Bakıda koronavirus “bazarı” - hamı oradan evinə xəstəlik daşıyır...

Bakıda koronavirus “bazarı” - hamı oradan evinə xəstəlik daşıyır...

Mayın 18-dən etibarən Azərbaycanda karantin rejimi növbəti dəfə yumşaldıldı. Bu yumşalmadan sonra parklara, bulvar ərazisinə girişə icazə verildi, kafe-restoranların fəaliyyətinə tətbiq edilən məhdudiyyət qismən aradan qaldırıldı.

Eyni zamanda insanların xüsusi qaydada icazə alaraq çölə çıxması sistemi də ləğv edildi və artıq hər kəs çölə istədiyi saatda çıxa, istədiyi qədər qala bilər. Yalnız tövsiyə edilir ki, çölə çıxan insanlar sosial məsafəni qoruyub, karantin qaydalarına əməl etsinlər.

Bəs bu tövsiyəyə necə əməl edilir?

“Yeni Müsavat”ın əməkdaşı bununla bağlı vəziyyətlə maraqlanıb.

Məlumat üçün bildirək ki, bir həftədən çoxdur ki, Azərbaycanda koronavirusa yoluxanların sayında artım qeydə alınır. Artıq yoluxma sayı gündəlik 100 nəfərdən çox olur. Müvafiq qurumlar və eyni zamanda tibb sahəsi üzrə çalışanlar bildirirlər ki, yoluxmanın bu cür artmasının səbəbi insanların sosial məsafə saxlamaması, maska ilə gəzməməsindən qaynaqlanır.

Koronavirus pandemiyasına görə Azərbaycanda tətbiq edilən xüsusi karantin rejiminin ilk günlərində əksər iri marketlərin girişində içəri daxil olan müştərilərin temperaturu yoxlanır, əllərinə dezinfeksiyaedici məhlullar vurulurdu. Eyni zamanda mütəmadi olaraq səbətlər, marketdəki arabalar spirt vasitəsilə dezinfeksiya edilirdi. Bundan əlavə, kassalarda dayanan market əməkdaşları maska ilə bərabər xüsusi üzlərini örtən şəffaf şüşəli əlavə maskadan da istifadə edirdilər. Hətta bəzi marketlərdə kassaların ətrafı şəffaf qoruruyucularla əhatəyə alınmışdı və müştərilər ödəniş üçün nəzərdə tutulan xüsusi kiçik hissədən pullarını kassirə uzada bilirdilər. İndi isə bu cür ciddiliyin olduğunu müşahidə etmədik...

Hazırda mağazalarda alıcılar sosial məsafəyə riayət etmir, çox az adam maskadan istifadə edirdi. Kassada insanlar bir-birilərinin yanında dayanmaqla yanaşı, marketlərin meyvə hissəsində maskasız gəzir, əlcəksiz meyvələri əlləri ilə yoxlayıb, bəyənmədiklərini yerinə, bəyəndiklərini isə sellofan torbalara doldururlar. Bəzi marketlərdə meyvə bölümündə rezin əlcəklər qoyulsa da, bundan istifadə edəni görmədik. Marketlərin heç birinin girişində müştərilərin temperaturlarının yoxlanıldığına da rast gəlmədik. Bundan əlavə, heç bir səbətin, arabanın dezinfeksiya edildiyini də görmədik.

Bazarlarda isə vəziyyət daha acınacaqlıdır.

“8-ci kilometr bazarı”nda həyat öz axarı ilə davam edir. Burada yenə də müştəri satıcıya, satıcı müştəriyə qarışıb. SMS-lə icazə ləğv edildiyi üçün ötən günlərdə bağlı olan mağazaların hamısı fəaliyyətlərini bərpa ediblər. Yalnız ərazidəki ticarət mərkəzinin fəaliyyəti bərpa olunmayıb. Ticarət mərkəzi bağlı olduğu üçün içərisində olan mağazalar da fəaliyyət göstərmirlər. Buna görə də insanlar daha çox küçə kənarında olan mağazalardan alış-veriş edirlər. Əksər mağazaların soyunub-geyinmə (dəyişmə) yeri olmadığı üçün mağazanın ortasından pərdə asılır, geyim almaq istəyənlər orada paltarları yoxlayır, bəyəndiklərini alırlar. Halbuki Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlama verilib ki, mağazalar dəyişmə yerini açmayıb, karantin qaydalarına əməl etsinlər.

