Azərbaycanın Böhrandan Çıxmasının Mühüm Yolları Açıqlandı: Ayaz Mütəllibov

Azərbaycanın Böhrandan Çıxmasının Mühüm Yolları Açıqlandı: Ayaz Mütəllibov

Millitv.az Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun Moderator.az-a verdiyi müsahibəsini təqdim edirik:

- Azərbaycan iqtisadiyyatının indiki durumunu böhran kimi qiymətləndirmək olarmı?

- İlk baxışda, bəli. İqtisadi böhran kimi baxmaq olar, ancaq dövlətin iqtisadi imkanlarını nəzərə alsaq, belə deyil. İqtisadi böhran müəyyən problemlər yaradır, ancaq dövlətin iqtisadi imkanları geniş olduğundan bu böhrandan çıxmaq üçün hər bir şəraiti var.
Ölkəmizdə gedən iqtisadi böhranı neftin qiymətlərinin aşağı enməsi ilə əlaqələndirmək də düzgün olardı. Bundan əlavə, xarici maliyyə qurumlarının Azərbaycana qarşı devalvasiya siyasəti yeritməsi də göz qabağındadır. Devalvasiyanı Azərbaycan dövlətçiliyinə qarşı arxadan vurulan zərbə kimi qiymətləndirməliyik, anlamalıyıq ki, bu, Azərbaycana qarşı ən böyük həqarətdir.

- Belə fikirlər var ki, neft gəlirlərindən qeyri-səmərəli istifadə, kənd təsərrüfatının inkişafına diqqət yetirilməməsi indiki böhranlı vəziyyətə səbəb olub?

- Bu düzgün fikir deyil. Neft gəlirlərinin qeyri-səmərəli istifadəsi gözə dəyən qədər də çox deyil. Qeyri-neft sektorunun inkişaf etməməsinin səbəbini əlbəttə ki, Azərbaycan məhsullarına tələbatın olmaması ilə izah etmək daha düzgün olardı. Rusiyaya qarşı sanksiyalara qədər Azərbaycan kənd təsərrüfatı məhsullarına rəqabət çox olub. Çünki ruslar Avropa və Türkiyədən çox keyfiyyətli məhsullar alıblar. Ancaq sanksiyalardan sonra Rusiya məcbur olub keçmiş Sovet respublikalarından bu məhsulları almağa başlayıb. Azərbaycan üçün belə şəraitdə aqrar sektoru tezliklə inkişaf etdirmək problemi durur. Və Prezidentin fərmanlarının çoxu elə bununla bağlıdır. Demək olar ki, bu fərmanlar bir başa kənd təsərrüfatının inkişafına və rəqabətə davamlı məhsulun istehsalına şərait yaradır. İndi elə etmək lazımdır ki, Azərbaycandan xaricə gedən məhsullara daxildən maneə yaradılmasın.
Azərbaycanın kənd təsərrüfatı və onun pis hala düşməsinin səbəbi hər şeydən əvvəl kəndlinin ortaya çıxartdığı məhsulun kənarda satılmasıdır. Kəndlinin istehsal etdiyi məhsul həmişə Rusiyaya göndərilib və orada satılıb. Ancaq məhsulun kənara çıxarılmasında maneələr var. Bu maneələri aradan götürsək, kəndli kəndə qayıdar və təsərrüfatını bərpa edər. Bunun üçün nə lazımdır? Gömrük rüsumlarını aşağı endirmək. İnkar olunmaz faktdır ki, gömrük rüsumları qalxdıqca kənd təsərrüfatı dağılır. Kəndlilər şəhərlərə və yaxud başqa ölkələrə dağılırlar. Biz elə etməliyik ki, kəndli öz təsərrüfatını genişləndirməkdə maraqlı olsun və emal elədiyi məhsulu asanlıqla ölkədən çıxarıb, xaricdə satsın. Nəticədə Azərbaycana valyuta axını başlaya bilər.
Gəlin götürək elə Qubanı və qubalıların istehsal etdikləri almanı. Bir vaxt bu bölgə öz məhsulunu rahatca Rusiyaya daşıya bilirdi, Quba inkişaf edirdi. İndi isə Qubadan demək olar ki, kənara çox az məhsul gedir. Səbəbi gömrük rüsumlarının artırılmasıdır. Bundan əlavə, Qubadan Rusiyaya alma aparanlar deyirlər ki, hər almanın kilosuna gömrük 50 qəpik alır. Məhsulu aparan maşınları nəzərə alsaq, görərik ki, kəndli bir maşını keçirmək üçün 5-6 min manat pul verməlidir.
Kənd təsərrüfatının canlanmasının çox sadə və effektli üsulu var- GÖMRÜK RÜSUMLARINI AŞAĞI endirmək. Elə olduqda, kənd rahat inkişaf edə bilər və ona heç dövlət yardımı da lazım olmaz. Özünüz görürsünüz ki, Azərbaycan Prezidenti kəndlərin inkişafı üçün nə qədər maliyyə ayırır. Ancaq biz deyən kimi olsaydı, Prezident bu maliyyəni başqa qeyri-neft sektorunun inkişafına yönəldərdi.
İndiki dövrdə, yəni aqrar sektorunun inkişafı dövründə, biz nə qədər kənd təsərrüfatının inkişafına mane olan faktorları aradan götürsək, kəndlilər bir o qədər yaxşı yaşayar və sosial narazılıq da aradan qaldırılar, kəndli öz işiylə məşğul olar. Bundan əlavə, aqrar sektorun inkişafı qeyri-neft sektorunun başqa sahələrinin inkişafına təkan verər. Sadə dildə desək, məsələn, kəndlilərin əldə etdikləri məhsulları emal etmək üçün yaradılan zavod və fabriklər meydana çıxar və kənd təsərrüfatı üçün lazımlı maşın və aqreqatlar buraxılar. İndiki şəraitdə isə fikrimizi aqrar sektorunun tez gəlir gətirən sahələrinə yönəltməliyik.

