Axtarış...

Prezident Azərbaycanın sosial siyasətini yenidən format edir... - TƏHLİL

Prezident Azərbaycanın sosial siyasətini yenidən format edir... - TƏHLİL

Azərbaycanda növbədənkənar prezident seçkilərindən sonra yeni hökumət kabinetinin formalaşdırılmasından 2 il ötür. 2018-ci il aprelin 18-də Prezidentin fərmanı ilə xeyli sayda nazirlik və komitələrin rəhbərləri dəyişdirildi. Ötən müddət ərzində rəhbərləri dəyişdirilən mərkəzi icra orqanlarının fəaliyyətində baş verən dəyişikliklər ölkə başçısının seçiminin çox uğurlu olduğunu göstərir.

Xüsusilə sosial-iqtisadi blokdakı dəyişikliklər ölkə iqtisadiyyatında, sosial həyatında çox mühüm keyfiyyət dəyişikliyinə gətirib çıxardıb.

Postneft dövrü üçün Azərbaycan iqtisadiyyatının əsas inkişaf prioritetlərindən birini kənd təsərrüfatı təşkil edir. Məhz bu sahəyə 2000-ci illərdən bəri külli miqdarda dövlət vəsaitləri ayrılsa da, ciddi irəliləyişlərin əldə olunması mümkün olmamışdı. Aqrar istehsalçılara dövlət dəstəyi isə sözün həqiqi mənasında, korrupsiya mexanizminə çevrilmişdi. Bu şəraitdə texniki sahədən kənd təsərrüfatı naziri postuna gətirilən İnam Kərimovun keyfiyyət dəyişikliyinə nail olacağı çoxlarına qeyri-real gəlirdi. Lakin ötən müddət ərzində yüz milyonlarla manatın dövr etdiyi kənd təsərrüfatına dövlət dəstəyi sistemində yaradılan şəffaflıq bütün korrupsiya ocaqlarını söndürməyə imkan verir. Söhbət həm aqrar təsərrüfat üçün maşın-mexanizm, avadanlıqların, damazlıq heyvanların güzəştli yolla istehsalçılara satılması, həm də əkinlərə, maşın-motor yağlarına görə subsidiyanın verilməsi mexanizmlərinin elektronlaşdırılmasından gedir.

Biznesin inkişafı üçün zəruri olan şərtlərdən biri şəffaf vergi sisteminin olmasıdır. Uzun illər boyu Azərbaycanda korrupsiyalaşmış vergi orqanları biznesin inkişafı qarşısında əsas maneələrdən biri rolunu oynayıb. Bunu dəfələrlə Prezident İlham Əliyev öz çıxışlarında vurğulayıb. Məsələn, 2018-ci ilin 9 ayının yekunlarına həsr olunmuş hökumət müşavirəsindəki çıxışında vergi-gömrük sistemindəki şəffaflıq və kölgə iqtisadiyyatının yaratdığı problemləri dilə gətirib: “Vergi orqanlarında da ciddi struktur islahatları aparılır. Bu barədə nazir məlumat verdi. Mən qeyd etməliyəm ki, bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır. Düzdür, heç bir ölkədə buna 100 faiz nail olunmayıb, hər bir ölkədə kölgə iqtisadiyyatı var, amma bunun dərəcəsi var. Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır. Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu, əlbəttə, imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər. Müvafiq göstərişlər verilir. Vergidən yayınmaya son qoyulmalıdır. Bu, həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq. Bütün müvafiq qurumlara göstəriş verildi, ilk növbədə, Vergilər Nazirliyinə. Bu nazirlik heç nəyə baxmadan, dövlət maraqlarını rəhbər tutaraq öz siyasətini aparmalıdır. Bütün dövlət qurumları, o cümlədən sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Dəstək verməyən isə cəzalandırılacaq”.

Bu çıxışda vergi sistemindəki qanunsuzluq və korrupsiya hallarında günahkar olan bütün tərəflər açıqlığı ilə dilə gətirilib: vergidən yayınmağa çalışan sahibkar, onu himayə edən yüksək vəzifəli məmurlar, rüşvət müqabilində buna göz yuman vergi əməkdaşı. Məhz bu üç tərəfin “səmərəli” əməkdaşlığı nəticəsində uzun illər boyu Azərbaycanda kölgə iqtisadiyyatı çiçəkləndi, milyardlarla manat büdcədən yayındırıldı. Bu vəziyyətdə Mikayıl Cabbarovun timsalında Vergilər Nazirliyinin yeni rəhbərliyinin qarşısına çox ağır bir iş qoyulmuşdu. Bu işin uğurla icrası zamanı bir neçə istiqamətdən gələn təzyiq və hücumlara qarşı durmaq lazım gəldi: rüşvətxorluğa, korrupsiyaya öyrəşmiş vergi əməkdaşları, arxalı sahibkarlar, öz biznesini himayə edən yüksək vəzifəli məmurlar. Belə bir şəraitdə Vergilər Nazirliyinin yeni rəhbərliyi şəffaflaşma prosesinə start verdi. İlk öncə sahibkarlar, vətəndaş cəmiyyəti nümayəndələri və müstəqil ekspertlərlə müzakirələrə, aktiv dialoqa başlandı. Vergi qanunvericiliyində şəffaflığı dəstəkləyəcək, iqtisadiyyatın kölgədən çıxmasına şərait yaradacaq, eyni zamanda ölkənin kəskin ehtiyac duyduğu kiçik və orta biznesin inkişafına təkan verəcək dəyişikliklər üçün təkliflər toplandı və 2018-ci ilin oktyabrında parlamentə Vergilər Məcəlləsinə böyük dəyişiklikləri nəzərdə tutan qanun layihəsi təqdim olundu.