Bazarda, ümumiyyətlə, heç bir karantin qaydasına əməl edilmir. Qida satılan yerdə də eyni vəziyyət hökm sürür. Qida bölməsində koronavirusla bağlı hər hansı bir tövsiyə xarakterli lövhəyə rast gəlmədik. Bazarın içərisində heç bir yerdə dezinfeksiyaedici məhlulun qoyulmasını görmədik. Ümumiyyətlə, bazarda koronavirusu xatırladan heç nə yoxdur. Yalnız bir neçə müştərinin çənəsində olan (çoxları qoruyucu maskanı ağzına deyil, çənəsinə vurur) maskadan koronavirusun varlığı yada düşürdü.

Bazarda çalışanlar bildirdilər ki, maskanı ciblərində gəzdirirlər: “Maskanı taxanda havasızlıq olur. Tez-tez əlimizlə çıxarıb-taxırıq. Ona görə də maska daha da pis vəziyyətə düşür, çirklənir. Elə maskadan daha çox virus yoluxa bilər. Ona görə də avtobusda, metroda istifadə edirik”.

Müştərilər də bildirdilər ki, ehtiyac duyduqları yerdə maska taxırlar... Onu da bildirək ki, “8-ci kilometr bazarı”nın arxa tərəfindən əvvəllər olduğu kimi küçənin ortasında toyuq, ət məhsullarının satıldığını görmədik. İnsanların daha çox olduğu bazarın arxa hissəsində bu kimi qida məhsulları piştaxtalarda satılır. Lakin yenə də karantin, gigiyena qaydalarına əməl edilmirdi...

Qida Təhlükəsizliyi Agentliyi isə bildirir ki, onlar qida satılan yerlərə nəzarət edir, monitorinq keçirirlər.

Məsələ ilə bağlı “Yeni Müsavat”a AQTA-dan aşağıdakılar bildirilib: “Ölkəmizdə koronavirusa qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən ərzaq məhsullarının satışı məntəqələrində monitorinqlər davam etdirilir.

Belə ki, AQTA əməkdaşları qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ərzaq məhsullarının satışı məntəqələrində xüsusi karantin rejiminə, eləcə də agentliyin bu sahədə hazırladığı metodiki göstərişlərə əməl olunması ilə bağlı monitorinqlər keçirir. Eyni zamanda bu tədbirlər çərçivəsində qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində çalışan əməkdaşların maarifləndirilməsi ilə bağlı geniş təbliğat işləri görülür. İndiyədək agentlik əməkdaşları tərəfindən sahibkarlar arasında mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilib. Onlara termiki emal olunmadan və təmizlənmədən keçmədən istifadə olunan qida məhsullarının xüsusi yerlərdə saxlanılması, bu məhsulların alıcılara xüsusi geyimli əməkdaşlar tərəfindən təqdim edilməsi ilə bağlı tövsiyələr verilib. Eləcə də qida məhsullarının daşınması və saxlanılması qaydalarına əməl olunması ilə bağlı ərzaq məhsullarının satışı ilə məşğul olan ticarət müəssisələrinin sahiblərinə məlumat verilib ki, daşınması qaydalara uyğun şəkildə həyata keçirilməyən qida məhsulları, xüsusilə çörək, digər un məmulatları, qənnadı məmulatlarını satış şəbəkələrinə daxil etməsinlər.

Qeyd edək ki, agentlik tərəfindən bu sahədə bir neçə metodiki göstəriş hazırlanaraq müvafiq sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunmuşdur. Maarifləndirmə tədbirləri çərçivəsində bugünlərdə respublikamızın bütün bölgələrində, eləcə də Bakı şəhərində fəaliyyət göstərən ərzaq məhsullarının satışı məntəqələrində AQTA əməkdaşları tərəfindən hazırlanmış 50-dək mövzuda təşviqat xarakterli çap materialları da ərzaq satışı məntəqələrində quraşdırılmışdır.

Agentlik bir daha vətəndaşları ərzaq məhsullarının satışı obyektlərində tətbiq olunmuş koronavirusla bağlı xüsusi rejimə əməl etməyə, virusdan qorunmaq üçün tələb olunan metodiki göstərişlərdə nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət etməyə çağırır".
“Yeni Müsavat”
Oxşar xəbərlər
«    Май 2020    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət