəngilanın 2011-ci ildən başçısıdır. R.Həsənov “Qaçqınkom”un keçmiş şefi Əli Həsənovun qardaşıdır.

Hakimiyyətdə mühüm postlar tutmuş Əli Həsənovun gedişindən sonra qardaşının Zəngilanın uzun müddət başçısı qalacağı bundan sonra şübhəli görünür.

Bir müddət əvvəl Ramiz Həsənovun iştirak etdiyi məclisdə qarşısına düzülmüş içkilərin fotosu yayılmışd.

Təkcə üçünün qiyməti 2500 manata yaxın idi. Azərbaycanın işğal altında olan rayonlarının icra başçılarını bəlkə çoxları tanımır.

Zəngilan rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra əhalisi əksər rayonlara yayılıb.

Məcburi köçkün həyatı, yurd həsrəti çəkən bu insanların böyük əksəriyyəti sosial-iqtisadi problemlər içində boğulur.

Zəngilanın icra başçısı Ramiz Həsənov isə rayon əhliylə nə görüşür, nə dərdlərini dinləyir, nə də problemlərinin həlli üçün addım atır.

Onun bu vəzifəyə təyinat alması da elə qardaşının sayəsində mümkün olub. Hətta toy olsa belə, icra başçısının bu qədər bahalı içkiləri qarşısına düzməsi heç bir şəkidə başadüşülən deyil.

Zəngilanın köçkünləri icra başçısının onlarla sonuncu dəfə nə zaman görüşdüyünü xatırlamırlar.

***

Nəhayət, gəlirik Aqil Məmmədova.Bəli, 2013-cü ildən Kəlbəcərin icra başçısıdır. Bu 6 ildə Gəncənin girişindəki şəhərcikdə yerləşən Kəlbəcər İH binasında oturmaqla gün keçirən Aqil Məmmədov da vəzifədən çıxarılacağı iddia edilir.

Kəlbəcərin icra başçısı özünə 130 min dollarlıq xidməti maşın alması ilə gündəmə gəlib, yəni yalnız belə tanınıb. Onun da prezidentin etimadını doğrultmadığı bildirilir.

Bir müddət əvvəl isə pul qalmaqalı ilə səs-küyə səbəb olmuşdu. Kəlbəcərdən məcburi köçkün düşən Bayramov Əli deyirdi ki, başçı 150 min AZN “atıb”.

Ümumiyyətlə, onun haqqında çoxlu neqativ xəbərlər var. İnternet resurslarında Aqil Məmmədov adı yazanda müsbət informasiya görmək olmur.

Beləliklə, prezident çevik, mobil komanda ilə işləmək istəyir. Artıq pas atmış, naftalin iyi verən, qocalmış, operativ ola bilməyən, günü kabinetdə keçən, xidməti maşından nahar etdiyi restorana, oradan iş otağına qayıdan, fəaliyyəti bundan ibarət olan məmurlarla vida mərasiminin çoxdan zamanıdır.

REPORTYOR.info
Вернуться назад