Axtarış...

İlham Əliyev 3 sərəncam imzaladı



Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Göygöl rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Millitv.az sərəncamın mətnini təqdim edir:

1. Göygöl rayonunun əhalisi 13774 nəfər olan 7 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700,0 (yeddi yüz) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şamil Ayrımın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Şamil Ayrım “Dostluq” ordeni ilə təltif edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli 998 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2015‒2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda və 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017‒2021-ci illərdə” Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli 998 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 42; 2019, № 5, maddə 899) ilə təsdiq edilmiş “2015‒2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.2.3-cü yarımbənddə “alimlər” sözü “alim və tədqiqatçılar” sözləri ilə əvəz edilsin;

1.2. 5.2.16-cı yarımbənddə “alimləri” sözü “alim və tədqiqatçıları” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1689; 2018, № 5, maddə 1066; 2019, № 6, maddə 1085) ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017‒2021-ci illərdə” Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5.10.2-ci yarımbəndin “Tədbirin adı” sütununa “alim” sözündən sonra “, tədqiqatçı” sözü əlavə edilsin;

2.2. 5.10.3-cü və 5.10.5-ci yarımbəndlərin “Tədbirin adı” sütununda “alimlərin” sözü “alim və tədqiqatçıların” sözləri ilə əvəz edilsin.



Şərh yaz