Vətəndaşın 23 minə aldığı avtomobilə gömrükdə 32 min qiymət qoyublar - GİLEY




Gömrük orqanları xaricdən avtomobil gətirən vətəndaşa artıq vergi hesablayıblar.
Belə bir iddia ilə Yeniavaz.com-a müraciət edən Azərbaycan vətəndaşı Nadir İbrahimov bildirir ki, hərrac yolu ilə ABŞ şirkətinə məxsus avtomobili satın alıb. Nadir İbrahimovun sözlərinə görə, ABŞ-dan gətirdiyi 2018-ci il istehsalı olan “JEEP WRANGLER” markalı avtomobil üçün 23 min 31 dollar vəsait ödəyib.
“Gömrük orqanları vergi hesablayan zaman avtomobilin dəyərinin 32 min dollar göstərərək vergini də bu məbləğə əsasən məndən aldılar”, - deyən İbrahimov bildirdi ki, avtomobili 23 min dollara aldığını təsdiqləyən bank ödənişini, ABŞ şirkətinin verdiyi “invoys”i (hesab-faktura) və digər sənədləri gömrük orqanına təqdim edib: “Gömrük orqanları təqdim etdiyim sənədlərdəki rəqəmə deyil, özlərinin yazdığı rəqəmə əsasən vergi hesabladılar. Avtomobili 23 min dollara aldığım halda vergini hansı səbəbdən 32 min dollar üzərindən hesabladıqlarını soruşduğum zaman, əvvəlcə bildirdilər ki, 23 minin üzərinə yol pulunu əlavə ediblər. Etiraz edərək bildirdim ki, avtomobil Gürcüstanın Poti limanına kimi əlavə yol xərci ödənilmədən gətirilib və bununla bağlı da təqdim olunan “invoys”də qeydlər var. Poti limanından Azərbaycan sərhədinə kimi olan məsafədə yol xərci 9 min dollar edə bilməz. Tələb etdim ki, avtomobilə 32 min dollar dəyər qoyulmasını hansı əsaslarla hesabladıqlarını yazılı surətdə mənə versinlər. Ancaq bu sənədi də vermədilər”.
Məlumat üçün qeyd edək ki, Azərbaycan gömrük ərazisinə gətirilən malların gömrük dəyəri “Gömrük Tarifi haqqında” Qanununun müddəalarına uyğun olaraq müəyyən olunur. Malların gömrük dəyərini hesablamaq üçün tətbiq edilən ilk üsul malların sövdələşmə qiyməti üsuludur. Yəni, malın gömrük dəyəri müəyyən olunarkən tərəflər arasındaki sövdələşmə qiyməti əsas götürülür.
Bu üsuldan istifadə edilə bilmədiyi halda, digər üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir.
Vətəndaş Nadir İbrahimov bildirir ki, təqdim etdiyi “invoys” məhz qanunda qeyd olunan sövdələşmə sənədi hesab olunur: “Əgər avtomobili aldığım şirkətlə sövdələşməm olmasa, onlar mənə necə “invoys” verə bilər. Təqdim olunan “invosy”də avtomobilin qiyməti və digər bütün zəruri məlumatlar açıq şəkildə qeyd olunub. Ancaq gömrük əməkdaşları heç bir izahat vermədən avtomobilə aldığım qiymətdın daha yüksək qiymət qoyurlar”.
Xatırladaq ki, bir qədər əvvəl məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev də keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirir ki, gömrük qanunvericiliyinə görə, ölkəyə gətirilən malları, o cümlədən avtomobilləri bir neçə üsulla qiymətləndirmək olar: “Tarif haqqında” qanunda deyilir ki, ölkəyə gətirlən avtomobilin dəyərləndirilməsi üçün birinci üsul sövdələşmədir. Yəni bu nəqliyyat vasitəsi Gürcüstandan alınıbsa, rəsmi fakturası varsa, pul rəsmi ödənilibsə, buyursun gətirsin. Və bu zaman birinci üsul tətbiq ediləcək – yəni müqavilədəki qiymət əsas götürüləcək. Amma əgər rəsmi faktura yoxdursa, invoys, müqaviləsi yoxdursa, əvəzində bazardan bir faktura və ya çek alıb gəlirsə, o halda bu avtomobil fərqli üsulla qiymətləndirilir”.
Səfər Mehdiyev bildirib ki, avtomobili gətirən şəxs nəqliyyat vasitəsini neçəyə alıbsa, normal orijinal kontraktı və valyutasına dair köçürdüyü sənədi təqdim etməlidir.
Vətəndaş Nadir İbrahimovun səsləndirdiyi şikayətə aydınlıq gətirmək üçün Dövlət Gömrük Komitəsinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Natiq Axundov ən qısa müddətdə məsələni araşdıracaqlarını bildirdi.
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət