Главная > gundem / siyaset > Qarabağ düyününə vurulan düyün: müharibənin tətiyi çəkilir? - TƏHLİL

Qarabağ düyününə vurulan düyün: müharibənin tətiyi çəkilir? - TƏHLİL


17-08-2019, 11:25. Разместил: rovshen
Qarabağ düyününə vurulan düyün: müharibənin tətiyi çəkilir? - TƏHLİL

Ermənistan rəsmilərinin son təxribatçı bəyanatları Dağlıq Qarabağa dair sülh danışıqlarını davam etdirib-etdirməməklə bağlı sualı bütün ciddiliyi ilə gündəmə gətirib. Maraqlıdır ki, problemin həlli üçün görəvli olan ATƏT-in Minsk Qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri hələ də “Dağlıq Qarabağ Ermənistanındır. Nöqtə” avantürasına reaksiya verməyiblər. Bu da faktiki şəkildə işğalçını şirnikləndirən yanaşma sayıla bilər.

Artıq rəsmi Bakı məsələyə öz münasibətini bildirib. İrəvan yetkililərinin - baş nazir Nikol Paşinyan və xarici işlər naziri Zoqrab Mnatsakanyanın bu açıqlamalarının olduqca riskli, bölgədə yeni savaşa təhrik edən mövqe olduğu barədə xəbərdarlıq edilib. Əslində indi elə bir vəziyyət yaranıb ki, müharibənin tətiyi hər an çəkilə bilər. Buna görə də artıq bir tərəf suçlu olacaq - özünün təxribatçı hərəkətləri ilə Qarabağ düyününə yeni düyünlər vuran işğalçı Ermənistan.

Lakin həmsədrlərdən “miatsum” sərsəmləməsinə reaksiya gəlməsə də obyektiv düşüncəli əcnəbi şərhçilər İrəvan rəsmilərinin bu qəbildən bəyanatlarını təhlükəli, sülh prosesinə ciddi zərbə hesab etməklə yanaşı, ölkəmizin ərazi bütövlüyünü müdafiə edən açıqlamalar verirlər. O sırada rusiyalı tanınmış ictimai xadim, Moskvadakı Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Sergey Markov Real TV-yə müsahibəsində deyib ki, “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.

*****

Bu arada Azərbaycan özünün hərbi qüdrətini artırmaqda davam edir. Ermənistanın kövrək danışıqlar prosesini də torpedaladığı indiki həssas vaxtda hərbi faktor şübhə yox ki, xüsusi önəm kəsb edir. Bu və digər səbəbdən Bakı silahlı qüvvələrimizin hərbi və döyüş hazırlığına diqqəti daha da artırıb. Bura yeni texnikaların alınması və mümkün dərəcədə onların yerli istehsalını təşkil eləmək də daxildir.

Məsələn, bu günlərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaranmasının 100 illiyi ilə bağlı Bakıda keçirilən hərbi sərgidə “Harop” adlanan pilotsuz uçuş aparatlarının (PUA) buraxıcı qurğusu nümayiş etdirilib. Məlumatına görə, “Maz” markalı zirehli avtomobildə yerləşdirilən qurğu 12 ədəd pilotsuz uçuş aparatını daşıya və havaya buraxa bilir. Qurğu yerləşdirildiyi avtomobildə 45 dərəcə bucaq altında hərəkət edir. Qurğuda İsrail istehsalı olan pilotsuz uçuş aparatı yerləşdirilə bilir. Qurğu döyüşə hazır vəziyyətə gətirilərkən 9 dəqiqə ərzində öz-özünü test edir və döyüşə hazır olub-olmaması barədə komanda verir. Özünütest zamanı hansısa aparat və ya cihazda nasazlıq aşkarlanacağı təqdirdə qurğu avtomatik bloklanır.

Maşında yerləşdirilən PUA 200 kilometr məsafədən idarə olunur. PUA hədəfi izləyir, yerini müəyyən edir və komanda vasitəsilə hücuma keçir. PUA hədəfi 100 faiz vurmağa qadirdir. Aparat 16 min metr hündürlükdə uçduğundan düşmənin onu görməsi, müəyyən edib vurması qeyri-mümkündür. Qeyd edək ki, “Harop” 2016-cı ilin aprel döyüşlərində istifadə olunub və 100 faiz uğur əldə edib.

*****

Azərbaycan özünün hərbi potensialını artırmaq üçün təbii ki, 1 nömrəli müttəfiqimiz qardaş Türkiyə ilə əlaqələrə və onun döyüş təcrübəsinə məxsusi önəm verir. İki ölkə arasında müntəzəm şəkildə həm Azərbaycan, həm də Türkiyə ərazisində birgə hərbi təlimlər keçirilir. Qardaş dövlət Azərbaycanın mühüm silah tədarükçülərindən biridir. Türkiyə ələlxüsus da Naxçıvanın təhlükəsizliyinin gücləndirilməsi yönündə gərəkən addımlar atmaqdadır. Muxtar bölgənin təhlükəsiz mövcudluğu isə Qarabağda müharibə variantında Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Yalnız o halda Azərbaycan Ordusu Naxçıvan sarıdan arxayın olaraq, bütün gücünü erməni işğalçıları ilə mübarizəyə yönəldə bilər.

Lakin bu da hamısı deyil. Məsələ ondadır ki, iki qardaş ölkənin hərbi sahədə əməkdaşlığının potensialı daha böyükdür. Bu potensial özündə Azərbaycan ərazisində Türkiyə hərbi bazaların qurulmasını da ehtiva edir. Yəqin ki, proseslər buna doğru gedir. Artıq məsələ heç vaxt olmadığı qədər Azərbaycanın siyasi-hərbi gündəliyinə çıxıb. Azərbaycanlı siyasilər və analitiklər bu yöndə çağırışlar edirlər.

“Ümid edirəm ki, gələcəkdə Türkiyənin Azərbaycanda iki hərbi bazası qurulacaq”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

“Qətər əmiri ölkəsini açıq və gizli düşmənlərdən qorumaq üçün Türkiyədən ikinci hərbi bazasını yaratmağı xahiş etdi. Türkiyə Qətərdən əvvəl Azərbaycanın strateji müttəfiqidir. Azərbaycan Ermənistanla bacara bilər. Ancaq tək Ermənistanla iş bitmir ki. İnanıram ki, bir gün gələcək Türkiyənin Qətərdə olduğu kimi Azərbaycanda da iki hərbi bazası - Naxçıvanda və Abşeronda mövcud olacaq. Başqa alternativimiz yoxdur. Haqqında çox danışdığımız arxa cəbhədən arxayın olmalıyıq”, - E.Şahinoğlu bildirib.

*****

Əlbəttə ki, nə vaxtsa bu da reallaşa bilər. Bəziləri iddia edir ki, NATO üzvü olan bir ölkənin Azərbaycanda baza qurması çətin olacaq. Ancaq NATO üzvü olmayan Qətərin timsalında artıq nümunə var. İkinci yandan belə fikirlər səslənir ki, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası ölkəmizdə xarici bazaların qurulmasını yasaq edir. Ancaq konsepsiyaya, qanunlara müvafiq düzəlişləri eləmək də Azərbaycanın daxili işi, suveren haqqıdır. Qalır iki paytaxtın ortaq siyasi qərarı. Xain qonşularımızın Qarabağa düyününə yeni düyün vurduğu vaxtda bu qərar tarixi önəm kəsb edir... //musavat.com//
Вернуться назад