Axtarış...

Qlobal resessiya qaçılmaza çevrilir: FED-in qərarı gözlənilən effekti vermədi - GƏLİŞMƏ

Qlobal resessiya qaçılmaza çevrilir: FED-in qərarı gözlənilən effekti vermədi - GƏLİŞMƏ

Dünya iqtisadiyyatında koronavirus səbəbi ilə yaranan durğunluq getdikcə dərinləşir. Artıq bir çox mərkəzlər qlobal resessiyanın başlandığı barədə rəylər açıqlamaqdadırlar. Ötən gün dünya iqtisadiyyatının lokomotivi sayılan Çinlə bağlı açıqlanan iqtisadi göstəricilər bütün dünyada məyusluğu artırıb. Belə ki, açıqlanan məlumata görə, bu ilin iki ayı ərzində Çində sənaye istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 13,5 faiz azalıb. Bu, son 30 ildəki ən kəskin azalmadır. Müqayisə üçün bildirək ki, ötən ilin dekabrında Çində sənaye istehsalı 6,9 faiz artmışdı.

İlin əvvəlindən bəri Çinin ticarət dövriyyəsində 20,5 faiz, əsas kapitala yatırılan sərmayələrdə 24,5 faiz, ixracatda isə 17,2 faiz azalma müşahidə olunub.

Çin hökuməti virusa qarşı mübarizə tədbirlərinin effekt verdiyini, yaxın aylarda ölkədə sənaye istehsalının tam gücü ilə bərpa olunacağını bildirir. Lakin virusun bütün dünyada yaratdığı vəziyyətdə bu, heç də real görünmür. Belə ki, Çinin əsas ticarət tərəfdaşlarının hamısında sərhədlər bağlanıb, ölkələrarası əlaqələr minimuma enib. Avropanın sənaye ölkələrində iqtisadi aktivlik kəskin aşağı düşüb. ABŞ və Avropa ölkələrində virusa qarşı effektiv izolyasiya tədbirlərinin aparıldığını söyləmək mümkün deyil. Bu şəraitdə Çində istehsal bərpa olunsa belə, tələbat olmaması üzündən məhsulun satılmasında problemlər yarana bilər.

Tənzimləyicilər son güllələrini atırlar

Dünya maliyyə-iqtisadi tənzimləyiciləri yaranmış problemlərdən itkilərin qarşısını almaq üçün bir sıra addımlar atırlar. Belə ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-0,25 faizə qədər endirib. Qurum bunu koronavirus təhlükəsinin yaratdığı iqtisadi fəsadların önlənməsi ilə izah edib: “Koronavirusun fəsadları qısamüddətli perspektivdə iqtisadi fəallığa təsir göstərəcək və bu perspektivlər üçün təhlükə yaradır”.

Bundan əvvəlsə FED REPO kreditlərinin həcmini artırıb, eyni zamanda maliyyə sisteminə 1,5 trilyon dollar yeni pul kütləsi inyeksiyası barədə qərar qəbul edib. Təşkilat axırıncı dəfə belə addımlara 2008-ci ilin maliyyə böhranı zamanı əl atmışdı.

Bundan əlavə, FED bankların məcburi ehtiyat normalarını mövcud 10 faizdən 0-a salıb. ABŞ tənzimləyicisi və daha 5 mərkəz bankı - Kanada, Böyük Britaniya, Yaponiya, Avropa Mərkəzi Bankı və İsveçrə Milli Bankı mövcud svop xətləri vasitəsilə likvidliyin qarşılıqlı təminatı sistemini təkmilləşdirmək qərarına gəliblər. Onlar belə svoplarıın dəyərini 0,25 faizədək azaldıblar.

Xilasetmə tədbirlərinə əl atanlar arasında Avstraliya Ehtiyat Bankı, Kanada və Norveç mərkəzi bankları da var. Cənubi Koreya Mərkəzi Bankı da uçot dərəcəsini 2008-ci ildən bəri ən aşağı həddə qədər azaldıb. Martın 18-də FED-in, 19-da Yaponiyanın, 20-də isə Rusiyanın Mərkəzi Bankının müşavirəsi təyin olunub. Bu toplantılarda daha ciddi qərarların alınacağı gözlənilir. Maliyyə tənzimləyicilərinin qərarları hələ ki gözlənilən effekti vermir. Belə ki, koronavirus pandemiyasına görə həyəcanlanmış fond bazarlarında FED-in qərarından sonra da eniş davam edir. Dünən birjalar açılan kimi ABŞ-ın sənaye indeksi S&P 5004,5 faiz, Cənubi Koreya və Honqkonq indeksləri 1-2 faiz azalıb.

