Axtarış...

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

"Dünyada mövcud olan ən qabaqcıl texnologiyaları tətbiq etmək Təhsil Nazirliyinin gərək prioritet vəzifəsi olsun. Azərbaycanda gərək virtual dərslər, yeni texnologiyalar geniş yayılsın, bütün məktəbləri əhatə etsin. Bu çox böyük, mürəkkəb, çoxlu maliyyə vəsaiti tələb edən proqramdır. Amma biz bunu etməliyik. Çünki biz gələcəyə baxmalıyıq.”

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Pandemiyanın yaratdığı bu gözlənilməz və ekstremal sınaqda hər bir dövlət imtahan qarşısındadır. Yəqin ki, bu yaxın vaxtlarda virusun dərmanı tapılar. Amma hökumətlər, onların ayrı-ayrı strukturları da imtahan verirlər. Bizim hökumətin bu sınaqda ən zəif həlqəsi təhsil sistemi oldu desək, səhv etmərik. ...Millətin gələcəyi olan təhsil.... Zatən təhsil sistemi normal həyati şəraitində də ürəkaçan vəziyyətdə deyildi, onun fəaliyyətindən hamı narazı idi, mətbuat 15 ildir bu mövzuda həyəcan təbili çalırdı (PİSA 2018 –ci il qiymətləndirilməsi, dünya universitetlərinin reytinq cədvəli, DİM-in hesabatları ilə tanış olmaq kifayətdir) .

Təhsil sisteminin fars- major şəraitdə özünü zəif tərəfdən göstərəcəyi əvvəlcədən bəlli idi, proqnozlar da özünü doğrultdu. Bütün dünya yaranmış fövqəladə vəziyyətdə müvəqqəti bağlanan məktəblərin əvəzinə distant təhsildən səmərəli istifadə etdiyi halda, 5000-ə yaxın təhsil müəssisəmizin heç biri səmərəli distant təhsildən faydalana bilmədi. Təhsilə son 15 ildə qoyulan bu qədər investisiya müqabilində, təhsil sistemi 60 il əvvəlin texnologiyalarına müraciət etməli oldu və bunu da ictimaiyyətə bir innovasiya kimi təqdim etdi.

Təsəvvür edin ki, belə vəziyyət 60-70-cı illərdə olsaydı, o vaxtkı Maarif Nazirliyi necə hərəkət edərdi? Təbii ki, televiziya tədris verilişləri ilə dərsləri davam etdirərdi. Bu gün TN nə edir? 50-60 il əvvəlki texnologiya ilə hərəkət edir. Bunun nəyi innovasiya oldu? Bəs bu 60 ildə bizim təhsil inkişaf etmədimi? Təhsilə dair islahatlar, investisiyalar, dövlət proqramları, strategiyalar, yol xəritələri distant təhsil sahəsində niyə nəticə vermədi? Çünki TN zamanında nəinki distant təhsil sistemini yaratmadı, hətta bunun adını çəkməyə qadağa qoydu, baxmayaraq ki, təhsil haqqında qanunda bu, xüsusi olaraq qeyd edilib. Son 15 ildə xeyli dövlət proqramlarında distant təhsil xüsusi qeyd edilmişdi. Distant təhsilin inkişafı TN və NRYT nazirliklərinə aid bir neçə dövlət proqramında ( "Təhsil sisteminin İKT ilə təminatı” DP, " Təhsil sisteminin informasiyalaşdırılması" üzrə DP, "Elektron Azərbaycan", "İnformasiya Cəmiyyətinin inkişafı", "İKT-nin inkişafı üzrə Strateji Yol Xəritəsi” v.s.) xüsusi qeyd edilsə də, vəsait xərclənsə də, vəziyyət göz qabağındadır.

Niyə ölkəmizdə yaradılmadı distant təhsil? Çünki son 15 ildə sistem həmişə bir nəfərin- nazirin iradəsi, bilgisi və istəyi ilə idarə olunub. Sanki milli təhlükəsizliyin əsas strateji sahəsi olan təhsil kiminsə özəl təsərrüfatıdır (əslində özəl təsərrüfat da mütəxəssislərlə hesablaşır). Təhsilə nə lazımdır, nə lazım deyil qərarını bir nəfər verib. Əgər bu bir nəfər də bu sahədən uzaq adamdırsa, mütəxəssislərin rəy və təklifləri qulaqardına vurulubsa, qlobal təhsil meylləri nəzərə alınmayıbsa, nəticə gözlənilən idi. Deməli, təhsildə kadr siyasəti, insan amili həqiqətən də həlledicidir.

Hərçənd cənab Prezident İlham Əliyev dəfələrlə ölkəmizdə virtual dərslərin keçirilməsi zərurətini qeyd edib: "Dünyada mövcud olan ən qabaqcıl texnologiyaları tətbiq etmək Təhsil Nazirliyinin gərək prioritet vəzifəsi olsun. Azərbaycanda gərək virtual dərslər, yeni texnologiyalar geniş yayılsın, bütün məktəbləri əhatə etsin. Bu çox böyük, mürəkkəb, çoxlu maliyyə vəsaiti tələb edən proqramdır. Amma biz bunu etməliyik. Çünki biz gələcəyə baxmalıyıq.”

