Axtarış...

Ağstafa Regional Mədəniyyət İdarəsinin gördüyü işlər Tovuzda belə ifşa olundu... - ILGINC



Xəbər verildiyi kimi martın 4-də Prezident İlham Əliyev respublikamızın qərb bölgəsində,Şəmkir, Ağstafa və Tovuz rayonlarına səfər etmişdi. Səfər çərçivəsində ölkə başçısı bir sıra yeni istehsal müəssisələrinin,yolların və mədəniyyət ocaqlarının açılışında iştirak edib. Açılışında iştirak etdiyi mədəniyyət ocaqlarından biri də Tovuzda Tarix-Diyarşünaslıq Muzeyi olub. Qeyd edək ki, qısa bir zamanda dövlət başçısının muzeydə nümayiş olunan tarixi xəritələrlə bağlı Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədova tutduğu iradlar sosial şəbəkələrdə və mediada müzakirə predmetinə çevrilib. Açılışdan sonra muzeydəki eksponatlarla tanışlıq zamanı İlham Əliyev bildirib:

– Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz?

Məmməd Məmmədov: Mədəniyyət Nazirliyindən.

Prezident İlham Əliyev: Mədəniyyət Nazirliyindən? Qədim adlar, məsələn, Sisian yazılıbdır. O vaxt Sisian adı yox idi, sonra kimsə bunu uydurub. Xəritədə indiki Azərbaycan ərazisində Mingəçevirdən başqa heç bir tarixi ad yazılmayıb. Halbuki, Bərdə, Qəbələ, Naxçıvan – bütün bunlar qədim şəhərlərimiz olub. Ona görə soruşuram, bu, hansı əsrə aiddir? Çünki bu xəritədən heç nə başa düşmək mümkün deyil. Qafqaz Albaniyası dövləti də burada göstərilmir. Amma baxın, bu Urartu hansı hərflərlə yazılıb. Ona görə buna baxmaq lazımdır. Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayın, xəritələr həm dəqiq olmalıdır, həm də bunun tarixi göstərilməlidir.

Bu xəritə də bilinmir hansı tarixə aiddir. İndiki Azərbaycan ərazisində heç bir şəhərin adı yoxdur. Var buna cavab? Xəritə asmısınız, hesab edirsiniz ki, bununla iş düzəlir? Bu xəritə bizim tariximizdir. Uşaqlar gəlib bu xəritədən bu tarix haqqında nə başa düşəcəklər? Heç bilinmir nədir bu. Özü də haradan götürmüsünüz Allah bilir. Buna belə yanaşmaq olmaz. Eksponatları doldurursunuz, hesab edirsiniz ki, bununla iş bitir? Özü də uşaq otağıdır. Uşaq gəlib soruşacaq ki, bu, nədir, mənim məmləkətim nədir? Haradadır mənim qədim şəhərlərim? Onun əvəzinə orada Urartu görürük.

Prezident İlham Əliyev eyni iradları həmin gün Tovuzda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında da tutub. Muzeyin eksponatları ilə tanışlıq zamanı Prezident İlham Əliyev aşıq sənətinin yayılma arealını əks etdirən xəritədəki toponimlərlə bağlı iradlarını bildirib.

Mədəniyyət Nazirliyinin əməkdaşı Azadə Hüseynova işğal edilmiş ərazilərdə aşıq sənətinin geniş yayılmış sahələrini təqdim edərkən Prezident İlham Əliyev deyib:

“Bunlar Ermənistan ərazisində yerləşir. Bu ərazilər tarixi, qədim Azərbaycan torpağıdır. Ona görə siz burada düzəliş edin. Onları Azərbaycan dilində olduğu kimi yazın. Məsələn, “Dilizhan” yox, “Dilican”. “Dilican” yazılmalıdır. Sevan Göyçə gölüdür, yazmısınız “Goycha Iake”, amma burada da yazılıb “Sevan”. Razdan çayının da əsil adı Zəngidir. Siz tamamilə bu sözlərdən, toponimlərdən istifadə edin. Çünki bunlar hamısı bizim qədim torpağımızdır. “Ekhegnadzor” sonrakı addır, bunun da qədim Azərbaycan adı vardır. Ona görə onları düzəltmək lazımdır”.

