Axtarış...

Saakavşili faktoru GUAM-ı dağıdır: - “Kiyev ondan əl çəkməyəcək”

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukrayna baş nazirinin müavini təyin edilməsi iki ölkə arasında diplomatik münasibətlərə zərbə vurub. Artıq Gürcüstan Ukraynadakı səfirini geri çağırıb. Post-sovet məkanında əsas strateji müttəfiqlərdən biri olan Gürcüstan və Ukrayna arasında qarşılıqlı ittihamlar səslənir. Amma M.Saakaşvilinin baş nazirin müavini təyin olunması ilə bu ölkələrin yolları ayrılıb. Siyasi müşahidəçilərin fikrincə, Qərbə yaxınlığı ilə seçilən Kiyev və Tiflis iki ölkənin arasında yaranmış narazılıqdan Rusiya faydalanmağa çalışacaq. Bu baxımdan, Ukrayna və Gürcüstan arasında baş qaldıran gərginlik strateji münasibətlərə təsir göstərə bilər. Qeyd edək ki, həm Ukrayna, həm də Gürcüstan GUAM təşkilatının üzvüdür.

Yaranmış diplomatik qalmaqal GUAMdaxili münasibətlərə təsirsiz ötüşməyə bilər. Hətta analitiklər Ukrayna ilə əməkdaşlığa son qoyan Gürcüstanın GUAM-dan çıxacağı ehtimalını da nəzərdən keçirir. Bu isə qurumun faktiki olaraq dağılması deməkdir. Lakin Mixail Saakaşvilinin təyinatı yalnız Gürcüstan hakimiyyətini narahat etmir. Ukraynanın daxili işlər naziri, milliyyətcə erməni olan Arsen Avakovla arasında münaqişə yaşanan Saakaşvilinin baş nazirin müavini postuna gətirilməsi Ermənistanda pis xəbər kimi qarşılanıb. Ona görə də Ermənistan mətbuatı sözügedən təyinatın Ukrayna-Ermənistan münasibətlərinə təsir göstərəcəyini yazır.
Politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Ukrayna prezidentinin M. Saakaşvilini Baş nazirin islahatlar üzrə müavin təyin etməsi səbəbsiz deyil. Bu təklif Vladimir Zelenskinin islahatların dərinləşdırilməsində maraqlı olduğunu göstərir: “Qeyd edim ki, V. Zelenskinin bu təyinatı heç də Gürcüstan-Ukrayna əlaqələrinin pozulmasına hesablanmayıb. Sadəcə burada məqsəd ölkədə korrupsiyaya qarşı mübarizə aparmaq üçün yeni güc əldə etməkdir. Bundan qəzəblənən Gürcüstan hakimiyyətidir və İvanişvili iqtidarı Rusiyaya xoş gəlmək üçün rəsmi Kiyevə etiraz edir. Bdzina İvanişvilinin kölgəsində olan hakimiyyət Rusiya yönlü sistemdir və çalışırlar ki, Rusiya ilə əlaqələri qorusunlar. Saakaşvilinin Ukraynada vəzifəyə gəlməsinin Gürcüstana heç bir müsbət və ya mənfi təsirləri yoxdur. Sadəcə olaraq, B. İvanişvili qeyzlənir. Saakaşvilinin hazırda əsas məqsədi Ukraynada köklü islahatlara nail olmaq, bu ölkəni Rusiya siyasi sistemindən tam uzalaşdırmaq və Avropaya inteqrasiyasını inkişaf etdirməkdir. Rəsmi Tiflis nə qədər qəzəbli olsa da rəsmi Kiyev Saakaşvilidən əl çəkməyəcək. Ümumiyyətlə, Saakaşvili Qərb siyasi mərkəzlərinin Zelenskiyə məsləhəti əsasinda hakim komandaya gətirilib. Hər iki ölkə Avropanın strateji tərəfdaşıdır və hesab edirəm ki, bundan yalnız Gürcüstan ziyan çəkə bilər. Ona görə də Tiflis bir müddətdən sonra geri çəkiləcək. Ümumiyyətlə, GUAM bir işlək qurum deyil. Bu təşkilat sözdə qalıb və buradan Gürcüstanın ayrılması nəyisə dəyişməyəcək".

Politoloq qeyd edib ki, Sakaşvilinin əsas düşmənlərindən biri bu ölkənin daxili işlər naziri A. Avakovdur və o, bu şəxsi vəzifədən uzaqlaşdırmağa çalışacaq: "Çünki Saakaşvili yaxşı bilir ki, Avakov islahatlara mane olan adamdır. Avakovun da sistemdən getməsi Ukrayna ilə Ermənistan arasında problem yaratmayacaq. Avakovu Ermənistanla bağlayan demək olar ki, heç nə yoxdur. O şəxs Azərbaycanda anadan olub, Rusiya və Ukraynada bu pillələrə qalxıb. Milliyyətcə ermənidir və bu Ermənistan-Ukrayna əlaqələrində hər hansı bir önəmli rol oynamır. Avakov Ukrayna vətəndaşıdır və Ermənistanın bu məsələni qaldırması nə hüquqa, nə də siyasi münasibətlərə uyğundur. Hesab edirəm ki, Zelenski artıq Ukraynada islahatları genişləndirəcək və bu ölkə demokratik yolda daha da inkişaf edəcək”.


Daha çox xəbər

Şərh yaz