Главная > gundem / manset > Fazil Mustafanın başlatdığı dartışmalara AMEA Tarix İnstitutu niyə susqun qaldı? - İLGİNC

Fazil Mustafanın başlatdığı dartışmalara AMEA Tarix İnstitutu niyə susqun qaldı? - İLGİNC


9-08-2019, 15:58. Разместил: rovshen
Fazil Mustafanın başlatdığı dartışmalara AMEA Tarix İnstitutu niyə susqun qaldı? - İLGİNC

Azərbaycanda Milli Elmlər Akademiyası var. Bu akademiyanın Bakıxanov adına Tarix İnstitutu var. İnstitutda yetəri qədər alimlər, tədqiqatçılar, tarix elmləri doktoru işləyir. Onların arasında kifayət qədər savadlı, qiymətli kadrlar var. Xub!

İntəhası, tarixçi alimlərimiz o qədər keçmişdə qalıblar ki, günümüzün tarixi polemikalarına da qoşulmurlar. Bu həvəssizlik, yaxasını kənara çəkməyin sirrini heç Heredot da baş sındırıb aça bilməz.

Söhbət son günlərin ən çox müzakirə edilən Şah İsmayıl Xətai dartışması, deputat Fazil Mustafanın bu məsələdə tutduğu mövqe, “Xətai” medalının ləğvini təklif eləməsinə tarixçilərin məzarlıq sükutu kimi susqunluq nümayiş etdirməsindən gedir. Alimlərimiz F.Mustafanın arqumentlərinə, Xətai və Səfəvi dövləti barədə fikirlərinə lal qaldılar. Anlaşılmazdır.

Bu polemikaya kimlər qoşulmuşdu - həmkarları Fəzail Ağamalı, Fərəc Quliyev, xalq şairi, keçmiş deputat Sabir Rüstəmxanlı və sabiq maliyyə naziri Saleh Məmmədov...

Vəssalam, Dilavər Əzimli istisna, ortaya bir tarixçi çıxmadı. Nə tarixçi deputat Fəzail İbrahimli, nə həmkarı olan AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov müzakirələrə qoşuldular. Hətta dostumuz Nəsiman Yaqublu da məsələyə qarışmadı.

Tarixçilərə ayda-ildə bir-iki dəfə zərurət olur ki, meydana çıxıb söz desinlər. Amma nə F.Mustafanın dediklərini dəstəklədilər, nə əleyhinə çıxdılar.

Bəs AMEA-nın Tarix İnstitutu nə araşdırır, il ərzində hansı işlər görür? Bəlkə onların missiyası aqrar sektorda hər hansı yenilik olanda reaksiya verməkdir?

Bu gün ermənilər Dağlıq Qarabağ və Azərbaycan tarixinin özlərinin xeyrinə saxtalaşdırılması uğrunda gərgin işlər aparırlar. Etiraf edək ki, bəzən öz yalanlarını dünyaya sırıya bilirlər.

Erməni tarixçilərinin apardıqları bu “araşdırmalar” əsasən Avropanın Almaniya, Fransa, Böyük Britaniya kimi nüfuzlu araşdırmalar institut və mərkəzlərində həyata keçirilir.

Məsələn, F.Mustafanın arqumentlərindən erməni mediası spekulyasiya edərək öz kontekstində təqdim etməyə çalışdı.

Bəs görəsən, ermənilərə tutarlı cavablar vermək və onları susdurmaq üçün AMEA-nın Tarix İnstitutu son illər hansı işləri görür? Bu illər ərzində xaricə təhsilini davam etdirmək üçün tarixçilər göndəribmi?

Ümumiyyətlə, Dağlıq Qarabağın tarixinin araşdırılması məqsədilə Avropa və dünya tarix araşdırma institutlarında hansı işlər görülüb?

Elə bir neçə il qabaq AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov demişdi ki, son illər xarici ölkələrə aspirant və dissertantlar göndərməyiblər. Çünki buna imkan çatmır. “Bəs son illər Qarabağın tarixi və həqiqətləri ilə bağlı xaricdə hansı araşdırmalar aparılıb?” sualı isə direktor müavinini əsəbləşdirib.

Öncə bu işə görə AMEA-nın Tarix İnstitutunun imkanının olmadığını deyən direktor müavini ardından bu işə ehtiyac duyulmadığını söyləyib: “Bilmirəm bu cür suallar verməkdə sizin istəyiniz nədir, amma mənim bu cür suallara cavab verməyə vaxtım və imkanım yoxdur”. Hərgah, tarixçilərimiz, şərqşünaslarımız, alimlərimiz polemikalara qatılmalıydı, məqalələr yazmalıydı, sosial şəbəkələrdə, çap mediasında işıqlandırmalıydılar.

Bunların heç biri olmadı, tarixçilərimiz Xətai mövzusunda F.Mustafa ilə fikir mübadiləsinə girmədilər. Ona görə də yazar İlham Tumasın xahişini nəzərə alan deputat Səfəvilər və Xətai mövzusunu açıq qoyaraq bağladı...
“Yeni Müsavat”
Вернуться назад