Axtarış...

Borca girmədən: Azərbaycan virusla öz hesabına mübarizə aparan nadir dövlətlərdəndir - TƏHLİL



Ölkəmizin xarici dövlət borcu azdır. Keçən əsrin 90-cı illərində xarici borcdan, yəni beynəlxalq maliyyə qurumlarından asılı vəziyyətdə idik. Alınan borc vəsaitləri büdcə kəsirinin örtülməsi kimi məsələlərə gedirdi. Bu gün isə Azərbaycanın özünə borclu olan ölkələr var. Odur ki, bizə münasibət dəyişib.
Bu yaxında Asiya İnkişaf Bankının rəhbərliyi ilə dövlət başçımız İlham Əliyev arasında keçirilən videokonfrans da bunu əyani sübut etdi. Videokonfrans zamanı adı çəkilən qurum tərəfindən belə fikir səsləndi ki, COVID-19 pandemiyasının yayıldığı və neftin qiymətinin kəskin aşağı düşdüyü vaxtda ölkəmizdə atılan addımlar ciddi dəstəklənməklə yanaşı, yarana biləcək ehtiyaclarımıza uyğun optimal cavab tədbirləri də hazırlanmaqdadır. Dövlət başçımız isə yerində və çox gözəl səsləndirdi ki, 150-dən çox ölkə maliyyə dəstəyi almaq üçün beynəlxalq maliyyə institutlarına müraciət etsə də, Azərbaycanın adı bu sırada yoxdur.

"Bilirsiniz ki, biz üzərimizə düşən işi layiqincə yerinə yetiririk və bizim xərclərimiz daim mənfəətimizdən aşağı olub. Mən deyərdim ki, ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimizdir",- deyə, Prezident İlham Əliyev bildirdi. Bəli, dünyanı cənginə almış koronavirus epidemiyası 6 ay deyil ki, davam edir, 150-dən çox ölkə bir sıra beynəlxalq maliyyə qurumlarına yardım üçün müraciət edib. Çünki, koronavirusla bağlı vəziyyət əksər ölkələri kənardan, daxildən ikitərəfli olaraq vurdu və vurur. Yəni, həm ümumən dünyada iqtisadi vəziyyətin pisləşməsi ilə, həm də ölkələrdə sərt karantin rejiminin tətbiq olunması ilə... Sözügedən vəziyyət həmçinin Azərbaycana da aiddir.

Lakin ölkəmiz Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi qurumlara müraciət etməyib, edəcəyi də gözlənilmir. Çünki bizdə mövcud makroiqtisadi göstəricilər və maliyyə vəziyyəti kifayət qədər dayanıqlıdır. Bunda həm 2014-2016-cı illərdə əldə edilmiş təcrübə böyük rol oynayır, həm ötən müddət ərzində iqtisadiyyatdakı uğurlar əhəmiyyət daşıyır, həm də 2 il öncə, yəni 2018-ci ilin ikinci yarısından başlanılan islahatlar mühüm təsirə malikdir. Sözümü ona gətirirəm ki, ölkəmiz həm də borc almaq məsələsinə həmişə ehtiyatla yanaşıb və dövlət başçımız demişkən, xərclərimiz mənfəətimizi heç vaxt üstələməyib.

Odur ki, Maliyyə Nazirliyinin məlumatına əsasən, bu ilin əvvəlinə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 8.320,0 milyon ABŞ dolları və ya 2019-cu il üzrə ÜDM-in 17,3 faizini, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 771,0 milyon dollar - ÜDM-in 1,6 faizini təşkil etməklə, ümumilikdə 9.091,0 milyon dollar və ya ÜDM-in 18,9 faizinə bərabər olub.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir. Sözüm bundadır ki, xarici dövlət borcu ÜDM-də 30 faizdən yuxarı həddə kritik sayıldığından, borclanma əslində, davam etdirilə bilər. Amma, indiyədək olduğu kimi, yəni ehtiyatlı şəkildə.

Təkrar edirəm: xarici dövlət borcunun ÜDM-də göstəricisinə görə biz inkişaf etmiş dövlətlərin çoxundan yaxşı vəziyyətdəyik. O baxımdan ki, bir çox inkişaf etmiş ölkələrdə dövlət borcunun həcmi ÜDM-in 100 faizini çoxdan keçib. Amma bu, heç də o demək deyil ki, Azərbaycan yüksək inkişaf etmiş ölkələrlə müqayisə edilməlidir. Sadəcə, xarici borcumuz xüsusən valyuta ehtiyatlarımız baxımından elə də yüksək həddə deyil. Ona görə də, ölkə iqtisadiyyatı üçün bir sıra vacib sahələrdə nəzərdə tutulan işlərin görülməsi üçün kreditlər alınması, xarici borclanmanı ÜDM-in 22-23 faizinədək artırmaq mümkün sayılır.