Avropa indekslərində də kəskin eniş qeydə alınıb. İngiltərənin “FTSE 100" indeksi 4,5 faiz, Almaniyanın ”DAX" 5,3 faiz, Fransanın “CAC 40" 5 faiz, İtaliyanın ”FTSE MIB" 3,2 faiz, İspaniyanın “İBEX 35" indeksi 4,2 faiz dəyər itirib.

Sinqapurun Azure Capital şirkətinin rəhbəri Terens Vonq The Wall Street Journal-a bildirib ki, investorlar FED-in qərarını pozitiv qarşılamayıblar, çünki hamı onu əlacsızlığın nəticəsi hesab edir: “Bu üç həftədə onlar faktiki olaraq bütün ”güllələrini atdılar". Faktiki olaraq, böhrandan çıxışa gətirəcək heç bir addım, eyni zamanda monetar siyasəti yumşaltmaq üçün hansısa alət qalmayıb".

Dövlət başçıları hərəkətə keçib

G7 ölkələrinin (ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Kanada, İtaliya və Yaponiya) başçıları dünən koronavirus təhlükəsi ilə bağlı videomüşavirə keçiriblər. Görüşün təşəbbüskarı Fransa prezidenti Emmanuel Makron olub. O, ABŞ prezidenti Donald Trampla telefon əlaqəsi saxlayandan sonra bu qərar qəbul edilib. Müşavirədə virusa qarşı vaksinin yaradılması, müalicənin effektivliyinin artırılması və mümkün böhrana qarşı iqtisadi və maliyyə tədbirlərinin koordinasiyası müzakirə olunub.

Pandemiyanın yaratdığı problemlərin birgə həlli üçün Asiya ölkələri də fəaliyyətlərə başlayıblar. Hindistanın baş naziri Narendra Modi Cənubi Asiya Regional Əməkdaşlıq Təşkilatının (SAARC) üzv ölkələri üçün COVID-19 Təcili Yardım Fondunun yaradılmasını təklif edib. O, bölgədə COVID-19 ilə birgə mübarizə aparmaq məqsədilə ortaq bir strategiya tərtib etmək üçün video konfrans vasitəsilə SAARC ölkələrinin rəhbərləri ilə qarşılıqlı müzakirə keçirib. Bütün ölkələrin könüllü yardımı əsasında COVID-19 Təcili Yardım Fondunun yaradılmasını təklif edən N. Modi Hindistanın bu fond üçün ilkin olaraq 10 milyon ABŞ dolları təklif etdiyini deyib.

Fond tərəfdaş ölkələrin hər hansı biri tərəfindən təcili görülən işlərin xərcinin ödənilməsi üçün istifadə edilə bilər. O qeyd edib ki, Hindistan tərəfindən ölkələrin ixtiyarına veriləcək diaqnoz üçün testlər və digər avadanlıqlarla yanaşı həkimlər və mütəxəssislərdən ibarət “Təcili yardım qrupu” da yaradılacaq.

Modi əlavə edib ki, COVID-19-un uzunmüddətli iqtisadi nəticələri, daxili ticarəti və yerli valyuta zəncirlərini onun təsirindən qorumaq üçün qısa zamanda bölgənin mütəxəssisləri müzakirələr aparmalıdır.

Dünya bu vəziyyətə niyə gəldi?

İqtisadçı-ekspert Elman Sadiqovun dediyinə görə, koronavirus olmasaydı belə, dünya iqtisadiyyatında ciddi bir dəyişiklik olmalı idi: “Ticarət, valyuta, iqtisadi sistemlərin bu şərtlərlə davam etməyəcəyi aydın idi. Xüsusilə son 5 ilin mövzusu idi. Yəni həmin dəyişiklikləri həyata keçirmək üçün bir tətik, bir səbəb yetərli idi. Amma bu sistemlərin kilidlənməyə başlamasının əsas səbəbləri nələr idi? Düşünürəm ki, dünya ölkələrinin 90 faizində 80-ci illərdən etibarən elm formal xarakter almağa başladı. Nəticədə daha çox formal elmi işlər, göstərici oldu (fundamental elmi işlər əlbəttə, istisnadır). Konkret biznes tələblərinə əsaslı texnoloji inkişaf (o cümlədən tibbin inkişafı) dünya ölkələrində elmin inkişafı demək deyil. Bu inkişaflar dünyanın barmaqla sayılacaq qədər bir neçə ölkəsində baş verib.

