“İnklərin itirilmiş şəhəri” –Maçu Piçu



Dünyada sirri açılmayan onlarla, yüzlərlə abidələr vardır. Elə abidələr vardır ki, onun adı hansısa xalqın, millətin zamanın, tarixin müəyyən hissəsində var olduğunu, amma sonradan yoxa çıxdığını sübut edir.

AZƏRTAC belə abidələrdən biri olan Maçu Piçu haqqında maraqlı məlumatları təqdim edir.

Latın Amerikasının Maçu Piçu şəhəri yer üzündən silinmiş qədim inklərin rəmzi hesab olunur. Onu "İnklərin itirilmiş şəhəri" də adlandırırlar. Bu tarixi şəhər tropik meşəliyin ortasında, dəniz səviyyəsindən 2430 metr yüksəklikdə, Perunun Kusko şəhərindən 80 km məsafədə olan mənzərəli bir ərazidə yerləşir.

And dağlarının ucsuz-bucaqsız zirvələrindən birində yerləşən Maçu Piçu zəngin flora və faunası ilə Amazon hövzəsinin üst hissəsini əhatə edir. Maçu Piçu memarlıq əsəri İnk sivilizasiyasının bədii memarlıq və inşaat sahəsinin ən böyük nailiyyətlərindən biri hesab olunur. Bu əhəmiyyətli maddi irs nümunəsinin adının hərfi mənası keçua dilindən tərcümədə “qoca zirvə” deməkdir. Yaranma tarixinə gəldikdə isə, şəhər qədim İnk imperiyasının rəhbəri Paçakutek Yupanki tərəfindən XV əsrdə inşa edilib. Ümumilikdə, Maçu Piçu şəhərinin tarixi olduqca maraqlıdır. XVI əsrdə ispan ordusu İnk imperiyasını işğal edərkən bu möhtəşəm şəhəri nəzərdən qaçırıb. Həmin dəhşətli müharibədən sarsılan ink xalqı bir daha özünə gələ bilməyib. Hətta yerli əhalinin çoxunun vaxtilə şəhərdə yayılmış çiçək xəstəliyi səbəbindən vəfat etdiyi güman olunur. Sonralar bu arxeoloji kompleks “itirilmiş şəhər” kimi tanınmağa başladı. Əslində isə bu şəhər heç də qeybə çıxmamışdı, sadəcə bəşəriyyət onun mövcudluğu barədə məlumat əldə edə bilməmişdi. Nəhayət ki, 1911-ci ildə amerikalı tədqiqatçı Binqem Hayram İnk memarlığının bu əfsanəvi şəhərini gün üzünə çıxartdı. Perunun yerli xalqlardan biri bir dağın yüksəkliyində tapıntılar olduğunu bildirdiyi üçün amerikalı tədqiqatçı buraya səyahət etdi və ərazidə axtarışlar aparmağa başladı. Nəticədə, Binqem Hayram bu nadir şəhəri aşkar etdi və kəşfindən sonra “The lost city of the Incas” (İnklərin itirilmiş şəhəri) adlı kitabını yazdı.

Maçu Piçuya nəzər saldıqda insan şəhərin XV əsrə aid olmasına heyrətlənir. Çünki o əsrlərdə İnk mədəniyyətində təkər kimi nəqliyyat avadanlığı olmadığı halda, şəhərin tikilməsi üçün istifadə olunan ağır daşlar çox yüksəkliyə qaldırılmışdı. Bu zaman yalnız insan gücündən istifadə olunduğu fərz edilir. Lakin tam olaraq, ağır daşların yüksəkliyə necə qaldırıldığı haqda heç bir məlumat yoxdur. Digər cəhətdən, şəhərin hansı məqsədlə bu qədər uzaq və hündür bir yerdə tikildiyi bilinmir. Lakin şəhərin dini mərasimlər və ya astronomiya elmi üçün bir yer olduğu, yaxud kənd təsərrüfatı kimi də istifadə edildiyinə dair müxtəlif mülahizələr irəli sürülüb.

Tikinti zamanı heç bir məhluldan istifadə olunmayıb

Maçu Piçu şəhərini digər dünya memarlıq nümunələrindən fərqləndirən cəhətlərindən biri də, daşların arasına heç bir məhlul istifadə edilmədən tikilməsidir. Daşlar klassik ink memarlıq üslubuna görə yığılıb. Həmçinin bu binalardakı daşların ölçüsü bir-birindən fərqlidir, bəziləri böyük, bəziləri isə kiçikdir. İnklər bu daşları o qədər düzgün yerləşdiriblər ki, şəhər dövrümüzə kimi yaxşı şəkildə gəlib çata bilib. Məlumdur ki, dağlıq bölgələrdə zəlzələnin seysmik dalğaları, çətin hava şəraiti kimi təbii fəlakətlər daha geniş yayılıb və bu kompleks o güclü fəlakətlərə rəğmən olduqca möhtəşəm qalmışdır. Bütün bunlar isə XV əsr İnk xalqının inşaat bacarığının yüksək səviyyədə olduğunu ifadə edir.

Maçu Piçu şəhəri struktur cəhətdən yaşayış və kənd təsərrüfatı sahəsi olaraq iki əsas hissəyə bölünür. Yaşayış üçün nəzərdə tutulan şəhər qismi özü də ayrıca aşağı və yuxarı olaraq iki hissəyə bölünür. Aşağı hissədə anbarlar, yuxarı hissədə dini mərasimlərin həyata keçirilməsi üçün məbədlər və müqəddəs yerlər var. Maçu Piçuda fərqli yaş qruplarına aid olan insan skeletləri, məzarlar və bu kimi bir çox arxeoloji tapıntılar məlum olmuşdur ki, bu da sahədə vaxtilə yaşayışın mövcud olduğunu sübuta yetirir. Ərazi baxımından elə də böyük olmayan Maçu Piçu özündə müxtəlif istiqamətlərə çıxışı olan pillələr, sırf aşağı təbəqə əhalisinin yaşayışını təmin etmək üçün evlər, dini mərasimləri gerçəkləşdirmək üçün xüsusi yerlər, ancaq yüksək təbəqə insanlarına məxsus olan yaşayış bölgəsi, iqamətgahlar və s. kimi bir çox tikilini birləşdirir. Daş divarlardan hazırlanmış şəhərə dini ritual və astronomik təqvimlə bağlı olduğu düşünülən İntihuatana daşı, şərqə doğru açılan üç pəncərədən ibarət olan Üç Pəncərə məbədi və Günəş Məbədi kimi üç əsas tikili də daxildir. Buradan da aydın olur ki, Maçu Piçudakı binaların əksəriyyəti dini mərasimlərlə əlaqədar olub. Hətta onların inşası günəşin hərəkətinə əsasən müəyyən edilib. Bu İnklərin həmin zamanlarda Günəş tanrısına sitayiş etmələri ilə bağlıdır.

Hələ də açılmayan sirləri var

Şəhərin aşağı hissəsindəki kənd təsərrüfatı üçün nəzərdə tutulan sahənin hər bir mərtəbəsi dairəvi formadadır və hər birinin ayrı-ayrılıqda öz rütubət və istilik dərəcəsi var. Bu isə sahənin əkinçilik üçün əlverişli olmasına şərait yaradır. Kənd təsərrüfatının suvarılması yağış suyu vasitəsilə olmuşdur. Keçmişdə yağışlar daşların arasından keçib kiçik gölməçələr yaradırmış. İnklər də bu suyun təsərrüfat sahəsinə gətirilməsi üçün daşlar üzərində kanallar düzəldiblər. Beləliklə, kənd təsərrüfatının suvarılma sistemi yaradılıb. Həmçinin xalq bu sudan gündəlik ehtiyaclarını ödəmək üçün də istifadə edib.

Hazırda dünya turizm sektorunda ən çox ziyarət edilən məkan olaraq bilinən Maçu Piçunun mühafizəsi üçün gündəlik turistlərin sayı məhdudlaşdırılır. Buludların arasında hündür bir dağın zirvəsində inşa olunan bu tarixi memarlıq nümunəsi 1981-ci ildə Peru tarixi ziyarətgahı elan olunub və 1983-cü ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. 2007-ci ildə isə dünyanın yeni yeddi möcüzəsindən biri hesab olundu. Qeyd etmək lazımdır ki, uzun müddət davam edən elmi araşdırmalara rəğmən, Maçi Piçunun hələ də cavabı tapılmayan bir çox sirri qalmaqdadır.
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət