Axtarış...

Tibbi maska tələbi əlavə təhlükə meydana çıxarır: Baxın, necə



Vətəndaşlardan qoruyucu tibbi vasitəsiz çölə çıxmamaları tələb olunur, amma gəl, aptekləri dörd dolan



Nazirlər Kabineti yanında Operativ Qərargah, o cümlərədn Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edir ki, evdən çölə çıxarkən tibbi maskadan istifadə etmək vacib və məcburidir. Lakin ən sadə maskaları belə, apteklərdən tapmaq mümkün deyil.



Əvvəllər apteklərdə tibbi maskaların olmaması ilə barışmaq mümkün idi, çünki ondan istifadə məcburi deyil, tövsiyə olunan idi. İndi isə maskası çölə çıxmamaq tələb şəklindədir.



Məsələ ilə bağlı DİN-in vətəndaşlara son müraciətində deyilir:



“Evdən çıxmaq zərurəti yarandıqda qoruyucu tibbi vasitədən (maska) istifadə etsinlər, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlasınlar, mütləq qaydada şəxsiyyət vəsiqəsini (və ya şəxsiyyəti təsdiq edən digər sənədi), fəaliyyətinə icazə verilmiş təşkilatlarda işləyən şəxslər isə xidməti vəsiqələrini və ya bu faktı təsdiqləyən rəsmi arayışı özləri ilə götürsünlər. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş qadağalara və məhdudiyyətlərə əməl etməyən şəxslərə münasibətdə hüquqi məsuliyyət tədbirləri görüləcək”.



Maraqlıdır ki, hökumət çatışmazlığın mövcudluğunu etiraf etmir. Jurnalistlərin suallarını cavablandıran Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov ölkədə maskaların çatışmazlığının olmadığını deyib. Və əlavə edib ki, bu tibbi vasitələr apteklərə və hər şeydən əvvəl həyati zəruri ehtiyaclar üçün çatdırılır.



O zaman apteklər şəbəkələrində nə baş verir? AYNA əməkdaşının paytaxtdakı bir sıra apteklərdə apardığı monitorinq ciddi tibbi maska qıtlığının olduğunu ortaya çıxardı. Daxili İşlər Nazirliyinin insanları küçələrə onsuz çıxmağa icazə vermədiyi həmin maskaları apteklərdə tapmaq mümkün deyil. Bəzi apteklərə, ümumiyyətlə gətirilmir, bəzilərində isə gündə bir dəfə 50 ədəd gətirilir və dərhal da satılır.



“Bu gün aptekimizə 50 tibbi maska gətirilib. Bir adama iki ədəddən çox satmamağımıza baxmayaraq, maskalar gələn kimi dərhal satılır. Bu günkü maskaları 25 nəfər satın aldı”, - deyir söhbətləşdiyimiz apteklərdən birinin satıcısı.



Gün ərzində onlarla aptekə üz tutduq, hamısında eyni vəziyyətlə qarşılaşdıq. Buradan belə nəticə çıxara bildik ki, tibbi maska axtarışında olarkən dəfələrlə virusa yoluxma təhlükəsinə məruz qala bilərik – aptekləri gəzmək, satıcılarla söhbətləşmək yolboyu müxtəlif təmaslar və s. Bir sözlə, tibbi maska axtarışı koronavirusa yoluxmaq üçün əlavə riskə çevrilir...



Şərh yaz