Главная > gundem / arasdirma > Deputat meşədən meyvə yığılması qaydalarını şərh etdi: Bu, başadüşüləndir

Deputat meşədən meyvə yığılması qaydalarını şərh etdi: Bu, başadüşüləndir


6-02-2019, 11:33. Разместил: rovshen
Deputat meşədən meyvə yığılması qaydalarını şərh etdi: Bu, başadüşüləndir

Baş nazirin, hökumətin meşələr və orada yetişən bəzi meyvələrin yığılmasının qarşısının alınması ilə bağlı qərar verməsi normaldır. Dünyada da belə qərar və qanunlar mövcuddur. Bu, başadüşüləndir və əslində, burada qəribə heç nə yoxdur. Bu, meşə örtüyünün korlanmasının qarşısı alınması məqsədilə verilən qərardır.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Fazil Mustafa dilə gətirib.

Bununla belə, millət vəkili burada əsas diqqət yönəldilməli olan digər mühüm bir məsələnin üzərində dayanıb.

“Bilirsiniz, əsas diqqət meşələrin, meşə ərazilərinin, qoruqların məhv ediməsinin qarşısının alınması, dayandırılması olmalıdır. Heç kimə sirr deyil ki, Azərbaycanda meşələr son illər ərzində bir çox məmurun, vəzifəli şəxsin gəlir, pul, qazanc mənbəyinə çevrilib.

Oxu: Azərbaycanda meşələrdən meyvə yığmaq qadağan edildi - YENİLƏNİB
Bilirsiniz, beş-üç nəfərin meşədən meyvə dərməsi, onun satıb, özünə qazanc əldə etməsi, məhsul kimi istifadə etməsi problem deyil və olmamalıdır. Əksinə, kasıb, imkansız insanlar meşədən beş-üç kilo meyvə yığıb ailəsini, övladını sevindirirsə və yaxud onu satıb maddi qazanc əldə edirsə, bu, elə dövlətin yükün azaldılması deməkdir. Burada dəhşətli heç nə yoxdur.

Amma kimlərsə meşələrə, təbiətə qazanc, gəlir mənbəyi kimi baxırsa və gözünü qırpmadan meşələri məhv edirsə, bu, elə bilirəm ki, diqqət yetirilməli və qarşısı alınmalı olan əsas məsələdir. Bunun qarşısını almaq, bunu edənlərə qarşı daha çox sərt tədbirlər görmək lazımdır. İndi belə bir qərar verilib, mən də onu normal qəbul edirəm, düzgün sayıram, amma meşələrin məhv edilməsinin qarşısı alınmasa, bunun nə əhəmiyyəti, xeyri olacaq ki?!

Dənizlə, dəniz qumu ilə də bağlı qərar, qanun qəbul edildi. Amma dəniz qumunun talanmasının qarşısı alındımı? Xüsusilə Ələtdə çox keyfiyyətli qırmızı qum vardı, hamısı dağıdıldı, talan edildi, kimlərinsə milyonlar qazanmasına səbəb oldu. İndi belə bir qərar verməklə nə olacaq, nə olasıdır, nə dəyişəsidir ki?

Hesab edirəm ki, məsələyə mahiyyəti üzrə yanaşmaq lazımdır və bu da ondan ibarətdir ki, meşələrin məhv edilməsinin qarşısı alınmalıdır. Buna daha çox diqqət yetirilməlidir. Bu, əsas məsələyə çevrilməlidir”, - deyə millət vəkili əlavə edib.


Вернуться назад