Axtarış...

Özəl müəssisələr kimin hesabına dezinfeksiya edilməlidir – Yenə pul dərdinə düşüblər



Azərbaycanda 29 fevral 2020-ci ildən etibarən koronavirusun yayılmasına qarşı dezinfeksiya işləri davam edir. Bu gün daha 4 vətəndaşımızın koronavirusa yoluxduğu məlum oldu. Ölkədə bütün universitet və məktəblər müvəqqəti bağlanıb. Ali və orta təhsil müəssisələrində, eləcə də bir sıra dövlət qurumlarında dezinfeksiya işlərinə başlanılıb.

Bu müddətdə nədənsə özəl müəssisələr yaddan çıxıb. Xatırladaq ki, hazırda özəl sektor ölkə daxilindəki 142 min müəssisədən 130 minini əhatə edir. Bu müəssisələrin rəhbərliyi dezinfeksiya işlərini necə aparır və bu prosesi izləyən hansısa dövlət qurumu varmı?

Nazirlər Kabineti yanında operativ qərargahının nümayəndəsi Zaur Məmmədov AYNA-nın sorğusuna cavab olaraq bildirib özəl şirkətlərin dezinfeksiya olunmasına dair qərar yoxdur.

Bu yanaşma, əlbəttə ki, düşünməyə əsas verir. Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi Cəlal İsayev isə hesab edir ki, özəl müəssisələr gözardı edilməməlidir: “Axı özəl müəssisələr də insanların ən çox toplaşdığı yerlərdəndir. Koronavirusun bu müəssisələrdə yayılması ehtimalı olduqca yüksəkdir. Buna görə də hesab edirəm ki, onlar dezinfeksiya olunmalıdır”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva AYNA-ya deyib ki, mövcud qaydalara əsasən, müəssisəsində dezinfeksiya işlərinin aparılmasını istəyən sahibkar özü müvafiq dövlət qurumuna müraciət etməlidir: “Özəl müəssisələrdə dezinfeksiya işləri həmin müəssisələrin sahiblərinin öz hesablarına aparılmalıdır. Məncə, bu, daha düzgün olar. Axı onların bunun üçün kifayət qədər vəsaiti var”.

Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov isə Afaq Əliyevanın fikri ilə razılaşmır: “Sahibkardan öz obyektlərinin dezinfeksiyası üçün pul ödəmələrini tələb etmək olmaz. Belə bir vəziyyətdə bir çox sahibkarlar lazımsız xərclərdən yaxa qurtarmaq üçün bundan imtina edəcəklər. Düşünürəm ki, dövlət özəl şirkətlərin dezinfeksiya xərclərini öz üzərinə götürməlidir. Axı, Nazirlər Kabineti koronavirusla mübarizəyə 10 milyon manat ayırıb. Bu qədər pula Azərbaycanın bütün müəssisələrini dezinfeksiya etmək olar”.


Daha çox xəbər

Şərh yaz