Eyni zamanda vergi orqanlarında əliəyriliyi vərdişə çevirən əməkdaşlar işdən azad olundu, yeni və təmiz reputasiyalı işçilər cəlb olundu. Bundan əlavə, vergi orqanlarında iş rejimindən tutmuş, işçi-rəis münasibətlərinə qədər bütün səviyyələrdə şəffaflıq təmin edildi.

M.Cabbarovu iqtisadiyyat naziri təyin edən zaman qəbul edərkən Prezident onun fəaliyyətinə yüksək qiymət verdiyini deyib: “Haqsız rəqabət bizim üçün böyük yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən. Mən bilirəm, sizə nazir kimi, xüsusilə Vergilər naziri kimi, bəziləri təzyiqlər göstərməyə çalışırdılar ki, bizim biznesimizə dəymə. Mən bilirəm ki, siz onların qarşısında çox mətanətlə çıxış etmisiniz. Mən bunu həmişə dəstəkləmişəm və sizə həmişə dəstək olmuşam. Demişəm ki, heç kimə baxmadan bütün işlər ən yüksək səviyyədə görülməlidir. Heç kim heç bir imtiyaza sahib ola bilməz. Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək”.

Ötən ilin doqquz ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş hökumət müşavirəsində ölkə prezidenti son 2 ildə vəzifəyə təyin etdiyi gənc nazirlərin işini təqdir edib. O, vergilər, kənd təsərrüfatı və sosial siyasət sahələrində mühüm işlər görüldüyünü bildirib. Prezidentin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə bağlı xüsusilə təqdiredici fikirləri, eyni zamanda gənc kadrların həyata keçirdiyi islahatlara qarşı olanlara xəbərdarlığı diqqəti cəlb edir: “Sosial müdafiə sahəsində nə qədər pozuntular olub. Yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlar aparır. Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.

Sosial sahədə ötən iki ildə həyata keçirilən islahatlar çoxşaxəli olmaqla bu sferadakı korrupsiya imkanlarını minimuma endirməyə yönəlib. Sosial müdafiə, pensiya, əlilliyin və ünvanlı sosial yardımın təyinatı sahələrində uzun illərdən bəri kök salmış korrupsiyanı aradan qaldırmaq, müxtəlif sosial xidmətlərin göstərilməsi, məşğulluğun təmin olunması sahələrində effektiv və şəffaf mexanizmlərin formalaşdırılması kimi mühüm vəzifələr qoyulan yeni rəhbərliyin işi heç də asan olmayıb. Bütün çətinliklərə baxmayaraq, ötən müddət ərzində əlilliyin təyinatı sahəsində elektron sistemin oturuşması, bu prosesdə vətəndaş-məmur təmasının minimuma endirilməsi istiqamətində ciddi addımlar atılıb.

Eyni zamanda Azərbaycanda aztəminatlı həssas qruplardan olan şəxslərin özünüməşğulluğunun təminatı istiqamətində böyük işlər görülüb. Bu məqsədlə həyata keçirilən proqramın əhatə dairəsi 72 faiz genişləndirilib.

Ötən ilin sentyabrından etibarən proqrama cəlb olunanlar, onlara verilən aktivlərlə bağlı məlumatlar nazirliyin internet saytında “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsində yerləşdirilib.

Əhalinin məşğulluğunda da ciddi irəliləyişlər əldə edilib. 2018-ci illə müqayisədə, məşğulluq xidməti orqanları vasitəsilə işə düzələnlərin sayı 2019-cu ildə 99 faiz artıb. Belə ki, 2018-ci ildə işə düzələnlərin sayı 51774 nəfər idisə, bu rəqəm 2019-cu ildə 103028 nəfərə kimi yüksəlib.

ƏƏSMN-in məşğulluğun təminatı sahəsində həyata keçirdiyi daha bir proqramın təşəbbüskarı birbaşa ölkə prezidentidir. Ötən ilin əvvəlindən reallaşdırılan “İşsizin dostu” proqramı çərçivəsində ictimai işə cəlb olunanların sayı 2019-cu ildə 47 599 nəfər olub.

Bu proqramın icrasında şəffaflığı artırmaq üçün ƏƏSMN “İşsizin dostu” proqramı çərçivəsində işlə təmin olunan vətəndaşların siyahısını öz rəsmi saytında yerləşdirib. Siyahı rayon və şəhərlərin hər biri üzrə ayrı-ayrılıqda təqdim olunur.

Vətəndaşlara xidmət göstərilməsində şəffaflığı və operativliyi təmin etmək üçün əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, müvafiq informasiya sistemlərinin formalaşdırılması informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması sahəsində mühüm rol oynayır.

Keçən il ərzində elektron xidmətlərin genişləndirilməsi və innovasiyaların tətbiqi sahəsində nazirlik tərəfindən geniş həcmli işlər həyata keçirilib. Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında dövlət başçısının 2018-ci il sentyabrın 5-də verdiyi Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı “e-sosial” portalı 16 elektron altsistemi və 2 reyestri özündə birləşdirir. Portal vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlar (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) bazasına çıxış imkanı yaradıb. Həmin portal vasitəsilə vətəndaş özü barədə toplanmış məlumatları daimi izləyə bilir, yaranan sosial-əmək hüquqlarının təminatı prosesinə ictimai nəzarəti həyata keçirir. Portal vətəndaşa nazirlik tərəfindən təqdim olunan 100-dən çox sosial xidmət növündən yaranmış hüquqları müqabilində çevik rejimdə yararlanmaq imkanı verir.

Ötən il sosial təminat növləri üzrə təyinat sistemləri də elektronlaşdırılıb. İlin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib. Nəticədə pensiya hüququ yaranmış şəxs özü müraciət və sənəd təqdim etmədən, məmur-vətəndaş təması olmadan pensiya təyin edilir və bu barədə elektron qaydada ona məlumat verilir”,- deyə şöbə müdiri bildirib: “İl ərzində pensiyaya çıxan vətəndaşların 80 faizi e-pensiya sistemi ilə əhatə olunub. Yaşa və əlilliyə görə pensiya növlərinin e-təyinat sistemləri ilə yanaşı, 2019-cu ildə sosial müavinət və təqaüdlərin də e-təyinatı infrastrukturunun qurulması istiqamətində mühüm işlər aparılıb. 2019-cu ilin oktyabr-dekabr aylarında 19 müavinət və təqaüd növü üzrə e-təyinat sistemi işə salınıb. Beləliklə, 2019-cu ildə 21 sosial təminat növünün, o cümlədən 2 pensiya və 19 müavinət-təqaüd növünün elektron təyinat sistemi işə salınıb.

Hazırda nazirlik üzrə 132 xidmət göstərilir. Bunlardan 21-i elektronlaşdırılıb. Bu il ərzində elektronlaşan xidmətlərin sayının 91-ə çatdırılması nəzərdə tutulub.

Uzun müddət ərzində korrupsiyalaşma səviyyəsi yüksək olan proqramlardan biri də ünvanlı sosial yardımın təyinatıdır. 2018-ci ildən bu sahədə həyata keçirilən şəffaflaşdırma tədbirləri nəticəsində minlərlə vətəndaşa təyin edilən sosial yardım dayandırılıb. Əvəzində əsl ehtiyacı olan ailələrin bu proqramdan bəhrələnməsi təmin edilib.

Növbədənkənar prezident seçkisindən sonra rəhbər vəzifələrə təyin olunan gənc kadrların öz sahələrində əldə etdikləri uğurlar bilavasitə ölkə prezidentinin dəstəyi sayəsində mümkün olub. Cəmiyyətin, vətəndaşların böyük hissəsinin öz üzərində hiss etdiyi keyfiyyət dəyişiklikləri göstərir ki, gənc kadrlar onlara göstərilən etimadı doğrultmağı bacarıblar.

Prezident İlham Əliyev gənc kadrları qabağa çəkməklə, Azərbaycanı bir neçə il qabağa apardı. 2018-ci ilin bu günündən başlayan proses davam edir. 2019-cu ilin sonlarına yaxın isə Nazirlər Kabinetində, Prezident Administrasiyasında inqilaba bərabər kadr dəyişikliklərinin şahidi olduq. Bunun ardınca Milli Məclisə keçirilən növbədənkənar seçkilər də prosesin tərkib hissəsi kimi qiymətləndirildi. Və nəhayət, kadr dəyişikliyi Milli Məclis Aparatına qədər gəlib çıxdı. Ölkə başçısı bu günlərdə etdiyi çıxışında bildirdi ki, kadr islahatları davam etdiriləcək.
“Yeni Müsavat”


Daha çox xəbər

Şərh yaz