Главная > gundem / dunya > “Azərbaycan hərbi hərəkətə keçəcəksə, Paşinyanın sonu olacaq” - GƏLİŞMƏ

“Azərbaycan hərbi hərəkətə keçəcəksə, Paşinyanın sonu olacaq” - GƏLİŞMƏ


3-09-2019, 12:44. Разместил: rovshen
“Azərbaycan hərbi hərəkətə keçəcəksə, Paşinyanın sonu olacaq” - GƏLİŞMƏ

Hakimiyyətə gələndən bəri ziddiyyətli bəyanatları ilə diqqəti özünə cəlb etməyə çalışan Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə də fərqli qiyafədə görünməyə cəhd edib. O, növbəti dəfə Qarabağ münaqişəsinin həlli yollarından danışarkən bu utopik tezisi irəli sürüb.

Paşinyanın sözlərinə görə, ermənilər elə birlik və güc nümayiş etdirməlidir ki, istənilən mümkün düşmən Ermənistana qarşı hərbi addımlardan bəribaşdan imtina etsin. Bundan əvvəl N.Paşinyan Xankəndində çıxışı zamanı “Qarabağ Ermənistandır. Nöqtə” demişdi və Ermənistanın 2050-ci ilə qədər elə inkişaf hədəflərini açıqlamışdı ki, hətta öz tərəfdarları belə ona inanmamışdı. Bura Ermənistan əhalisinin 4 milyon nəfər çatdırılması, maaşların, ÜDM-in, səhiyyə və hərbi xərclərin 10 dəfəyədək artırılması kimi utopik məqsədlər daxil idi. Paşinyan bu fantastik hədəflərə necə çatmaq yolları barədə heç nə söyləməmişdi. Virtualaz.org xəbər verir ki, bir neçə gün əvvəl Paşinyan guya münaqişənin etimologiyasını əsaslandıra bilmək üçün Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxmasını Azərbaycan SSR-in SSRİ-nin tərkibindən çıxması ilə müqayisə etmişdi. Hansı ki, sovet dövründə heç bir muxtariyyətə daxil olduğu respublikanın tərkibindən çıxmaq hüququ verilməmişdi.

Müttəfiq respublikalar isə SSRİ-nin tərkibindən çıxmaq hüququna formal da olsa malik idilər. İndi isə Paşinyan Fransada nəşr edilən erməni jurnalı “Nouvelle d’Armenie”ə verdiyi müsahibədə deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə hərbi və ya diplomatik müstəvidə mümkün deyil. “Bizdə münaqişə var və o nizamlanmayıb. Əgər biz xalqıqsa və strateji düşüncəyə malikiksə, hansı ki, mən buna əminəm, o zaman biz məsələni qısa müddətdə, bir neçə günə həll edə bilmərik. Qarabağ məsələsinin həlli üçün ölkənin potensialının konsolidasiyası lazımdır. İlk növbədə zəruridir ki, Ermənistan iqtisadiyyatı və cəmiyyəti rəqabət qabiliyyətli olsun, daimi inkişaf yoluna çıxsın”, o deyib. Onun sözlərinə görə, məsələnin həlli üçün geniş kombinasiya lazımdır, bunun mərkəzində isə rəqabət qabiliyyətli iqtisadiyyat, güclü cəmiyyət və yüksək texnologiyalar dayanmalıdır. “İdeya bundan ibarətdir ki, bizim mümkün rəqiblərimizə bunu nümayiş etdirək: xalq olaraq biz o qədər birik və cəmiyyət olaraq o qədər səfərbər olunmuşuq ki, dövlət kimi o qədər güclüyük ki, bizimlə döyüşmək mənasızdır, çünki bunun yeganə nəticəsi məğlubiyyət olacaq”,- Nikol belə deyib.

Qeyd etdiyimiz kimi, Paşinyanın hakimiyyətə gəlişindən bu yana Qarabağ məsələsinə dair çox vaxt bir-birini təkzib edən, əsasən pafosa və əlçatmaz xəyallara söykənən tezisləri artıq onun qeyri-ciddi siyasətçi obrazının formalaşmasına səbəb olub. Ermənistan hakimiyyətinin ziddiyyətli bəyanatları və sülh danışıqlarını pozmağa yönəlik fəaliyyətinə ATƏT-in Minsk Qrupunun həmsədrləri biganəlik nümayiş etdirməkdədir.

ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun əvvəlində Azərbaycanın işğal altında saxlanılan Xankəndində keçirilən “ümumerməni oyunları” tədbirində çıxışı zamanı “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatına münasibət bildirib. Səfir jurnalistlərə açıqlamasında şiddəti pislədiyini vurğulayıb. “Biz həmişə hər iki tərəfi şiddəti təbliğ edən və gərginliyi artıran ritorikadan uzaq olmağa çağırırıq. Biz səbirsizliklə tezliklə iki ölkənin xarici işlər nazirlərinin görüşünü gözləyirik, ümid edirəm ki, sentyabrda baş tutacaq. Bu dialoq prosesinin davamı olacaq ki, biz də tərəfləri buna diqqət yönəltməyə çağırırıq”, - deyə səfir əlavə edib. Ancaq N.Paşinyanın radikal mövqeyinə paytaxtlardan sərt təpki verilməməsi onu öz mövqeyində daha da uzaqlara getməyə həvəsləndirir. Bu kimi destruktiv mövqe isə sonda heç şübhəsiz ki, atəşkəsin pozulması və böyük faciələrə səbəb ola biləcək savaşın başlanmasına gətirib çıxaracaq.

Rəsmi Bakı isə davamlı şəkildə Ermənistanın təxribatçı mövqeyinə beynəlxalq aləmin diqqətini çəkməyə çalışır. Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz twitter səhifəsində yazıb ki, XXI əsrdə Azərbaycan xalqı hələ də Ermənistanın yürütdüyü işğal siyasətindən əziyyət çəkir. H.Hacıyev ardınca qeyd edib: “01.09.1939 - tarixin ən qanlı müharibəsi olan II Dünya müharibəsi başlayıb. XXI əsrdə Azərbaycan xalqı Ermənistanın yürütdüyü, bu yaxınlarda baş nazir səviyyəsində bir daha təsdiq edilən, II Dünya müharibəsinə xas olan işğal, anneksiya, anşlüz kimi siyasətdən əziyyət çəkir”.

Ermənistanın baş naziri isə özünü “sülh göyərçini” kimi təqdim etməkdən də utanmır. Onun növbəti açıqlamaları da bunu təsdiqləyir. “İndi Dağlıq Qarabağ münaqişəsinin həlli və bölgədə sülhə nail olma yolları barədə fikirlərimizi ifadə edən formulumuz var. Ermənistan Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanla deeskalasiya formulunu açıq şəkildə bəyan edib. Dağlıq Qarabağ münaqişəsinin tam həlli üçün bölgədə təhlükəsizlik yaratmaq niyyətindəyik. Birincisi, ilk növbədə, Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqı üçün məqbul bir formul ortaya qoymalıyıq” - Paşinyan İranın “Etimad” qəzetinə müsahibəsində bildirib. Paşinyan müsahibəsinin davamında deyib: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ikinci prinsip ondan ibarətdir ki, münaqişə dinc vasitələrlə və dialoq yolu ilə həll olunmalıdır. Mən ilk Ermənistan rəhbəriyəm ki, Dağlıq Qarabağ münaqişəsini müsbət yanaşma, üç ölkənin (Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ) 100%-lik iştirakı və hər üçünün də müsbət cavab verməsi şərtilə həllini təklif etmişəm. Vurğulamalı olduğum digər bir məqam budur ki, Dağlıq Qarabağ münaqişəsinin istənilən həllində müəyyən rasionallıq və məntiq olmalıdır. Hər kəs həqiqətən bu vəziyyətdə mübahisəni həll etmək istəyirsə, əvvəllər qeyd etdiyim iki prinsipi nəzərə almalıdır. Bugünkü dünyada təqdim olunan həll yolu və ya bu həll prinsipləri tərəflərdən biri üçün qəbuledilməz və ya məqbul olmadığı təqdirdə, heç bir mübahisə istənilən səviyyədə həll edilə bilməz”. Paşinyan deyib ki, o, şəxsən Azərbaycan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin vahid formulla həllinə dair təkliflərini bölüşüb: “Təəssüf ki, Azərbaycan Respublikası mediada Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif etdiyi formulla razılaşıb-razılaşmadığı və bu məsələ ilə bağlı ciddi danışıqlara başlamağa hazır olub-olmadığı barədə açıq fikir bildirməyib. Hər dəfə qarşı tərəf danışıqlar aparmağa hazır olduğunu bildirdikdə, münaqişənin həllində azca uğur əldə etdiyimizi iddia edə bilərik”.

Strateq.az-ın xəbərinə görə, Ermənistan baş naziri Türkiyə ilə münasibətlərə də toxunub: “Artıq bəyan edirəm ki, Ermənistan hökuməti Türkiyə hökuməti ilə diplomatik münasibətlər qurmağa hazırdır. Ancaq ön şərt olmadan. Məsələ burasındadır ki, Türkiyə Ermənistanla münasibətləri də Ermənistanla Azərbaycan arasındakı münasibətlərdən asılıdır”. N.Paşinyan bir sıra absurd fikirlər də səsləndirib. Sanki Ermənistan Azərbaycanın deyil, Azərbaycan Ermənistanın ərazilərini işğalda saxlayır. Üstəlik, İrəvan Türkiyəni də ittiham edəcək qədər həyasızlıq nümayiş etdirib.

