Главная > gundem / iqtisadiyyat > Azərbaycanda daxili bazar araşdırmalarına xarici şirkətlər cəlb edilə bilər

Azərbaycanda daxili bazar araşdırmalarına xarici şirkətlər cəlb edilə bilər


28-08-2019, 15:00. Разместил: rovshen

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərindən müraciətlərin qəbuluna başlanılıb.

KOBİA-dan “Report”a verilən məlumata görə, daxil olmuş müraciətlərə əsasən müvafiq bazar araşdırmalarının KOBİA-nın sifarişilə ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslər, o cümlədən konsaltinq şirkətləri tərəfindən hazırlanması nəzərdə tutulur.

Bu məqsədlə bu gün KOBİA-da yerli və xarici hüquqi və fiziki şəxslərin daxili bazar araşdırmaları ilə bağlı məlumatlandırılması üçün tədbir keçirilib. Yerli və xarici məsləhətçi şirkətlərin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbirdə daxili bazar araşdırmalarının aparılmasına dair tələblər və qiymətləndirmə meyarları barədə ətraflı məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə qeyd edilib ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaların icrasının təmin edilməsi məqsədilə KOBİA-da təşkilati işlər yekunlaşdırılıb və sahibkarlardan müraciətlərin qəbuluna başlanılıb. Diqqətə çatdırılıb ki, daxili bazar araşdırmaları KOB subyektlərinin fəaliyyətinin genişləndirilməsi, eləcə də yeni məhsulun və ya xidmətin yaradılması və inkişaf etdirilməsi sahəsində daxili bazarın mövcud vəziyyətinin müəyyən edilməsi istiqamətində həyata keçirilən fəaliyyətdir.

Daxili bazar araşdırmalarının hazırlanması üçün yerli və xarici hüquqi və fiziki şəxslər (fərdi sahibkarlar), o cümlədən universitetlər, institutlar, xüsusi araşdırma və təhlil mərkəzləri, məsləhətçi şirkətlər cəlb ediləcəkdir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə aparılan daxili bazar araşdırmasına çəkilən xərcin isə 50%-i dövlət tərəfindən qarşılanacaq. Ümumilikdə isə hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödəniləcək dəstək məbləği 20 min manata qədər olacaqdır. Daxili bazar araşdırmaları ilə bağlı mikro, kiçik və orta sahibkarlar ətraflı məlumatı və müraciət üçün ərizə formasını KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsindən əldə edə bilərlər.


Вернуться назад