70-ci illərdən etibarən əməyin deyil, kapitalın gətirdiyi gəlir daha çox olmağa başladı. İndi isə təəssüf ki, kapitalın gətirdiyi gəlir əməyin gətirdiyi gəliri katastrofik dərəcədə üstələyir. ABŞ-ın özü başda olmaqla, gəlirlərin bölüşdürülməsində ciddi disproporsiya dağıdıcı təmərküzləşmə yaradıb. Əslində ən bahalı fabrik beyin, ən bahalı məhsul isə fikir, ideya, analizdir. Dünya (bu yazıda dünya deyəndə dünya ölkələrinin 95%-i nəzərdə tutulur) öz inkişafına görə zəkaya borclu olduğunu unutmağa başladı. Ən bahalı fabrik deyəndə avtomobil, dərman, neft fabrik-zavodlarının ön plana gəldiyi dünyada 3 ay ərzində yayılan bir virusun düzgün analiz olunmaması bugünkü nəticələr doğurmalı idi".

Ekspertin fikrincə, virusun yayıldığı müddət ərzində görülən ən kəskin tədbirlərin belə iqtisadiyyatlara ciddi müsbət təsiri olmayacaq: “FED-in 50 faiz bəndi faiz endiriminin birjalara təsirlərini müxtəlif modellərlə ölçdüm. Nəticə: təsiri normal zamanlardakı təsirindən ən azı 4 dəfə az olub. Birjalara nisbətən müsbət təsiri daha çox Trampın çıxışı göstərib. FES-in faizləri 0 ətrafına endirməsinin təsiri olacaq, amma bu təsir gözlənilən səviyyədə olmayacaq. QE (quantitative easing) adlandırılan kəmiyyət yumşalmasının təsiri nisbətən (vurğulayıram ki, nisbətən) daha çox olacaq (bu həftə 1.5 trilyon dollarlıq QE əməliyyatları olacağı gözlənilir)».

E.Sadiqov bildirir ki, virusla bağlı real vəziyyət həmin virus digər ölkələrə yayıldıqda üzə çıxır: “İndiki vəziyyət bizə 2 variantdan birinin düz olmasını göstərir: Ya Çindəki statistika doğru olmamışdır (yanvarın əvvəllərində şübhəmi bildirmişdim. Görülən tədbirlərin dərəcəsi ilə statistika düz gəlmirdi). Ya da virus ciddi bir mutasiya edib. Hər bir halda, dünya ölkələrinin həkimləri (vaksin hazırlayan elmi mərkəzlər istisna olmaqla) indiyə qədər, sadəcə, seyrçi mövqe tutaraq ciddi təhlillər aparmayıblar. İndiki halda ən çox ehtiyac duyulan amillər sağlam düşüncə, səbr, hər bir ölkənin hər hansı başqa ölkəyə arxayın olmadan (hər ölkə yalnız özünü düşünür) iqtisadi dayanıqlığını təmin etməsi ola bilər. Tez-tez verilən bir sual: nə olacaq? Hadisələr o qədər sürətli və dəyişkəndir ki, hazırda ayrı-ayrı neqativ hadisələrdən daha çox, həmin neqativ hadisələrin bir-birilərinə təsirlərinin ölçülməsi daha önəmlidir. Bu təsirlər isə kumulyativ effektlidir. Dünya iqtisadiyyatında bir zəlzələ baş verir. Qeyd etdiyim kimi, zəlzələnin Rixter şkalası ilə balı qədər, müddəti də önəmlidir. Dünya iqtisadiyyatının, elə səhiyyəsinin də ehtiyac duyduğu əsas amil doğru düşüncə və zəkadır. Son 20-30 ildə pulun bol olduğu yerdə kölgədə qalan məntiq, düşüncə və zəka”...
“Yeni Müsavat”



Şərh yaz