Главная > gundem / manset > Daha bir milyonçu Bakı türməsində - hüquq müdafiəçiləri onu müdafiə edəcəkmi?

Daha bir milyonçu Bakı türməsində - hüquq müdafiəçiləri onu müdafiə edəcəkmi?


3-10-2019, 14:25. Разместил: rovshen
Daha bir milyonçu Bakı türməsində - hüquq müdafiəçiləri onu müdafiə edəcəkmi?

Oktyabrın 1-də Bakı Hərbi Məhkəməsində “Quska” ləqəbli keçmiş deputat Hüseyn Abdullayev 6 il müddətində azadlıqdan məhrum edildi. Onunla bərabər ittiham edilən Namiq Babayev 4 il, Nazim Əliyev 3 il cəza aldı. Eyni zamanda, sabiq deputatın anası Zeynəb Abdullayeva 4 min manat cərimə olunub.

Məlumat üçün bildirək ki, “Quska” ötən ilin aprelində Türkiyədə saxlanılaraq, Azərbaycana ekstradisiya olunub. 2013-cu ilin iyunundan Azərbaycan tərəfindən İnterpol xətti ilə axtarışa verilən sabiq deputat vergi cinayətlərində suçlanır. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə ittiham elan edilib.

Bu, onun ilk həbsi deyil. Belə ki, 2007-ci ildə Hüseyn Abdullayev parlament üzvü olarkən iclaslardan birində deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə mübahisə edib əlbəyaxa olmuş, bunun ardınca sonuncunun şikayəti əsasında həbsə salınmışdı. Lakin həmin vaxt “Quska” həbsxana ilə tez vidalaşmış, iki il şərti cəza alaraq məhkəmə salonundan azad ediləndən sonra xarici ölkəyə köçmüşdü. O, Almaniya hökumətindən sığınacaq almışdı.

Ona verilən 6 illik cəza ətrafında fərqli fikirlər meydana çıxıb. Çoxları bu cəzadan artığını gözləyirdi. Çünki ittiham edildiyi maddələr və hakimiyyətin ona olan qəzəbli münasibəti göz qabağında idi. Belə düşüncələr var ki, sabiq deputat bu dəfə də həbsxanada çox qalmayacaq. Hətta onun Apelyasiya Məhkəməsində cəzasından il və ya illərin çıxıla biləcəyi ehtimal edilir. 1/3-lə isə H.Abdullayevin azadlığa çıxma şansları yüksək dəyərləndirilir. Cəzası yüngülləşdirilməsə belə gələn ayın aprelində həbsinin iki ili tamam olacaq. Bundan əlavə, ikinci həbs həyatı yaşamasının işində müsbət rol oynaya biləcəyi də qeyd olunur.

Hüquq müdafiəçilərinin onunla bağlı davranışlarının necə olacağı da suallar sırasındadır. 12 il öncəki həbsi zamanı əksər hüquq müdafiəçiləri onu müdafiə etmişdi. Bu dəfə isə hələ ki bunu müşahidə etmirik. Doğrudur, siyasi məhbus siyahıları hazırlayan bəzi qurumlar onun da adını siyahılarına salıblar. Amma heç kəsə sirr deyil ki, belə adlar daha çox siyahıların şişirdilməsi baxımından salınır.

Hüquq müdafiəçisi Səidə Qocamanlı məsələ ilə bağlı bir qədər ümidli danışdı: “Bu, Hüseyn Abdullayevin artıq ikinci həbsidir. Xatırlayırsınızsa, ilk dəfə o, 2007-ci ildə həbs edilmişdi. O zaman bizim monitorinq qrupumuz onun müdafiəsinə qalxmışdı. Həmin vaxt o deputat idi. Biz onun məsələsini Avropa Şurasının bir sessiyasında da qaldırmışdıq. Həbsxanada o qədər də çox qalmadı. İndiki dövrdə bu məsələ çox uzun çəkir. Özünüz gördünüz ki, istintaqı çox uzun çəkdi. Məhkəmənin özü kifayət qədər vaxt apardı. Bu məsələdə Hüseyn Abdullayevin tək özü deyil, onun anası və digərləri də ittiham olunaraq məhkəməyə cəlb olundular. Bu iş ciddi şəkildə araşdırma tələb edir. Araşdırmanı biz aparacağıq. Bir məsələ var ki, hələ qarşıda Apelyasiya Məhkəməsi var. Bu məhkəmənin də qərarını gözləmək lazımdır. Onun adının bəzi siyahılara siyasi məhbus kimi salınmasına gəlincə, deyə bilərəm ki, bu işə siyasi don geyindirməyin tərəfdarı deyiləm. Çünki burada başqa məqamlar var. Bayaq dediyim kimi, öncəliklə araşdırıb bilməliyik. Mənə indi bu işlə bağlı nələrisə demək çox çətindir. Apelyasiya Məhkəməsində onun cəzası bir qədər azaldıla bilər. Açığı, mən də bunu gözləyirəm. Bəlkə onun həbsxanada qaldığı müddəti də nəzərə alsalar, o, qısa müddətdə azadlığa buraxıla bilər. Ona görə deyirəm ki, Apelyasiya Məhkəməsini gözləmək lazımdır. Gözləməkdən əlavə, bu işə araşdırma ilə müdaxilə edə bilərik ki, bu işin kökündə nələr durur. İndidən qəti söz deməyə tələsmək olmaz - baxmayaraq ki, zaman var idi, o, bizi mitinqlərdə döydürürdü, onu bu həyatda ən müxtəlif rakurslarda görmüşük. Həm onun meydandakı fəaliyyəti ilə, həm onu bəstəkar, həm də deputat kimi görmüşük. Onun azadlığa buraxılması daha məqsədəuyğun olar”.

Hüquq müdafiəçisi H.Abdullayevin ikinci dəfə həbsxana həyatı yaşamasının işinə müsbət təsir edə biləcəyini düşünür: “Bu, əlbəttə, təsirsiz ötüşməyə bilər. Amma Hüseynin özündən də bir çox şeylər asılıdır. Məsələn, o, müraciət etsə, cəzası bir qədər yüngülləşə bilər. Onu da etiraf edim ki, Hüseynin tərcümeyi-halındakı bəzi xoşagəlməyən hallara baxmayaraq, o, vətənpərvər oğlandır. Gəlin bunu unutmayaq. Yadımdadır ki, onu bir dəfə təsadüfən Almaniyada hava limanında gördüm. Onun bizi görüb necə vətən deyə-deyə yaxınlaşdığını unutmamışam. Bizim simamızda o, vətəni görmüşdü. Onun ifadələrini, bizə yanaşmasını hər zaman duyğusal anlarla yada salıram. Bu işin yüngülləşməsi, Hüseynin azadlığa buraxılması ilə cəmiyyətə heç bir zərər gəlməz”.
“Yeni Müsavat”
Вернуться назад