- Böhrandan çıxmaq üçün hansı addımların atılması zəruridir?

- Böhranı çoxları devalvasiya ilə bağlayırlar. Bu da həqiqətdir. Bunu Azərbaycana Qərbin təzyiqi kimi qəbul etməliyik. Bir həqiqət də var ki, devalvasiyadan sonra ölkəmizdə resesiya gedir. İki ilə yaxındır ki, resesiya sözünü bir iqtisadçının ağzından eşitmirik. Axı bu çox ciddi məsələdir. Ölkəmizi iqtisadi kollapsa aparır. Resesiya devalvasiyadan sonra baş verən prosesdir. Bunun nəticəsində Azərbaycanda olan bütün məhsul, xidmətlər və daşınmaz əmlakın qiymətləri devalvasiya göstəriciləri qədər aşağı enir. İqtisadi böhran daha da gərginləşir. Məsələn, büdcə kəsiri yaranır və bu kəsri yerinə qoymaq üçün Azərbaycan iqtisadiyyatı iki dəfə güclü işləməlidir. Bunu həyata keçirmək asan problem deyil. Odur ki, resesiyaya məruz qalmış ölkələrin təcrübəsindən istifadə etməliyik. Götürək Türkiyə ya Qazaxıstanı. Onlar çıxış yolunu emissiya siyasətini həyata keçirməkdə gördülər və onu həyata keçirməklə maliyyə böhranından çıxdılar. Nə etdilər? Bütün maaşları, pensiyaları, qiymətləri devalvasiya səviyyəsində qaldırdılar ki, resesiyanın qabağını alsınlar. Beləliklə, bu böhrandan çıxdılar Sual ola bilər ki, bunun nəticəsində axı inflyasiya ilə üzləşiblər? Çox primitiv düşüncədir. Biz maaş və qiymətləri qaldırmaqla ÜDM-ni iki dəfə artırırıq. Bunun özü ciddi iqtisadi göstərici olardı, staqnasiyaya, yəni iqtisadi stabilliyə gətirərdi.

