Главная > gundem / manset > “Keçən il 40 ton feyxoa yığdım, amma 4 min manat ziyana düşdüm...” - MEYVƏ BOLDUR, AMMA BAĞLARDA ÇÜRÜYÜR

“Keçən il 40 ton feyxoa yığdım, amma 4 min manat ziyana düşdüm...” - MEYVƏ BOLDUR, AMMA BAĞLARDA ÇÜRÜYÜR


26-10-2019, 12:18. Разместил: rovshen
“Keçən il 40 ton feyxoa yığdım, amma 4 min manat ziyana düşdüm...” - MEYVƏ BOLDUR, AMMA BAĞLARDA ÇÜRÜYÜR

Hazırda Azərbaycanda alma, xurma, nar və bir sıra sitrus meyvələrinin yığımı mövsümüdür. Fermerlər deyirlər ki, bu il bağlarda meyvə boldur, amma məhsulu satmaq ciddi problemdir və nəticədə bağlarda qalıb çürüyür. Xüsusən də xurma, feyxoa, alma becərən fermerlər ziyanı bəribaşdan gözə almış kimi görünürlər. Onlar məhsulun bağlardakı satış qiymətlərindən narazıdırlar və deyəsən xüsusilə feyxoa istehsalçıları bu mövsümdə gözlədikləri yüksək gəliri əldə edə bilməyəcəklər.

Bazarda 1 manat 20 qəpik, bağda 10-20 qəpik

...Bakı bazarlarında feyxoanın qiyməti bu günlərdə 80 qəpik-1 manat 50 qəpik arasında dəyişir. Fermerlər isə deyirlər ki, yerli bazara 1 manat 50 qəpiyə çıxarılan feyxoanı bağlarda ən yaxşı halda 50 qəpikdən alırlar. Amma bəzən meyvəni 5-10 qəpikdən təklif etməyə məcbur qalırlar, ən azından məhsul yerdə çürüməsin deyə.

Adının çəkilməsini istəməyən astaralı fermer deyir ki, 6 hektarlıq bağda feyxoa əkib və gübrədən tutmuş yığıma qədər təxminən 8 min manat xərcləyib. “Feyxoanın 90 faizi Rusiya bazarlarına çıxarılır, yerdə qalan 10 faiz yerli bazarlarda satılır. İndi Rusiya bazarında da feyxoa satılmır, təlabat azalıb. Yüksək keyfiyyətli feyxoanı 50 qəpikdən satırıq. Təsəvvür edin ki, 50 qəpiyin 20 qəpiyi xərclərə çıxır, hələ bunun tullantısı var”.

Fermerin sözlərinə görə, təxminən 13-14 il əvvəl feyxoa bağları salıb, çünki o vaxtlar təlabat yüksək olub. Amma illər keçdikcə vəziyyət dəyişib.

“Səbəbini dəqiq izah edə bilmərəm...”

“Səbəbin dəqiq izah edə bilməyəcəm, ya bu işlə məşğul olanların sayı artdı, bolluq olduğundan qiymət düşdü, ya da bu meyvə mətbəxtimizə daxil ola bilmədi. Hər nə səbəbdənsə təlabat get-gedə aşağı düşür. Məsələn, ötənilki mövsümdə 40 ton feyxoa yığdım, amma yenə də 4 min manat ziyana düşdüm. Bu il ötsün bir çarə düşünəcəm”,-fermer belə deyib.

Müsahibimiz onu da əlavə edib ki, nisbətən kiçik məhsulları alverçilər 10 qəpikdən alıb, zavodlara satırlar.

Lənkəranın İstisu qəsəbəsində feyxoa yetişdirən fermer Rəftarə Şükürova isə deyib ki, yerlii feyxoa sortlarını yetişdirmək daha əlverişli deyil. Buna görə də o, yeni feyxoa növləri yetişdirmək niyyətindədir. “Feyxoanın qiyməti ölçüsünə görə dəyişir. Məsələn, alma boyda, məhsuldarlığı yüksək olan feyxoalardan yetişdirmək istəyirəm”,-fermer deyir.

Qeyd edək ki, fermerlərə dövlət tərəfindən hər hektara görə 50 manat subsidiya verilir, gübrələri də güzəştli şərtlərlə alırlar.

Fermerlərdən biri isə meyvə tədarükü məntəqəsinə məhsulu 10 qəpikdən satdığını deyib və əlavə edib ki, sərf etməsə də, razılaşmalı olub. Çünkionun bağında yetişən feyxoa iri deyildi və indi bazarda belə meyvələri alan olmur. Ona görə də tədarük məntəqəsinə satıb ki, heç olmasa fəhlələrin pulunu ödəsin.

Limon: 15-i 1 manata

Digər lənkəranlı fermer Seymur Nağıyev isə bildirib ki, təkcə feyxoa deyil, limonun qiyməti də aşağıdır. Məsələn, o, 15 ədəd limonu 1 manata satır: “Nazik qabıq, sulu, eyni zamanda çıxıntılı limonlardır, buna görə ucuzdur. Təbii ki, qiymət sorta görə dəyişir. Yaxşı limon yetişdirib, 80 qəpikdən satan da var”.

Hazırda Bakı bazarlarında sitrus meyvələrindən xüsusilə portağal bahadır, qiymət 3 manat 50 qəpik-5 manat 50 qəpik arası dəyişir. Fermer əlavə edib ki, noyabrdan portağalın qiyməti aşağı düşəcək, çünki yığım mövsümü yenicə başlayıb.

Almanın alıcısı var, amma...

Bu mövsümdə almanın da qiyməti aşağıdır. Qubalı fermer Ceyhun Abdullayev deyib ki, mövsümdə 9 hektar bağdan məhsul yığacaq: “Birinci nov, yəni təmiz almanın alıcısı həmişə var. Mən təmiz almanı Rusiya bazarlarına çıxarıram. Məsələ ondadır ki, builki mövsümdə intensiv bağlardan fərqli olaraq yerli bağlarda yaxşı alma azdır. Meyvəyə xəstəlik düşür, xal düşür, qurdlayır”.

Fermerin sözlərinə görə, elə məhsul var ki, 60 qəpikdən satılır, elə məhsul da var ki tonuna cəmi 40 manat verirlər. “Fəhlə məhsulu yeşiklərə 60 qəpikdən yığır, qiymət münasib olmalıdır ki, fəhlələrin pulunu da ödəyə bilək”,-fermer vəziyyəti izah edib.

Fermerlər onu da söyləyiblər ki, təmiz alma yetişdirilməsi həm də verilən dərmanların keyfiyyətindən asılıdır. Bəzən bağları 25 dəfə dərmanlayırlar ki, istədikləri nəticəni ala bilsinlər. Çünki zərərvericilərə qarşı dərmanlar keyfiyyətsizdir.

Qeyd edək ki, Quba-Xaçmaz bölgəsində kəndli-fermerlər əsasən “Royal qala”, “Golden”, “Jonagold”, “Red Chief”, “Granny Smith”, “Fuji” kimi xaricdən gətirilən sortlara üstünlük verirlər.

“Yaxşı məhsul yetişdirənlər narazı qalmırlar”

Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov isə virtualaz.org-a deyir ki, keyfiyyətli məhsul yetişdirən fermerlər qazanc götürürlər.

Onun sözlərinə görə, xurma istehsalçıları nə məhsuldarlıqdan, nə də qiymətlərdən narazı deyillər: “Yaxşı məhsulun alıcıları həmişə olur. Fermerlər məhsulunu 60-70 qəpikdən sata bilirlər, bu isə aşağı məbləğ hesab edilmir, sərfəlidir. Azərbaycan xurmaları əsasən Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Ərəb Əmirliklərinə ixrac olunur, 114 milyon dollarlıq xurma satılıb. Bu il 200 min ton məhsulun ixrac ediləcəyi gözlənilir”.

Q.Yusifov əlavə edib ki, fermerlər keyfiyyətli məhsul üçün aqrotexniki qaydalara əməl etməlidirlər, sonradan narazı qalmasınlar.

Qeyd edək ki, hazırda xurma yığımının qızğın mövsümüdür və hər gün 3-4 min ton xurma ixrac edilir.

Ekspert isə deyib ki...

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli də meyvə-tərəvəz istehsalında vəziyyətlə bağlı danışıb. Onun sözlərinə görə, cənub bölgəsində feyxoa bağlarında monitorinq aparılıb. “Son 3 ildə feyxoa istehsalı azalır. Feyxoa yeganə sitrus meyvəsidir ki, saxlamaya qarşı davamsızdır. Məhsul yığımı iki həftəyə yekunlaşacaq. Feyxoa ölçüsünə görə qiymətləndirilir, emala gedən məhsulları bağlarda 10-15 qəpikdən alırlar. Bu məhsulu bazara çıxarsalar satılmayacaq, ona görə də fermerlər narazı qalsalar belə 15 qəpikdən alınması ədalətlidir”.

Amma ekspert hesab edib ki, yeni il ərəfəsi feyxoa bahalaşacaq, yəni yığılıb soyuducu anbarlarda saxlanılan məhsul daha yüksək qiymətə satışa çıxarılacaq. “Alma ilə bağlı vəziyyət fərqlidir, çünki alma xarici bazarlarda mövqeyin itirir. Üstəlik bağlarda itkilər çoxdur, buna görə də fermerlər məhsullarını istədikləri qiymətə sata bilmirlər. Nar və xurmaya gəldikdə, xarici bazarlarda hər iki məhsula təlabat var. Xurma artıq ixraca görə üçüncü yeri tutub”,-həmsöhbətimiz bildirir.

Ekspert deyib ki, daha ucuz məhsul almaq istəyənlər həftə sonları keçirilən yarmarkalara gedə bilərlər. Çünki fermerlərə yüksək sortlu olmasa da, təmiz məhsullarını bazarlara çıxarmağa şərait yaradılır…
Virtualaz.org
Вернуться назад