Axtarış...

Həbsdə olan sabiq icra başçısı rayonda nələr "yeyib"?



Ağstafa Rayon İcra Hakimiyyətinin həbs olunan başçısı Nizaməddin Quliyevin Goranboy RİH başçısı olduğu illərdə də xeyli büdcə vəsaitini ələ keçirdiyi üzə çıxıb.

BakuPost xəbər verir ki, N.Quliyevlə bağlı aparılan araşdırma zamanı məlum olan faktları “Yeni Müsavat” işıqlandırıb.

Məlumata görə, N.Quliyevin həbsindən sonra Maliyyə Nazirliyi onun Goranboy rayon İcra Hakimiyyətinin başçısı olduğu dövrdə ciddi maliyyə pozuntularına, korrupsiyaya yol verib-vermədiyini araşdırıb. Həmin araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumat verilməyib. Bilinən odur ki, 2019-cu ildə Nazirlər Kabineti tərəfindən bütün rayonlarda 200-300 nəfərin minimum əmək haqqı vermək şərtilə işə götürülməsi ilə bağlı qərarından sonra Goranboy İcra Hakimiyyətinin tabeliyində olan Təmizlik İdarəsinə də 300 fəhlə ştatı ayrılıb.

Araşdırmalar zamanı üzə çıxarılıb ki, Nizaməddin Quliyev 300 fəhlənin qısa zamanda işə götürlüməsi haqda hesabat versə də, faktiki olaraq yerlərdə 20-30 nəfər işə cəlb edilib. Qalanları isə “ölü can”lar olub. Yəni hər ay 270-280 nəfərə büdcədən ayrılan məvacib mənimsənilib. 1 fəhləyə ayrılan aylıq maaşın 200 manat olduğunu nəzərə alsaq, Nizaməddin Quliyevin Goranboyda da xeyli büdcə vəsaitini ələ keçirdiyi üzə çıxır. Yəni adları olub, özləri olmayan işçilərin plastik kartlarından çıxarılan pullar icra başçısının cibinə girib.

Bundan başqa Goranboy şəhərində küçələrin asfaltlanması üçün büdcədən ayrılan pullar da Nizaməddin Quliyev tərəfindən mənimsənilib. Onun fəaliyyəti nəticəsində şəhərin mərkəzi küçəsindən başqa digər küçələrdə yollar dağınıq durumdadır.

Qeyd edək ki, Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, 5 aprel 2019-cu il tarixində isə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Hazırda o və müavini Ramiz Tatarov, Yevlaxın sabiq başçısı Qoca Səmədovun cinayət əməllərinin araşdırılması davam edir.


Daha çox xəbər

Şərh yaz