Главная > gundem / ust > Paytaxt Bakı iki mühüm tədbirə ev sahibliyi edəcək

Paytaxt Bakı iki mühüm tədbirə ev sahibliyi edəcək


24-09-2019, 17:45. Разместил: rovshen


28 sentyabr - 4 oktyabr tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) təşkilatçılığı ilə Azərbaycan paytaxtında “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı keçiriləcək.

İdarədən verilən məlumata görə, bu festival çərçivəsində sentyabrın 29-30-da “İslam Dünyasında İncəsənət və Sənətkarlığın İnkişaf Perspektivləri” adlı I Bakı Beynəlxalq Konqresi təşkil olunacaq. İçərişəhər İdarəsinin təşkilatçılığı ilə keçiriləcək tədbirlərin əsas məqsədlərindən biri iştirakçı ölkələrin diqqətini Azərbaycanın zəngin sənətkarlıq tarixinə cəlb etmək, xalqımızın mədəni-mənəvi irsini dünyaya tanıtmaqdır.

“İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” konqresində İslam Şərqinin 35 ölkəsindən dövlət orqanlarının nümayəndələri, alimlər, xalq yaradıcılığı sənətkarları, ekspertlər, biznes, beynəlxalq, qeyri-hökumət və ictimai təşkilatların təmsilçiləri iştirak edəcəklər.

İki gün davam edəcək Konqresin mədəni proqramı çərçivəsində paytaxt muzeylərinə və Abşeron abidələrinə ziyarətlər nəzərdə tutulub.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi ilə İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzi (IRCICA) arasında qarşılıqlı əməkdaşlığa dair 2018-ci il noyabrın 26-da İstanbul şəhərində müqavilə, cari ilin 2 may tarixində isə Bakıda memorandum imzalanmışdır. İslam Əməkdaşlığı Təşkilatının qurumu olan IRCICA 1980-ci ildən fəaliyyət göstərir. Qısa zaman ərzində dünyanın mötəbər təşkilatına çevrilən qurum hazırda 56 islam ölkəsini öz ətrafında birləşdirir.
Вернуться назад