- İqtisadi böhranın neftin olmaması və yaxud qiymətinin aşağı düşməsi ilə əlaqələndirirlər...

- Bu fikirdə müəyyən qədər həqiqət var. Bir sirr deyil ki, Azərbaycan büdcəsinin 95 %-dən çoxunu neft gəlirləri təşkil edirdi. İndi neftin emalının azalması müəyyən çətinliklər yaradır. Büdcə nədir? Loru dildə desək - Azərbaycanı dolandıran mexanizm. Neftdən gələn gəlirlərin azalması bu mexanizmdə dəyişiklik etmək problemi yaradıb. Yəni çatışmayan pulları qazanmaq üçün qeyri-neft sektorunun inkişafına təkan verilib. Bu addım Azərbaycanın özü-özünü təmin etməsi məsələsini həll etməlidir. Düzgün addımdır, ancaq bu sadə məsələ deyil. Yüksək təşkilatçılıq və operativlik tələb edir. Odur ki, ilk dövrdə biz qeyri-neft sektorunun elə sahələrinə fikrimizi yönəltməliyik ki, bu sahələrdən tez gəlir götürək. Aydındır ki, ilk növbədə səylərimizi arqo-sənaye sahələrinə və onunla əlaqəli kənd təsərrüfatının inkişafına yönəltməliyik.
Azərbaycanın bunun üçün böyük imkanları var və Azərbaycan hökumətinin qarşısında büdcəyə qeyri-neft sektorundan gəlir gətirən sahələri genişləndirmək və yenilərini yaratmaq vəzifəsi durur. Prezidentin bununla bağlı verdiyi fərmanlarının icrası, əlbəttə ki, düşdüyümüz vəziyyətdən çıxmaq üçün şərait yaradacaq.

- Belə fikirlər səslənir ki, köhnə, yaşlı komanda ilə indiki vəziyyətdən çıxmaq mümkün deyil? Siz bu barədə necə düşünürsüz, sizcə kimlərin yüksək postlara təyinatı ölkəmizin bu vəziyyətdən çıxmasına yardımçı ola bilər?

- Bu düzgün fikir deyil. Azərbaycan hökumətində sanballı insanlar var. Yeni iqtisadi şərait yeni problemlər yaradıb. Sadəcə yeni iqtisadiyyatı dərindən bilən və idarəçiliyi bacaran insanları idarəçiliyə dəvət etmək, onların həyata keçirmək istədikləri plan və proyektlərə mane olmamaq lazımdır. Tez-tez eşidirik ki, Azərbaycandan xaricə milyardlar çıxarılır. Onun qabağını almağın bir yolu var, maliyyə amnistiyasını həyata keçirmək və bu pulları Azərbaycan iqtisadiyyatına yönəltmək. Elə şərait yaratmaq lazımdır ki, pullular hiss etməlidir ki, Azərbaycanda müəssisə, zavod yaratsalar, onların işinə heç kim qarışmayacaq və təsir etməyəcək.
Azərbaycan xalqı pul qazanmaqda başqa millətlərdən fərqli olaraq talantlı xalqdır. Bu saat Rusiya, Avropa və başqa ölkələrdə minlərlə imkanlı azərbaycanlılar var. Biz onlar üçün də ölkəmizdə pul qazanmağa şərait yaratmalıyıq ki, öz investisiyalarını başqa ölkələrə yox, Azərbaycana qoysunlar. Bunun üçün Azərbaycanda mövcud olan monopolizmi aradan qaldırmalıyıq. Belə olduğu halda, Azərbaycana milyonlar axar. Bundan əlavə, siyasi nöqteyi-nəzərdən Azərbaycan dünyaya göstərər ki, burada azad sahibkarlıq üçün hər bir şərait yaradılıb və qanun buna xidmət edir.

- Kömək üçün sizə müraciət edilsə, hansısa bir postda təmsil olunmağa razılıq verərsinizmi?

