Главная > gundem / iqtisadiyyat > Bu gün Vyanada OPEC Nazirlər Şurasının 176-cı iclası işə başlayır

Bu gün Vyanada OPEC Nazirlər Şurasının 176-cı iclası işə başlayır


1-07-2019, 11:30. Разместил: rovshen


Bu gün Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 176-cı iclası işə başlayır.

AZƏRTAC xəbər verir ki, iyulun 1-2-də isə “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclası, eləcə də OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin 6-cı görüşü keçiriləcək.

Tədbirlərdə Azərbaycanı Energetika naziri Pərviz Şahbazov təmsil edəcək.

Vyana görüşündə qlobal neft bazarının təhlili əsasında ilin ikinci yarısı üçün hasilat səviyyəsinə dair qərarın qəbulu məsələsinə baxılacaq. “Əməkdaşlıq Bəyannaməsi”nin icra müddətinin 6 və ya 9 ay uzadılması nəzərdən keçiriləcək.

İclas ərəfəsində dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb. Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 66,44 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 60 dollara satılır.

Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih və Rusiyanın Energetika naziri Aleksandr Novak neft istehsalının azaldılmasını nəzərdə tutan sazişin müddətinin 9 ay uzadılmasını dəstəklədiklərini bildiriblər. Birləşmiş Ərəb Əmirliklərinin Enerji və Sənaye naziri Süheyl Məhəmməd əl-Məzrui isə ilin qalan dövründə bazarda balansın təmin edilməsi üçün sazişin müddətinin uzadılması istiqamətində razılığa gəlinəcəyinə ümidvar olduğunu bildirib.

Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin 5-ci görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunmuşdu. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası cari ilin ilk yarısı üçün nəzərdə tutulmuşdu.
Вернуться назад