Axtarış...

Bakının çıxışında son vəziyyət: Regionlardan gələn maşınlar belə geri qaytarılır - VİDEO



Gecə saat 00:00-dan etibarən xüsusi təyinatlı, təcili tibbi yardım, qəza-bərpa, xilasedici və yük daşıyan avtomobillər istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişi məhdudlaşdırılıb.

Baku TV xəbər verir ki, artıq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olmayan nəqliyyat vasitələri sərnişinlərlə birgə geri qaytarılır.

Bir neçə gün bundan öncə sosial şəbəkələr və mətbuat vasitəsilə məlumat verilməsinə baxmayaraq, istər sürücülər, istərsə də sərnişinlər bundan şikayətçidirlər. Gecə saatlarından başlayaraq, postlarda sıxlıq hiss olunur.

Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən qərara əsasən, yalnız Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə verilir.

DYP əməkdaşı Qalib Bayramov bildirir ki, əmrə tabe olmayan sürücülər olmasa da, xeyli sayda narazılıq edənlər olur.

Koronavirus epidemiyasının yayılma riskinin minimuma endirilməsi məqsədilə həyata keçirilən məhdudlaşma martın 29-dək nəzərdə tutulur.

Qeyd edək ki, xüsusi buraxılış rejimi qaydalarını pozan şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri tətbiq olunacaq.




Şərh yaz