Главная > gundem / medeniyyet > Bakıda ŞHK Yunior Liqasının yarımfinal oyunları keçirilib

Bakıda ŞHK Yunior Liqasının yarımfinal oyunları keçirilib


13-03-2019, 16:50. Разместил: rovshen
Bakıda ŞHK Yunior Liqasının yarımfinal oyunları keçirilib

Azərbaycan Şən və Hazırcavablar Klubunun (ŞHK) Yunior Liqasında Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə növbəti oyunlar keçirilib.

Klubun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, oyunlara “Parni iz Baku” ŞHK komandasının tərkibində XX əsrin çempionları olmuş Cavid İmamverdiyev və Yana Nikitina, Azərbaycan ŞHK Liqasının direktoru Fərid Əbdülrəhimov, Azərbaycan ŞHK Liqasının bədii rəhbəri Hüseyn Şahverdiyev və ssenari müəllifi, “Sbornaya Baku” ŞHK komandasının keçmiş iştirakçısı Orxan İsrafilzadə hakimlik ediblər.

Oyunların birinci günündə münsiflər heyətinin yekdil qərarına əsasən “160% smexa”, “Palata No.6”, “Çebupeli”, “AtoMı”, “Smexofor” və “Niçeqo Liçnoqo” komandaları bu mövsümdə oyunu davam etdirmək şansı qazanıblar.

Oyunların ikinci günündə Bakının müxtəlif məktəb və liseylərini təmsil edən “20 vek Foks”, “Sbornaya 21 vek”, “Zavodnoy Apelsin”, “Sbornaya 17 şkolı”, “50 ottenkov smexa”, “Sparta Ankara”, “Proyekt Manxetten” və mövsümün ən gənc iştirakçıları olan “Fiksiki” komandaları da bu mövsümdə oyunu davam etdirəcək bəxtəvərlərə qoşulublar.

Bu dəfə oyunlara Yana Nikitina, radioaparıcı və DJ Emil Nəsirov, musiqiçi Yusif Qasımov, Azərbaycan ŞHK-nın həmtəsisçisi İlkin Məmmədov və Təhsil Nazirliyinin nümayəndəsi Ruslan Quliyev hakimlik edirdi.

Oyuna Azərbaycan Şən və Hazırcavablar Klubunun rəhbəri Rəşad Əzizov yekun vurub. O deyib: “Dostlar, siz bizim Şən və Hazırcavablar Klubunu irəli aparırsınız və biz kiminsə çıxmasını istəmirik. Buna görə, ola bilsin, biz təzə bir sxem düşünüb tapacağıq ki, yarımfinala keçmək üçün balları çatışmayan komandalar da bu mərhələyə keçə bilsinlər”.

R.Əzizov daha sonra bildirib ki, aprel ayında Dağıstanda uşaq və yeniyetmələrdən ibarət ŞHK komandalarının iştirakı ilə keçiriləcək “Kubok Kaspiya” oyunlarında Azərbaycanı mövsümün ən yaxşı oyunçularının daxil olduğu yığma komanda təmsil edəcək.

Qeyd edək ki, Azərbaycan Şən və Hazırcavablar Klubu Gənclər və İdman Nazirliyinin, habelə Təhsil Nazirliyinin hərtərəfli dəstəyini hiss edir.
Вернуться назад