Axtarış...

Rüşvət, korrupsiya, saxtakarlıq inkişaf yox, rəzalətdir



Bu mühiti məmurlar qəsdən yaradırlar

Gizlətməyə nə hacət, ölkədə gedən islahatlar kursunun böyük daxili müqavimətlə üzləşdiyi açıq görünür. İllərdi yeyib də doymayan, qarınqulu məmur ordusu hər vəchlə mümkün olan bütün yollara əl atırlar. İmkan düşdükcə ölkənin iqtisadi inkişafı haqqında pafosla danışır, nəzarətlərində olan "siyasətçiləri", "müəllimləri" «ştatlı ekspert»ləri və digər peşə sahiblərini saxta təbliğata cəlb edir, hakimiyyətdə gedən dəyişikliklərə qarşı müqaviməti gücləndirib xalqla hakimiyyət arasında mövcud olan inamı və etibarı sarsıtmaq üçün rüşvətxorluğu, korrupsiyanı, saxtakarlığı şiddətləndirir və cəmiyyətə elə təqdim edirlər ki, hər kəs gördüyü mənzərəyə nifrətlə baxır. Çünki xalq ölkənin iqtisadi inkişafı barədə gedən söhbətin məzmununun nədən ibarət olduğunu yaxşı bilir. Artıq "analoqu olmayan inkişaf" haqqında rüşvətxor məmurların və yalançı siyasilərin gecə-gündüz uydurduqları nağıllara heç kim inanmır. Bu saxta inkişaf nağılının rüşvətxor məmurlar tərəfindən xalqı aldatmaq məqsədilə uydurulduğunu normal düşünmək qabiliyyəti olan hər kəs bilir. Lakin bunu bilənlərin əlindən yalançı, saxtakar məmurları yerində oturtmaq imkanları zorla alınıb.

Azərbaycanda vəzifə kürsüsündə əyləşən bütün məmurların rüşvət aldığını, korrupsiya və saxtakarlıqla məşğul olduqlarını həm xalq, həm də ölkə prezidenti bilir. Lakin bunu hər məqamda dilə gətirirlərsə də, ölkəni hörmətdən salan bu rüsvayçılığın qarşısı islahatlara qarşı çıxan məmurların sabotajı üzündən alınmır ki, bu da ölkənin inkişafına ciddi zərbə vurur!

Rüşvətin, korrupsiyanın və saxtakarlığın xalqın gözü qarşısında tüğyan etməsi ilə müşayət olunan inkişafla biz necə öyünə bilərik?! Gözü doymayan "məmurun" ölkədə gedən islahatlara qarşı çıxması, hər addımda, hər köşədə müqavimət göstərməsi təbii olaraq adamlara çatmır.

Məsələn, ötən ilin sonunda Ağstafa və Yevlaxın sabiq icra başçıları Nizaməddin Quliyev və Qoca Səmədov, bu ilin fevralında isə Neftçalanın icra başçısı İsmayıl Vəliyev vəzifə başında rüşvət və korrupsiya əməlinə görə həbs olundu. Məgər ölkədə rüşvət və korrupsiya ilə məşğul olan yalnız bu icra başçılarımı idi?! Əlbəttə yox!

Xalq bütün icra başçılarının, o cümlədən onların rəhbərliyi altında çalışan bütün məmurların rüşvət, korrupsiya və saxtakarlıqla məşğul olduğunu çox gözəl bilir. Xalq onu da yaxşı bilir ki, yuxarıdan icazə və göstəriş olmasa, heç bir məmur çoxsaylı hüquq-mühafizə və yerdəki digər dövlət orqanlarının gözü qarşısında hər bir rayonda rüşvət toru qurub, açıq şəkilində total rüşvətxorluqla məşğul ola bilməz!

Ona görə də rüşvət və korrupsiya ittihamı ilə DTX tərəfindən həbs olunan icra başçılarının ulduzlarının sönməsinin başqa nədənləri olduğu aşkardır. Bu, kimdəsə əsla şübhə doğurmur. Əgər həbs olunmuş icra başçıları rüşvət və korrupsiyaya görə tutulubsa, bəs o zaman digər icra başçıları niyə həbs olunmur?!

Bəlkə, xəbərimiz yoxdur, digər icra başçıları təmiz, pak mələkdirlər, əllərinə rüşvətin heç tozu da dəyməyib?! İnanan daşa dönsün...

Heç uzağa getməyə gərək yoxdur. Elə götürək bu il 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkilərini. Ölkə üçün xüsusi önəm kəsb edən bu siyasi aksiyanın kütləvi şəkildə saxtakarlıqla keçirilməsini inkişaf sayanlar xalqı nə yerinə, özlərini nə yerinə qoyduqlarının niyə fərqində deyillər?!

Bu cür total saxtakarlıqla parlament seçkisi keçirib, xalqın əsəbləri ilə oynamağa nə lüzum var idi ki?!

Məgər xalq bunu analoqsuz inkişafın tərkib hissəsi hesab etdi?!

Xeyr, inkişaf hesab etmədi, əksinə, saxtakarlara nifrət etdi...

Bu yazıda qeyd edib, sadaladığım rüşvət, korrupsiya və saxtakarlıq nümunələrinin ölkə prezidentinin apardığı islahatlara qarşı çıxanların, içimizdəki acgöz, yekəqarın saxtakar məmur ordusunun pis niyyət və əməllərinin nəticəsi olduğuna şübhə etmirəm.

Şahnaz Salehqızı

[email protected]


Daha çox xəbər

Şərh yaz