Axtarış...

Züqanov: Heydər Əliyev nə mümkündürsə, edirdi ki, respublikanın sərvətləri ölkəyə, vətəndaşlara xidmət etsin



Heydər Əliyevin doğum gününün 97-ci ildönümü ərəfəsində belə bir oğul yetişdirən Azərbaycana baş əymək və ona təşəkkür etmək istərdim.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyası Kommunist Partiyasının (RF KP) sədri Gennadi Züqanov bu fikri “Moskva-Bakı” portalına müsahibəsində söyləyib. O vurğulayıb ki, Heydər Əliyev ən istedadlı rəhbərlərdən biridir.

G.Züqanov deyib: “Mənim bəxtim gətirib – onunla yaxın tanış idim. Bir dəfə onunla birlikdə bir məruzə hazırlayırdıq. Heydər Əliyev bu işin öhdəsindən çox ustalıqla gəlirdi. O hələ Moskvada işləyən vaxt mən onunla dostluq edirdim. Yadımdadır, mən Azərbaycan Respublikasının indiki Prezidenti İlham Heydər oğlu ilə bərabər Avropa Şurasında işləyən vaxt atası gəlir, çıxış edirdi, xatırlayıram, o İlham Heydər oğluna dedi ki, Züqanovlar bizim böyük dostlarımızdır”.

RF KP-nin rəhbəri vurğulayıb ki, Heydər Əliyev Azərbaycanın xilaskarıdır. Siyasətçi deyib: “Heydər Əliyev Naxçıvana yola düşdü və Azərbaycanda vəziyyət gərginləşəndə tanınmış, hörmətli ictimai xadimlər ona müraciət etdilər, onda Heydər Əliyev vəziyyəti tənzimləmək üçün məsuliyyəti öz üzərinə götürdü. O, milli barışığa, təhrikçiləri sakitləşdirməyə nail oldu. O, pravoslav məbədinə gəldi, baş keşişdən hamını oraya yığmasını xahiş etdi, sonra Azərbaycanda yaşayan ruslara müraciətlə xahiş etdi ki, onlar respublikadan getməsinlər, dedi ki, onların təhlükəsizliyinə zamin olacaq. Və bunun üçün nə lazımdırsa, etdi”.

G.Züqanov vurğulayıb ki, bu gün Azərbaycan – məktəblərdə rus dilinin tədris edildiyi, rus dilinə çox yaxşı münasibət bəslənilən azsaylı respublikalardan biridir.

Rusiyalı siyasətçi sonda deyib: “Mən Bakıda, Puşkin adına gimnaziyada oldum, oradakı çıxışlar, bizim böyük şairimizin əsərlərini necə sevə-sevə oxumaları məni heyran etdi. Ölkədə rus dilinin qorunub saxlanılması siyasəti çox düzgün, müdrik siyasətdir. Mən bir neçə dəfə Bakıda olmuşam. Məni dəfələrlə oraya dəvət ediblər. Bakı əsl beynəlmiləl şəhərdir. Birinci Avropa oyunları vaxtı Bakıda olmuşam. O vaxt da sevindim ki, respublika kifayət qədər əzmlə inkişaf edir. Mən dünyanın 80 ölkəsində olmuşam və deyə bilərəm ki, Bakıdakı kimi gözəl dənizkənarı bulvar, bəlkə də heç yerdə yoxdur. İnsanlar üçün əla yerdir. Şəhərdə çoxlu gül-çiçək var. Heydər Əliyev nə mümkündürsə, edirdi ki, respublikanın sərvətləri ölkəyə, vətəndaşlara xidmət etsin. Biz görürük ki, müdrik siyasətin sayəsində Azərbaycan inamla inkişaf edir. Respublikada müasir infrastruktur yaradılıb, yollar çox gözəldir. Ölkədə insanları dəstəkləyirlər. Bu da çox yaxşı haldır ki, indiki Prezident İlham Heydər oğlu Əliyev öz atasının siyasətini davam və inkişaf etdirir. Məhz belə siyasət sayəsində Azərbaycan aparıcı respublikalar sırasına çıxıb”.


Daha çox xəbər

Şərh yaz