Həmçinin, o da var ki, nə qədər ehtiyatların olsa da, borc alıb, borc verməsən mümkün deyil. Hətta maliyyə baxımından ən təmin olunmuş ölkələr də vacib olan işləri borc hesabına görürlər. Ancaq bizdə, problem nədədir?

Məsələ bundadır ki, problem kredit əldə edərkən dövlət zəmanəti ilə borc alan iri dövlət şirkətlərinə nəzarət mexanizminin zəif olmasındadır. Ölkədə ”Azərsu", AZAL, Meliorasiya və Su Təsərrüfatı Agentliyi, Azərbaycan Dəmir Yolu QSC, “Azərenerji”, “Azərişıq” kimi çox böyük həcmdə dövlət zəmanəti ilə xarici kredit cəlb etmiş qurumlar var ki, aldıqları borcları sonradan qaytarmırlar və sonda onların əvəzində dövlət ödəniş etməli olur. Məsələn, “Azərsu”nun dövlət zəmanəti ilə alınmış borcunun məbləği 970 milyon dollar təşkil edir ki, Dəmir Yolu QSC-də bu məbləğ 900 milyon dollara yaxındır. Dövlət zəmanəti ilə kredit almış qurumların maliyyə fəaliyyətinə nəzarətin gücləndirilməsi istiqamətində son illər ərzində bir sıra tədbirlər həyata keçirilsə də təəssüf ki, vəziyyət fərqli deyil. Halbuki, Prezident İlham Əliyev bu problemdən danışarkən, hər dəfə dövlət zəmanəti ilə xarici borc alan qurumları məsuliyyətli olmağa çağırıb və çağırır.

Bütün bunlara görə hesab edirəm, belə qurumların dövlət zəmanəti ilə kredit almasını məhdudlaşdırmaq, prioritet layihələrə görə alınacaq kreditlərə xidmətlə bağlı onlar üzərində ciddi nəzarət təşkil olunmalıdır. Sözügedən qurumlar tərəfdən alınan borclara görə həmin qurumları özlərini məsuliyyət daşımalı - xidmət göstərməli və dövlətin üzərinə ağırlıq düşməməlidir.

Yeri gəlmişkən, xaricə dövlət borcumuz əslində, uzun müddət daha sabit idi. Söhbət onun ÜDM-ə olan nisbət səviyyəsindən gedir. 2014-cü ildən sonra borcun səviyyəsi sıçrayışla artdı ki, ÜDM-də faiz nisbəti yüksəldi. Eyni zamanda, valyuta ehtiyatlarımızın həcmi ilə xarici dövlət borcunun səviyyəsi arasında fərq də azaldı. Bəli, Mərkəzi Bankla (AMB) Dövlət Neft Fondunun valyuta ehtiyatları xaricə borcumuzdan həmişə yüksək həddə olub. Lakin, 2014-cü ilin axırı, 2015-ci ilədək bu fərq daha böyük idi. 2015-2016-cı illər ərzində baş verən devalvasiyalardan və bank sektorunda ortaya çıxan məlum problemlərdən dolayı xarici borcun artması bu fərqi azaltdı.

Ümumiyyətlə, borclanmanın 2015-ci il də daxil üzü bəri birdən-birə daha sürətlə artması 3 başlıca səbəblə bağlı oldu; birincisi, devalvasiyalarla əlaqədar manatın dəyərdən düşməsi, ikincisi, Beynəlxalq Bank ilə əlaqədar məlum böhranlı situasiyanı aradan qaldırmaq məqsədilə dövlətin “çiynini” qabağa verməsi, üçüncüsü isə ölkəmizin təşəbbüskarı olduğu və böyük regional əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizinin realizəsi üçün borclanmaya gedilməsi. Bu səbəblərdən ən çox məhz birincisi borcun şişməsinə zəmin yaratdı ki, ÜDM-in dollarla dəyər ifadəsi azalsa da, xarici borc valyuta ilə alındığından artdı. Və nəticədə, qeyd etdiyim kimi sonuncu göstəricinin birincidə faiz çəkisi yüksəldi.

Valyuta ehtiyatlarına görə isə fərqin azalması həm xarici dövlət borcunun artması, həm də ehtiyatların nisbətən azalmasıyla əlaqədar baş verdi. Belə ki, neftin qiymətinin 2014-cü ilin yayından sonra düşməsi ilə bağlı valyuta bazarında vəziyyəti tənzimləmək məqsədilə AMB-in rəsmi valyuta ehtiyatları 11 milyard dollardan çox azaldı.

Odur ki, sözün qısası, Azərbaycan ortaya çıxan hər fors-major hallarına görə yaranan ehtiyacları ödəmək məqsədilə beynəlxalq maliyyə qurumlarının indi bizə qarşı nümayiş etdirdikləri "ürək açıqlığına" yönəlik dərhal əl uzatsaydı, onda xarici dövlət borcu üzrə belimizdəki yük indikindən bir neçə dəfə artıq gələrdi...
Azvision.az


Daha çox xəbər

Şərh yaz