Axtarış...

NEFTİN UCUZLAŞMASI DEVALVASİYA RİSKİ YARADIBMI? - Hökumət nə etməyə hazırlaşır?



Martın ilk həftəsində OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin iclasında qəbul edilən qərar onsuz da qeyri-sabit olan neft bazarına növbəti sarsıdıcı zərbə vurdu. Səudiyyə Ərəbistanı ilə Rusiyanın məntiqsiz “qarşıdurmasından” sonra neft hasilatının azaldılması ilə bağlı təşəbbüslər puç oldu. Nəticədə neftin qiymətində kəskin ucuclaşma başladı və qara qızılın qiyməti 30 dollara qədər endi.

Azərbaycan dünya ticarətinin bir parçası, xüsusilə də neft bazarı ailəsinin üzvü olduğundan ucuzlaşmanın ölkəmizə təsirləri də şəksizdir. Bu, özünü əsas etibarilə Dövlət Neft Fondunun gəlirlərində göstərə bilər.

Dövlət büdcəsinin icrasında, yəni mövcud büdcə öhdəliklərinin yerinə yetirilməsində problemlərin olacağı gözlənilmir. Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsində neftin hər bareli 55 dollar hesablanıb. Büdcə qaydalarına əsasən, icmal büdcə xərclərinin yuxarı həddi müəyyənləşir. Yuxarı hədd icmal büdcənin xərclənə bilən neft gəlirləri, icmal büdcənin qeyri-neft gəlirləri və icmal büdcəyə digər daxilolmaların cəmi əsasında hesablanır. Xərclənə bilən neft gəlirləri isə xalis maliyyə aktivlərinin 30%-dən çox olmamaqla müəyyənləşir.

Beləliklə, yeni büdcə qaydaları fiskal dayanıqlılığı təmin edir. Digər tərəfdən büdcəyə vergi və gömrük orqanlarının daxilolmaları hər ay artır. 2020-ci ilin yanvar-fevral ayları üzrə vergi və gömrük orqanları büdcəyə 250 milyon manat əlavə pul ödəyib. Büdcədə 400 milyon manatdan çox profisit yaranıb. Bütün bunlar büdcə qarşısında Neft Fondunun öhdəliklərini azaldır. Bunu ötən 2 ay ərzində də görmək olar.

Rəsmi məlumatlara görə, Neft Fondu büdcəyə hər ay təxminən 750-800 milyon manat transfert etməli olduğu halda, transferti 300 milyon manata qədər azaldıb. Çünki transferti tam həcmdə yerinə yetirməsinə zərurət yaranmayıb. Qeyd etdiyimiz kimi, vergi-gömrük planı artıqlaması ilə yerinə yetirib, DNF-nin planını da ödəyib. Belə halda Dövlət Neft Fondunun illik 11,4 milyard manat transfertinin 1 milyard manat az icra olunacağı təqdirdə belə büdcənin ümumi icrasında problemlər olmayacaq.

İndiki şəraitdə birmənalı şəkildə söyləmək lazımdır ki, əhali panikaya düşməməlidir. Ötən krizisdə neftin qiyməti mövcud vəziyyətdən 4 dəfə ucuzlaşmışdısa, budəfəki şok zamanı 33 faiz enib, bunun da 10 faizə yaxını artıq bərpa olunub. Digər tərəfdən neft bazarında bundan əvvəlki böhrandan sonra ölkənin maliyyə mövqeyi daha da möhkəmlənib, məcmu ehtiyyatlar böhrandan sonra - 2016-cı ilin nəticələri ilə müqayisədə 30 faiz artıb. Xarici dövlət borcu həmin müddət ərzində azaldılıb, bank sisteminin sabitlləşdirilməsi istiqamətində irəliləyişlər əldə olunub.

Azərbaycan hökuməti proseslərə uyğun addımlar atmağa fokuslanıb. Əsas ana hədəf neftin qiymətinin kəskin ucuzlaşmasının makroiqtisadi sabitliyə, tədiyyə balansına təsirlərini minimallaşdırmaqdır. Azərbaycan hökümətinin ölkə iqtisadiyyatına hazırki şəraitdə olan xarici təzyiqlərin neytrallaşdırılması üçün resursları var. Hökumətin davranışından görünən odur ki, dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulan sosial blokla bağlı bütün öhdəliklər 2020-ci ildə tam icra olunacaq. Yalnız təsdiq olunmuş investisiya layihələrinin icrasının təxirə düşmə ehtimalı var. Adekvat addımlar atmaqla prosesdən minimum ziyanla çıxmaq mümkündür. Hazırda ən çox diqqətəçarpan məqamlardan biri valyuta bazarı ilə bağlıdır. Əhali təşvişə düşərək əllərində olan pulları dollara çevirməyə növbəyə düzülüb. Bankların qarşısında böyük izdiham var, dövlətin məcmu valyuta ehtiyatları mövcud pul kütləsinin tam idarə edilməsinə və hətta hazırki neft qiymətlərinə və dövlətin neft gəlirlərinin azaldılması şəraitində manatın mübadilə məzənnəsinin sabit saxlanılmasına tam imkan verir.

Mərkəzi Bankın və Dövlət Neft Fondunun təşkil etdiyi son hərracda 323 milyon dollar satılıb, hərracda heç bir ajiotaj yoxdur. Son iki gündə valyuta hərracında ümumilikdə 700 milyon dollara yaxın vəsait (hər gün təxminən 330 milyon dollar) satılıb. Mərkəzi Bankın valyuta bazarına yenidən aktiv qoşulması hiss olunur. Yəni dövlət tərəfindən dollar satışında hər hansı məhdudiyyətdən söhbət gedə bilməz. Banklar da kifayət qədər valyuta alışı ilə təmin olunur. Dollar alışında ajiotajı yaradanlar əsasən möhtəkirliklə, qara yollarla pul qazanmaq istəyənlərdir. Təbii ki, istənilən şəxs qanunla qazanılmış vəsaitini banklarda mübadiləsini apara bilər burada heç bir məhdudiyyət yoxdur. Bütün bu amillər devalvasiya ehtimalını azaldır.

2008 və 2015-ci ildə neft bazarında ucuzlaşma meyyləri göstərdi ki, bu qiymətlərin enməsi müavəqqəti xarakter daşıyır və əsas məsələ aralıq dövründə prosesi nəzarət altına almaqdır. Hökumət 2008-də bunu bacardı, 2015-də isə yox. Hər halda ümid edək ki, 2015-ci ilin dərslərindən nəticə çıxaran hökumət bu aralıq dövrdə səhv qərarlar qəbul etməyəcək.

Azərbaycanın sərəncamında olan ehtiyatlar da dayanıqlı sabitlik üçün əsas mənbədir, xüsusilə məzənnə dəyişikliklərinə yol verməmək üçün təhlükəsizlik yastığı var. Ölkənin beynəlxalq investisiya mövqeyi üzrə aktivləri öhdəlikləri dayanıqlıdır və bu da tədiyyə balansının cari vəziyyətini normallaşdırır. Bütün bunların fonunda demək mümkündür ki, insanların dollar almaq üçün saatlarla növbəyə düzülməsinə ciddi əsaslar yoxdur. Onu da nəzərə almaq lazımdır ki, neft bazarı hər zaman enmə və qalxmalarla müşahidə edilir, neftin qiymətinin ucuzlaşması - koronovirusla bağlı neftə olan tələbatın azalması müvəqqəti xarakter daşıyır.

Qadir İBRAHİMLİ //azpolitika.info//



Şərh yaz