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a dedi ki, Ermənistan rəhbərliyi regionda sürətlə dəyişən geosiyasi mənzərəni və Azərbaycanın hərbi imkanlarını görmür, çünki reallıq hissini itirib: “Bu gün Azərbaycan demək olar ki, Cənubi Qafqazda Qərbin əsas tərəfdaşı olmaqla yanaşı, Rusiya və ABŞ-ın toqquşan maraqları fonunda öz siyasi-hərbi siyasətini kifayət qədər inkişaf etdirib. Bu da Ermənistan üzərində psixoloji qələbədir. Paşinyan məhz bu aspektdən artıq Ermənistanın Azərbaycanla bacara bilməyəcəyi vurğusunu ortaya atır. Onun Qarabağ münaqişəsi ilə bağlı qeyd etdikləri birbaşa Rusiya XİN-in təlimatları əsasındadır. Bu adam o qədər primitiv düşüncəyə sahibdir ki, Azərbaycan prezidenti ilə görüşlərində şifahi razılaşmaların üstündən xətt çəkir və adı siyasi qabiliyyətdən aşağı olduğunu göstərir. Bu adamlarla danışıqlarda biz heç vaxt Qarabağla bağlı müsbət nəticə əldə edə bilməyəcəyik. Birmənalı şəkildə Paşinyan müstəqil deyil. Artıq onun bu ritorikaları daxili siyasi və iqtisadi problemlərdən yaxa qurtarmağa hesablanıb. İl yarımdan çoxdur ki, inqilab ölkəyə müsbət dəyişikliklər gətirməyib, daha da Qarabağ müharibəsini alovlandıracaq siyasət ortaya çıxıb. Bu da Ermənistan cəmiyyətinin rahat şəkildə idarə edilməsinə gətirir”.

Politoloq atılması zəruri olan addımlardan danışdı: “Azərbaycan Paşinyanın bu çıxışları əsasında Minsk Qrupunun üzvlərinə məlumat verməli, preventiv addımlar atmalıdır. Onun ”miatsum" və digər bəyanatlarından aydın olur ki, ötən ildən fərqli olaraq, Paşinyan ciddi təzyiq edilib, o, Qarabağla bağlı güzəştsiz siyasət sərgiləyir. Azərbaycan hərbi hərəkətə keçəcəksə, Paşinyanın sonu olacaq. Onun Ermənistan cəmiyyətinin birlik və inkişafı barədə dedikləri populizmə əsaslanır. O, çalışır ki, Qarabağ münaqişəsində birbaşa danışıqlar olmasın və uzun illər boyu Fələstin münaqişəsi məsələsi müstəvisinə gətirsin". M.Əsədullazadə sərt qərarların tərəfdarıdır: “Əgər İrəvan danışıqlardan yayınırsa, Azərbaycan işğalçı qüvvələrə iki raket atmaqla onu panikaya sala və masa arxasına gətirə bilər. Hesab edirəm ki, bundan sonra vaxt güzəştinə ehtiyac yoxdur. Moskva və Ankaranı da prosesə cəlb etməklə yeni danışıqlara başlamaq lazımdır”.

İrəvanın təxribatçı davranışları bəyanatlarla bitmir. İşğalçı ölkənin müdafiə naziri David Tonoyanın Qarabağa gəlməsi, buradakı işğalçı hərbçilərə təlimatlar verməsi, həmçinin 2 sentyabrda separatçıların “müstəqillik” tədbirlərini keçirməsi, digər özbaşınalıqlar Azərbaycanı sərt addımlara vadar edir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmələrin komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, müşavirə Mərkəzi Komanda Məntəqəsində reallaşıb. General-polkovnik Z.Həsənov həmçinin dağlıq və çətin relyefli ərazilərdə döyüş növbətçiliyi aparan bölmələr üçün maddi-texniki təminat ehtiyatlarının yaradılması, hərbi qulluqçuların təhlükəsizliyinin təmin edilməsi, mövqelərdə, strateji kommunikasiya xətlərində, daşınma yollarında mühəndis-istehkam işlərinin daha keyfiyyətli aparılması və digər vacib məsələlərlə əlaqədar vəzifəli şəxslərə müvafiq göstərişlər verib. Sonda müdafiə naziri qarşıdakı aylarda Azərbaycanda keçirilməsi nəzərdə tutulan beynəlxalq və cəbhəboyu zonada yerləşən hərbi hissələrdə planlaşdırılan digər genişmiqyaslı təlimlərə hazırlıqla bağlı əmr və sərəncamların yüksək səviyyədə icrasını tələb edib. Sentyabrın ilk yarısında isə Azərbaycan-Türkiyə-Gürcüstan hərbçilərinin birgə təlimləri də keçiriləcək. Ermənistan bu hərbi təlimlərdən möhkəm dilxor olub və erməni mediasında Tiflisi qıcıqlandıracaq təxribatçı yazılar dərc olunmaqdadır.
Вернуться назад