Təhsil Nazirliyi distant təhsil məsələsində bildirir ki, internetin sürəti azdır, ona görə də distant təhsil bizdə yoxdur. NRYT nazirliyi deyir ki, biz İKT sahəsində regionda lider dövlətik, sürətli internetlə ölkəni əhatə etmişik, kosmik dövlətik, peyklərimiz var. Təbii ki, TN-nin iddiaları bəhanədir. Bu illər ərzində distant təhsil sahəsində heç bir iş görülməyib, hələ bu azmış kimi, TN-nin əsasnaməsində əvvələr mövcud olan "... distant təhsilin inkişaf etdirilməsi TN əsas vəzifəsidir” bəndi əsasnamədən tamamən çıxardılıb. Nazirlik əsasnaməsində olmayan işlə necə məşğul ola bilərdi? Qeyd edək ki, bu gün mövcud olan internet sürəti ilə də distant təhsil sistemi normal işləyə bilərdi, əgər distant təhsil sistemi ümumiyyətlə, ölkədə yaradılmışdısa. Olmayan resursu internetə necə yerləşdirmək və transfer etmək olardı? Hətta bu gün ölkə üzrə internetin sürəti 100 dəfə də artsa, yenə distant təhsilimiz olmayacaq, çünki bunu heç kəs yaratmayıb, yaradılmasına isə bundan sonra illər lazımdır.

Nazirliyin dəstəyi olmadan isə heç bir təhsil müəssisəsi, o cümlədən universitet distant təhsilə keçə bilməz. 20 ildir ADİU (UNEC) buna təşəbbüs göstərir, bu çox təqdirə layiq təşəbbüsdur. Amma bir universitet üçün bu çox ağır məsələdir, xüsusən də TN tərəfindən zəruri dəstək olmadıqda. Bu günə hələlik bu universitetdə distant təhsilin müəyyən elementləri tətbiq edilir, amma bu, beynəlxalq səviyyədən hələ uzaqdır. Universitetin distant təhsil əsasında fəaliyyət göstərməsi üçün onun müvafiq lisenziyası, bu lisenziyanı verən qurumun (TN) distant təhsil verən universitetlər üçün lisenziya tələbləri və hüquqi normativ bazası hazırlanmalıdır. Əks halda bu iş qanuni təhsil fəaliyyəti hesab edilə bilməz. UNEC-dəki tədris prosesi isə distant yox, qarışıq təhsil (blended learning ) hesab edilə bilər. TN-nin hazırlayacağı bütün normativ sənədlər isə beynəlxalq təcrübəyə əsaslanmalıdır.

90-cı illərin sonları, 2000-ci illərin əvvəlində internetin sürəti indiki ilə müqayisədə 10 dəfələrlə az idi. O vaxtlar artıq dünyada xeyli universitet DT sistemini qurmuşdu. O zaman distant təhsil video kontent əsasında yox, əsasən HTML səhifələr, keys texnologiyası və TV texnologiyası əsasında reallaşırdı, buna internetin zəif sürəti də kifayət edirdi. Yəni distant təhsildə sürətdən çox, kontent vacibdir. Reallıqda isə DT sistemini yaratmağa bizə illər lazımdır. İndiyə kimi DT sistemi yox idisə və 20 il ərzində də olmayıbsa, indi fövqəladə şəraitdə az vaxtda bunu yaratmaq mümkün deyil.

DT ilə əlaqəli aşağılardan olan təşəbbüslərə TN tərəfindən dəstək verilmir, maliyyəmiz yoxdur bəhanəsi ilə təkliflər geri qaytarılır. Universitetlərin büdcəsi isə bu işi görməyə kifayət deyil. Maliyyə mənbəyi kimi orta məktəblər üçün nəzərdə tutulan qrant müsabiqəsi kimi ali məktəblər üçün də qrantlar verilə bilərdi, ya da məktəb qrantları hesabına heç olmasa orta məktəblər üçün qismən də olsa, distant təhsil sistemi yaradıla bilərdi. Bu gün ölkədə müəllimlərin ixtisasartırma və təkmilləşdirmə sistemi bərbad haldadır, 50 il əvvəllər olduğu kimi müəllimlərə ənənəvi formada kurs keçirlər. Halbuki bu gün bütün dünyada müəllimlərin əlavə təhsili onlayn formatda aparılır. Bu kursları çoxdan distant formata keçirmək lazım idi.

Son günlər qlobal səviyyədə distant təhsilə diqqətin artması səbəblərindən biri də neftin qiymətinin düşməsi və iqtisadi böhranın yaranmasıdır. Çünki distant təhsil təhsilin keyfiyyətini saxlamaqla 2-3 dəfə daha ucuz qiymətə təklif edir, bu təhsil daha kütləvi, əhatəli olur.

Ölkədə islahatların getdiyi bir dönəmdə təhsildə də real islahatlara başlanılmalı, ilk addım da distant təhsilin yaradılması olmalıdır.

Belə fövqəladə hallar dünyanın indiki mürəkkəb iqtisadi, siyasi, hərbi, ekoloji və texnogen cəhətdən təhlükəli məqamında gələcəkdə də təkrarlana bilər. Hələ indiki bu vəziyyətin nə qədər davam edəcəyi də bəlli deyil. Yaranan farsmajor vəziyyətdən sonra müvafiq nəticələr çıxarmalıyıq... Amma, ehtimal ki, hər şey olduğu kimi də qalacaq... Pir bizimdi, kəramətinə bələdik.

İlham Əhmədov

təhsil eksperti


Daha çox xəbər

Şərh yaz