Axtarış...

7 saylı Birləşmiş Şəhər Xəstəxanasında narazılıq - GİLEY




Bakının Maştağa qəsəbəsində yerləşən 7 saylı Birləşmiş Şəhər Xəstəxanasında (BŞX) ölkə başçısının sərəncamı ilə tibb işçilərinin aylıq əmək haqlarına üç ay müddətində əlavələrin edilməsi ilə bağlı sərəncama əməl edilmir. Həmin xəstəxanada sahə həkimi işləyən

Tağıyeva Gülçöhrə Arif qızı Azinforum İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, risqli sahədə çox sıx qrafiklə çalışmalarına baxmayaraq, onlara dövlətin ayırdığı əlavə vəsaitlər vermilmir:

“Mən 12 ildir ki, 7 saylı BŞX-də sahə terapevti işləyirəm. Bilirəm ki, Prezidentin sərəncamına əsasən martın 1-dən başlayaraq, iyunun 1-nə qədər bizim aylıq əməkhaqqımıza əlavələr olmalıydı. Təəssüf ki, bir dəfə olan 254 manatdan başqa nəsə almadıq. Bu vəziyyətlə yalnız mən üzləşməmişəm, xəstəxananın bütün həkimləri eyni vəziyyətdədir. Sadəcə, çoxları harasa şikayət etməkdən çəkinir. Koronavirusdan əvvəlki dönəmdə də mən gecə növbələri, bayram və matəm günlərindəki iş günlərində də gecələr işləmişəm. Ancaq buna görə indiyə kimi mənin maaşıma bir qəpik də olsun əlavə edilməyib. Biz görürük ki, cənab Prezidentin şəxsi iradəsinə uyğun olaraq, ölkədə korrupsiya və rüşvətxorluqla ciddi mübarizə aparılır. İstərdim ki, mənim üzləşdiyim haqsızlıq da dərindən araşdırılsın. Görüm ki, mənim yuxusuz qalaraq gecə növbələrində qaldığıma və koronavirusa görə verilməli olan əlavələri kim mənimsəyib? Sizin sayt vasitəsilə ilkin olaraq üzümü tuturam səhiyyə nazirinə və ondan xahiş edirəm ki, dediklərim araşdırılsın. Əgər nəticə olmasa, bu məsələnin hüquqi müstəvidə həllinə nail olacam”.
7 saylı Birləşmiş Şəhər Xəstəxanasında narazılıq - GİLEY


Həkimin səsləndirdiyi ittihamlarla bağlı Səhiyyə Nazirliyindən münasibət öyrənə bilmədik. Nazirliyin nömrələrinin birinə cavab verən və adının çəkilməsini istəməyən xanım əməkdaş bildirdi ki, şikayətin məzmunundan xəbərləri olmadığı üçün, konkret nəsə söyləyə bilməzlər. Bildirildi ki, yalnız şikayət onlara çatandan sonra məsələyə münasibət bildirəcəklər. Buyursunlar, bu da şikayət.


Daha çox xəbər

Şərh yaz