Главная > gundem / siyaset > Ermənistan “hamının hamıya” prinsipi ilə mübadiləni ləngidir - GƏLİŞMƏ

Ermənistan “hamının hamıya” prinsipi ilə mübadiləni ləngidir - GƏLİŞMƏ


7-10-2019, 18:56. Разместил: rovshen
Ermənistan “hamının hamıya” prinsipi ilə mübadiləni ləngidir - GƏLİŞMƏ7

ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti Azay Quliyev qurumun Mərakeşdə keçirilən payız sessiyasında daimi Komitənin iclasında çıxış edib. A.Quliyev çıxışında regionu narahat edən əsas məsələlərdən olan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində substantiv irəliləyişin olmamasını və problemin digər aspektlərini iştirakçıların diqqətinə çatdırıb.

O deyib ki, hazırda Moldovada Dnestryanı münaqişəsinin həlli istiqamətində, həmçinin Rusiya Federasiyası ilə Ukrayna arasındakı münasibətlərdə atılan bəzi ümidverici addımların, həm Rusiya, həm də Ukrayna tərəfdən çoxsaylı əsirlərin dəyişdirilməsinin şahidi oluruq. Ancaq təəssüf ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsbət tendensiyaların olduğunu deyə bilmərik: “Vəziyyət əksinə gündən-günə pisləşir və Ermənistan rəhbərliyinin heç bir qanuni və ya məntiqi əsası olmayan təxribatçı açıqlamaları səbəbindən danışıqlar prosesində durğunluğun şahidiyik”.

A.Quliyev bildirib ki, ATƏT PA və onun bütöv ATƏT regionunda insan hüquqlarının icra olunmasına nəzarət edən Demokratiya, İnsan hüquqları və Humanitar məsələlər üzrə Ümumi Komitəsi Rusiya və Ukraynanın bu yaxınlıqda həyata keçirdiyi kimi, əsirlərin dəyişdirilməsi məsələsini diqqət mərkəzinə gətirməlidir. Ermənistan yenə də beynəlxalq təcrübəyə göz yumaraq Dilqəm Əsgərov və Şahbaz Quliyevi geri qaytarmaqdan imtina edir.

ATƏT PA-nın vitse-prezidenti vurğulayıb ki, Azərbaycan “hamının hamıya” prinsipi əsasında əsir və girovların mübadiləsinə dair təşəbbüslə çıxış edib. Beş ildən çoxdur ki, sadəcə olaraq valideynlərinin məzarını ziyarət etmək istəmiş iki azərbaycanlı mülki şəxs-Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal olunmuş ərazilərində girov qismində saxlanılır. Girovların məsələsi ötən həftənin sonunda daha bir böyük beynəlxalq tədbirdə də qaldırılıb. Belə ki, Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov Londonda keçirilən beynəlxalq insan haqları konfransında iştirak edib. Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının dəstəyi ilə baş tutan “Hərbi münaqişələr, sülh və insan haqları” adlı beynəlxalq konfransda dünyadakı münaqişə ocaqları, müharibə zonaları, mülki şəxslərin hüquqları və sülh təşəbbüsləri barədə məruzələr dinlənilib. Bu barədə Əhməd Şahidov “Yeni Müsavat”a məlumat verib.

“Münaqişələrin humanitar fəsadları” adlı paneldə çıxış edən hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə geniş məruzə edib, Ermənistanın işğalçılıq siyasəti və beynəlxalq qanunvericilik haqqında danışıb və bu münaqişədən ən çox əziyyət çəkən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlər, habelə azərbaycanlı əsir və girovlar barədə məlumat verib. Mülki girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında danışan hüquq müdafiəçisi Əhməd Şahidov rəsmi Yerevanın son 6 ildə heç bir beynəlxalq çağırışlara məhəl qoymadığını və mülki şəxsləri girov saxladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb: “1988-ci ildən bəri Azərbaycan müharibə şəraitindədir. Ümumi ərazilərimizin 20 faizini itirmişik ki, bu da beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. 1 milyon insanımız məcburi köçkün vəziyyətində yaşamaqdadır.

Bu münaqişədən əziyyət çəkən digər bir qrup insanlar isə əsir və girovlarımızdır. Bugünə kimi 3888 nəfər azərbaycanlı Dağlıq Qarabağ münaqişəsi zamanı əsir, itkin düşmüş və girov götürülmüş sayılır və onların taleyindən heç bir məlumat yoxdur. 2014-cü ildə isə digər 2 nəfər azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni hərbçiləri tərəfindən girov götürülüb. 6 ildir ki, həmin şəxslərin hüquqlarını qoruyuruq və bütün beynəlxalq platformalarda onların azadlığa çıxması üçün çalışırıq. Bugün rəsmi Bakı humanist bir təkliflə çıxış etməkdədir və əsir və girovların ”Hamının hamıya" prinsipi ilə dəyişdirilməsini təklif edir. Sizlərdən də xahiş edirəm ki, bu humanist təşəbbüsə dəstək göstərəsiniz. Çünki, Azərbaycan humanist və sülhsevər bir ölkədir. Biz müharibə istəmirik, sülh istəyirik. Hüquqa, ədalətə və birgə yaşayışa söykənən sülhün tərəfdarıyıq".

Daha sonra hüquq müdafiəçisi Ə.Şahidov konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırılıb və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumat verib.
Вернуться назад