Axtarış...

"Məktəb direktoru deyir ki, nazir dostumdu, heç kim mənə heç nə edə bilməz" - VİDEO




Sosial şəbəkələrdə Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbin direktoru ilə bağlı video yayılıb.

"BakuPost" xəbər verir ki, məktəbin kitabxana müdiri Təranə Mahmudova direktor Samir Mehdizadənin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sabiq müdiri Məhəbbət Vəliyevanın ünvanına kəskin ittihamlar səsləndirib.

Məsələ ilə bağlı "BakuPost"a açıqlama verən keçmiş kitabxana müdiri 1000-ə yaxın dərsliyi mənimsəmək məqsədilə düzəltiyi saxta akta qol çəkmədiyi üçün məktəb drektorunun ona tələ qurduğunu və işindən uzaqlaşdırdığını deyib:

"Özü də elə bir maddə ilə işdən uzaqlaşdırıb ki, indi heç yerdə işə düzələ bilmirəm. Yoldaşım da şəkər xəstəsidir. Mən uzun illər idi ki, o məktəbdə kitabxana müdiri kimi çalışırdım. Bir dəfə də olsun, işimdə nöqsan olmamışdı, xırda xəbardarlıq belə almamışdım. Hətta nümunəvi işçi olduğuma görə "Fəxri fərman"la da təltif edilmişəm. Hər şey 2014-2015-ci illər arasında baş verdi. Mənə tələ qurub işimdən uzaqlaşdırdı, sonra da bərpa olunmağım üçün 17 min manat istədi. Getdim Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın yanına. Mənə demədiyi söz qalmadı. Dedi ki, sən kimsən, direktordan mənə şikayət etməyə gəlmisən? Gərək əlimə-ayağıma düşənsən ki, bu davranışını bağışlayım. Get, səndən nə qədər pul istəyir, evini, maşınını sat, ver direktora, Sonra da yalvar ki, səni bağışlasın. Bundan sonra banka gedib kredit almaq istədim, amma cəmi min manat düzəldə bildim. Getdim direktorun yanına, amma məni işimə bərpa etmədi. Dedim, məhkəməyə üz tutacam, dedi, get kimə nə deyirsən, de, nazir mənim dostumdu".
T.Mahmudova bildirir ki, məhkəməyə müraciət edib. 3 dəfə fərqli zamanlarda məhkəmə prosesi olub və hər birində bəraət alıb. Ancaq direktor S.Mehdizadə onu nə işinə bərpa edib, nə də işdən çıxarılma ilə bağlı xüsusi ağırlaşdırıcı maddəni götürüb. Bakı Şəhəri üzər Təhsil İdarəsinin yeni rəhbərliyindən isə ona bildiriblər ki, məsələ keçmişdə qalıb, heç cür kömək edə bilməzlər. Təhsil Nazirliyinə yolladığı bütün şikayət məktubları isə cavabsız qalıb.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz uğursuz alındı.

Sosial şəbəkələrdə yayılan videonu təqdim edirik:




Daha çox xəbər

Şərh yaz