Axtarış...

“Müddət uzadılmasa, 2,9 milyard manatlıq əmanət geri çəkilə bilər” - GƏLİŞMƏ

“Müddət uzadılmasa, 2,9 milyard manatlıq əmanət geri çəkilə bilər” - GƏLİŞMƏ

“Martın 4-ü əmanətlərin tam sığortalanması müddəti başa çatır. Əgər 2016-cı ildə qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddəti uzadılmasa, bu halda digər normativ aktın - “Əmanətlərin sığortalanması haqqında” Qanunun şərtləri qüvvəyə minəcək. Yəni kompensasiya məbləği 30 min manatla limitləşəcək”

“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev feysbukda yazıb. Onun sözlərinə görə, əmanətlərin tam sığortalanmasının nəzərdə tutan qanunun müddəti ötən ilin fevralında 19-da daha 1 il müddətinə uzadılmağına rəğmən bu il hökumətdən konkret mövqe görünmür:

“Müddətin bitməsinə isə 2 gün qalıb. Əslində, 2019-cu ilin sonuna qədər bütün gözləntilər müddətin uzadılmaması ilə bağlı idi. Ancaq 2020-ci il gələndən mənbəyini Çindən götürmüş və bütün dünyaya yayılmış koronavirus amili yeni bir situasiya yaradıb. Situasiya da ondan ibarətdir ki, Çində iqtisadi aktivliyin kəskin azalması dünya bazarlarına, o cümlədən Azərbaycan üçün həyati əhəmiyyətli olan neft bazarına mənfi təsir göstərir. Yeni ilə qədəm qoyduğumuz andan bu günə qədər Azərbaycan nefti üçün qiymət oriyenti rolunu oynayan Brent markalı neftin qiyməti $68-dən $51-ə qədər ucuzlaşıb. Ucuzlaşmanın nə qədər və hansı həddə qədər davam edəcəyini söyləmək çox çətindir. Görünən odur ki, virus problemi həllini tapmasa və proses uzansa, ucuzlaşma davam edəcək. Bu isə neftdən asılı olan Azərbaycan iqtisadiyyatı üçün arzu olunan hal deyil. Əgər virus təhlükəsi qısa müddətdə aradan qalxmasa, bunun Azərbaycan üçün 2015-ci il böhranından da çətin olacağını proqnozlaşdırmaq olar”.

S. Əliyev xatırladıb ki, əmanətlərin tam sığortalanması qərarı isə məhz 2015-ci ildə baş vermiş devalvasiya qərarının bank sektoruna vurduğu zərbənin təsirini bir qədər azalmaq, əhalinin bank sektoruna inamını bərpa etməyə yönəldilmiş bir addım idi: “Qərar çox düzgün idi. Ola bilsin, bu gün hökumətin müddətin uzadılması ilə bağlı yekun qərarı yoxdur. Ancaq fikrimcə, hökumət tərəddüd etmədən müddətin daha 1 il uzadılmasna qərar verməlidir. Bu, əmanətçilər üçün psixoloji gərginliyi xeyli azaldar, banklar üçün də əmanət qaçışı qorxusunu aradan qaldırar.

Mərkəzi Bankın son məlumatına görə, fevralın 1-i vəziyyətinə banklarda olan əmanətlərin həcmi 8,6 milyard manatdır. Bu əmanətlərin 75,6%-i qısamüddətlidir. Deməli, əhali bankların dayanıqlığına və milli valyutanın sabitliyinə tam əmin deyil. Əmanətlərin 34%-i cari hesablardır. Bu o deməkdir ki, 2,9 milyard manatlıq əmanət hər an banklardan geri çəkilə bilər və bankları çökdürər. Təəssüf ki, Əmanətlərin Sığortalanması Fondu qapalı şəkildə işləyir, saytında ümumiyyətlə heç bir statistik məlumat yerləşdirmir. Biz bilmirik ki, məsələn, əmanətlərin hansı hissəsi 30 min, 50 min, 100 min manata qədərdir. Bu və digər məlumatlar olarsa real vəziyyəti daha dəqiq qiymətləndirmək olar. Əslində suallar çoxdur. Milyonluq əmanətlərin payı nə qədərdir? Və ya sabah hökumət müddəti uzatmasa, əmanətçilərin, xüsusilə “yüzminlik”, “milyonluq” əmanətçilərin davranışı necə olacaq?
Bütün bunları nəzərə alaraq, hökumət əmanətlərin tam sığortalanması müddətini daha bir il uzatmalıdır. Ola bilsin erkən parlament seçkiləri də hökumətin qərarına neqativ təsir edib. Çünki texniki baxımdan yeni parlament işə başlamayınca müddəti uzatmaqla bağlı qərar vermək mümkün deyil. Ancaq layihə hazırdırsa, ilk iclasda qərar vermək olar. Bunun üçün hökumət müddətin uzadılması ilə bağlı mövqeyini ictimaiyyətə açıqlamalıdır ki, əhali narahatlıq keçirməsin. Əgər müddəti artırmaq niyyəti yoxdursa, bu halda sığortalanma mexanizminə dəyişiklik etməlidir. Ən azı kompesasiya məbləğini 100 min manata qədər artırmalıdır”.


Daha çox xəbər

Şərh yaz