Axtarış...

Prezidentdən möhtəkirlərə böyük zərbə


Koronavirus pandemiyası ilə əlaqədar dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda tibbi maska qıtlığı yaşanırdı. Artıq Azərbaycan problemin həllinə başlayıb.

Yenisabah.az xatırladır ki, bu məqsədlə Sumqayıt Kimya Sənaye Parkının nəzdində fəaliyyət göstərən “Bakı Tekstil Fabriki” MMC tərəfdindən tibbi maska istehsal edilən müəssisə yaradılıb. Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dünən müsəssisənin açılışında iştirak ediblər.

Tibbi maska istehsalı möhtəkirlərə zərbə vuracaq
Tibbi maska istehsal edən müsəssisənin açılışı cəmiyyətdə də müsbət qarşılanıb. Vətəndaşları ən çox narahat edən problemin həllinə start verilməsi koronavirus pandemiyasına qarşı mübarizədə mühüm töhfə kimi qiymətləndirilir.

Prezident İlham Əliyev də xalqa müraciətində bu məsələyə xüsusi toxunaraq bildirib ki, Azərbaycanda qısa müddətdə tibbi maska istehsalına başlaması xüsusi əhəmiyyət kəsb edir. Bu həm koronavirus pandemiyasına qarşı mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır.

Tibbi maska istehsalına başlanılması bu sahədə süni qiymət artımının qarşısını da alacaq. Maska qıtlığı zamanı möhtəkirlərin bahalaşma yaratdığı sirr deyildi. Daha doğrusu, maska qıtlığı möhtəkirlərin biznes maraqları ilə izah edilirdi. Baxmayaraq ki, Prezident bu barədə xəbərdarlıq etmişdi. Bununla belə, yenə də fürsətdən yararlananlar tapılırdı. Artıq buna da son qoyulacaq.

İlham Əliyev xalqa müarciətində bu məsələyə növbəti dəfə oxunub. Onun sözlərinə görə, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımına yol verilməməsi əsas məsələlərdən biridir. Deməli, bu məsələ hakimiyyətin zirvəsində xüsusi diqqətdə saxlanılır. Bu isə o deməkdir ki, süni qiymət artımına yol verənlər ciddi şəkildə cəzalandırıla bilər.

Həm hökumət, həm də vətəndaşlar arxayınlaşmamalıdır
Koronavirus pandemiyasına qarşı tədbirlərdə dünya ölkələri ilk növbədə insanların sağlamlığının təmin olunmasına önəm verirlər. Azərbaycanda da belədir. Prezident İlham Əliyev də xüsusi olaraq vurğulayıb ki, koronavirus pandemiyasına qarşı tədbirlərdə əsas məqsəd insanların sağlamlığının qorunmasıdır. Bu məqsədlə bütün lazımi tədbirlər görülür. Dezinfeksiya işlərinin aparılması, vətəndaşların koronavirus testindən keçirilməsi, zərurət olmadığı halda küçəyə çıxmalarının qadağan edilməsi bu sıraya daxildir.



Prezident bildirib ki, 45 mindən artıq koronavirus testi keçirilib. “Azərbaycan dünyada aparıcı ölkələrdəndir ki, bu qədər test keçirib”, - deyə ölkə başçısı vurğulayıb.

Preventiv tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycanda koronavirusa kütləvi yoluxma və ölüm halları baş vermir. Lakin bu həm hökumətdə, həm də vətəndaşlarda arxayınlığa səbəb olmamalıdır. Koronavirusun tüğyan etdiyi İtaliya, İspaniya kimi Avropa ölkələrində baş verənlər göstərir ki, arxayınlıq, lazımi tədbirlər görməmək, qaydalara əməl etməmək tibb sahəsini aciz duruma salır, bu isə faciəvi nəticələr törədir.

Məsuliyyət və milli birlik mübarizənin effektini artırır
Pandemiyaya qarşı effektiv mübarizə təşkil etmək üçün məsuliyyət, nizam-intizam və milli birlik vacib faktordur. Bu səbəbdən ölkə başçısı pandemiyaya qarşı mübarizə tədbirləri barədə danışarkən bu faktoru xüsusi olaraq önə çəkir.

Bəzi vətəndaşlarımız xüsusi karantin rejiminin sərtləşdirilməsinə etiraz edirlər. Onlar fərqinə varmır ki, qaydaların sərtləşdirilməsi zərurətdən doğur. “Evdə qal” kampaniyasına hamı riayət etmir. Bu isə yoluxma halının artması riskini yaradır. Bu səbəbdən hökumət qaydaları sərtləşdirmək məcburiyyətində qalıb.

“İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar. İnsanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı hər şeydən üstündür. Biz həm milli birlik, həm həmrəylik nümayiş etdirmişik və məsuliyyət də nümayiş etdirməliyik”, - deyə ölkə başçısı da vətəndaşları məsuliyyətli olmağa çağırıb.

Dövlət hər bir vətəndaşının yanındadır
Xaricdə yaşayan azərbaycanlıların əhəmiyətli hissəsinin qısa müddətdə təxliyə edilməsi də pandemiyaya qarşı mübarizədə müsbət addım kimi qiymətləndirmək olar. Bu günə qədər 15 minə yaxın soydaşımız xarici ölkələrdən təxliyə edilib. Bu da dövlətin hər bir vətəndaşının yanında olmasının göstəricisi sayıla bilər. “Xaricdə yaşayan və xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində atılan operativ addımlar nəticəsində böyük nailiyyətlər əldə edilib.

Bu günə qədər 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edilib və onların böyük əksəriyyəti karantinə yerləşdirilib”, - deyə Prezident də bu məsələyə toxunub.

Pandemiya iqtisadiyyata da ciddi zərbə vurub. Xeyli iş yerlərinin fəaliyyəti dayandırılıb. Hökumət bunu kompensasiya etmək, fəsadların daha da dərinləşməməsinin qarşısını almaq üçün xüsusi proqramlar hazırlayıb. Bu proqramların ümumi maliyyə dəyəri 2.5 milyard manat təşkil edir. Qeydiyyatda olan 200 min işsizə 2 ay ərzində 190 manat vəsait ödəniləcək. Bundan başqa, 600 min işçi, o cümlədən fərdi sahibkar dövlət hesabına maliyyələşdiriləcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələrə başlanılır. Bütün bunlar qısa müddətdə Azərbaycanın bu çətin dövrdən minimum ziyanla çıxmasına nail olmaq üçündür. Vətəndaşlar bunun fərqinə varmalı və dövləti daha çətin duruma salmamaq üçün xüsusi karantin rejiminin qaydalarına ciddi riayət etməlidirlər.

“Yeni Sabah” Analitik Qrupu


Daha çox xəbər

Şərh yaz