Aktualinfo.org xatırlatmaq istəyir ki, sözügedən Tovuz Tarix-Diyarşünaslıq Muzeyi və Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi ərazı baxımından Mədəniyyət Nazirliyinin Ağstafa Regional Mədəniyyət İdarəsinə tabeli qurumlardır.Açılışında Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirak etməməsi, ölkə başçısını Tovuzun İcra başçısı Məmməd Məmmədovun müşaiət eməsi diqqət çəkir. Əbulfəs Qarayev bir Mədəniyyət naziri kimi bu açılışlarda nə üçün iştirak etməyib? Digər diqqət çəkən məqam isə cənab Prezidentin Tovuzun İcra başçısına, “Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayın, xəritələr həm dəqiq olmalıdır, həm də bunun tarixi göstərilməlidir.”- deməsidir. Qeyd edək ki,Mədəniyyət Nazirliyi xəritə tərtib etmir.Bu Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun işidir.İnstitutda tarixi torpaqlarımız barədə kifayət qədər xəritələr hazırlanıb,tarixi Azərbaycan torpaqlarını əks etdirən xəritələr var. Burada söhbət xəritələrin Prezident İlham Əliyevin qeyd etdiyi kimi, heç bilinmir harada götürüldüyündən,yəni haradan alındığından gedir.Bu xəritələr haradan alnıb və kim aılıb?

Aktualinfo.org-un bir neçə gün əvvəl Ağstafa Regional Mədəniyyət İdarəsində baş verən neqativ hallarla bağlı arşdırma yazısı göstərilənlərin həqiqət olduğunu bir daha üzə çıxardı. “Əbülfəs Qarayevin Ağstafa Regional Mədəniyyət İdarəsinə ayırdığı pullar dil açarsa…” başlıqlı məqalədə mədəniyyət idarəsinin elan etdiyi tenderlərin müəmmalı şəkildə gizlədilməsi, ayrılmış dövlət vəsaitlərinin təyinatı üzrə xərclənib-xərclənməmməsinə toxunmuşduq. Qeyd etmişdik ki, əsaslı təmir,cari təmir,avadanlıqların alınması,bərk inventarların alınması üzrə elan olunmuş 20 milyon manatlıq dövlət satınalmalarının elanlarında zərflərin açılacağı gün bəlli olsa da tenderdə iştirakçıların sayı, qalibi, görüləcək işlərin həcmi,alınacaq avadanlıqların miqdarı və məbləği haqqında bütün məlumatlar gizlin saxlanılıb.

Biz Tovuz Tarix Diyarşünaslıq Muzeyinin və Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin hansı vəsaitlərlə tikildiyini konkret deyə bilmərik.Bu istiqamətdə araşdırmalarımızı davam etdirəcəyik. Lakin görsənən odur ki,dövlət başçısı hər şeyi görür. Ayrılmış dövlət vəsaitlərinə görülən işlərin keyfiyyətinə diqqət yetirir və xəritə asmaqla işlərin bitmədiyini,hər şeyə cavab verməli olacaqlarını xatırladır.

Alınan eksponatların haradan alınması da burada diqqət çəkən məqamlardan biridir.Ölkə başçısının “özü də haradan götürmüsünüz Allah bilir. Buna belə yanaşmaq olmaz. Eksponatları doldurursunuz, hesab edirsiniz ki, bununla iş bitir?”– kimi haqlı iradı ortaya yeni suallar çıxarır. Bu eksponatlar və digər əşyalar avadanlıqlar adı altında elan olunmuş,qalibi gizlədilən, qiymətləri bilinməyən tender yolu ilə alınmayıb ki?

Mövzuya qayıdacağıq.
Aktualinfo.org



Şərh yaz