- Mən belə suallar çox cavab vermişəm. Həmişə hansısa postu tutmaq fikrində olmadığımı qeyd etmişəm. Burada söhbət hansısa postu tutmaqdan getmir. Biz əlimizdən gələni etməliyik ki, Azərbaycan bu böhrandan çıxsın.
Mən öz fikirlərimi mətbuat vasitəsi ilə cəmiyyətə çatdırıram. Bir ziyalı kimi istəməzdim ki, ölkəmiz pis günə qalsın. Əlbəttə ki, indiki vəziyyətdə ölkənin düşdüyü iqtisadi böhrandan çıxmaq üçün iqtisadiyyata diqqəti artırmalı və Prezidentin fərmanlarını operativ şəkildə həyata keçirməliyik.

- Ümumilikdə necə fikirləşirsiniz, Azərbaycan hökuməti təklifləri dəyərləndirib vəziyyətdən çıxacaq, yoxsa ağır vəziyyət davam edəcək?

- Hökumətin başqa yolu yoxdur. Onlar ciddi iqtisadi və siyasi islahatlara əl atmalıdırlar. Yuxarıda biz bəzi məsələləri araşdırdıq, ən asan yolları göstərdik. Bununla belə bir fikir yürütmək istərdim. Azərbaycanda elə iqtisadi şərait yaranıb ki, tarazlığı pozmaqla daha da ciddi çətinliklərlə üzləşmək olar. Məsələn, biz yuxarıda gömrük rüsumlarına toxunduq. Göstərdik ki, Quba kəndlisi malını Rusiyaya keçirəndə hansı çətinliklə üzləşir. Gömrük rüsumunu aşağı endirsək, hər dəfə kəndli Rusiyadan Azərbaycana 8-9 min dollar pul gətirəcək. Əlbəttə ki, bu pulu təsərrüfatının genişləndirməsinə, övladlarının təhsil almasına və daşınmaz əmlaka pul qoyması ilə qurtaracaq. Fikir verin mətbuata, bir çox universitetlərə pul gəlmir, pulla oxuyan tələbələr təhsildən uzaqlaşırlar. Tikinti sahəsində də qiymətlərin iki dəfə (dollarla ifadə etdikdə) aşağı enib, tikilən binalar alınmır. Bu da gömrük rüsumunun qaldırılması ilə bağlıdır.
Azərbaycan tranzit ölkədir, Rusiya - Qazaxıstan –Türkmənistan –İran - Türkiyə tranzitinin işləməsini gücləndirsək, büdcə kəsrini doldurmaq çox asan olacaq. Sadəcə gömrük məsələlərini düzgün proqnozlaşdırmaq lazımdır. Bu saat xarici ticarətin ölməsinin səbəbini də düzgün olmayan gömrük siyasətində görürəm.

- Azərbaycan Prezidenti "İki eşşəyin arpasını bölə bilməyənlər bizə məsləhət verir" demişdi və bu fikir geniş müzakirəyə səbəb olmuşdu. Siz necə düşünürsünüz, böhrandan çıxışla bağlı təkliflər verən iqtisadçı ekspertlər bu münasibətə layiqdirmi?

- Bu ekspertlərin nə təklif etdiklərindən xəbərim yoxdur. İndiyə qədər mətbuatda bununla bağlı ciddi fikirlər eşitməmişəm. Prezidentin onlar haqqında belə deməsində müəyyən səbəb ola bilər. Çünki iqtisadi böhrandan çıxmaq üçün ciddi proqnozlaşdırma, Azərbaycanda istehsal olunacaq mallara tələbat olan ölkələrlə ticarət əlaqələri yaratmaq və s. məsələlər durur. Ən əsası odur ki, qeyri-neft sektoru tez gəlir gətirsin və Azərbaycanın bu sahələrinə xarici investisiya qoyulsun. Bunun üçün ciddi tədbirlər görülməlidir. Hökuməti tənqid etmək çox asandır, əgər tənqidin arxasında ciddi və real təkliflər yoxdursa, bu tənqid deyil, demaqogiyadır.

Millitv.az
Oxşar xəbərlər
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət