Axtarış...

Enerji siyasətləri və Rusiyanın qlobal qaz bazarında artan dominantlığı: Çindən Avropaya qədər



Enerji ehtiyatları hər bir dövlətin iqtisadiyyatına, sosial sabitliyinə və inkişafına təsir göstərə bilən amillərdən biridir. Bu mənada enerji tədarükünün diversifikasiyası, enerji ilə zəngin regionlarla əlaqənin yaradılması və enerji resurslarının qlobal enerji bazarlarına təhlükəsiz şəkildə ixracı həm enerji istehsalçılarının, həm də istehlakçıların ən vacib məqsəd və hədəflərindəndir. Son zamanlar enerji resurslarına olan artan tələbat bu sektorun strateji əhəmiyyətini daha da artırmışdır.

Qeyd etmək lazımdır ki, son illər ərzində boru kəməri siyasəti bir çox dövlətlər üçün mühüm rol oynamağa başlamışdır. Belə ki, dünyadakı enerji ixrac edən ölkələr digər dövlətlərə enerji resurslarını ixrac etmək üçün boru kəmərləri sistemlərindən fəal istifadə edirlər. Xüsusilə vurğulamaq lazımdır ki, boru kəməri siyasəti Rusiya Federasiyası üçün vacib amilə çevrilmişdir, çünki enerjinin istehsalçılardan istehlakçılara ixrac prosesi müxtəlif tərəfləri əhatə edir və hər bir tərəf daim öz maraqlarını müdafiə etməyə çalışır.

Rəsmi Moskva Avropa və digər enerji bazarlarına təbii qazın ixrac edilməsi məqsədilə müxtəlif təbii qaz boru kəmərlərinin inşasını həyata keçirib və gələcəkdə də keçirmək niyyətindədir. Bəzi enerji layihələri isə reallaşmamışdır. Təbii ki, təbii qaz boru kəmərləri məsələsinə toxunarkən, hər hansı bir layihənin Rusiya üçün əhəmiyyətli olubolmamasından söz gedə bilməz, çünki məhz bu layihələr vasitəsilə rəsmi Moskva öz zəngin enerji resurslarını qlobal enerji bazarına çıxarır.

1.“Cənub axını” qaz kəməri layihəsi

Avropanın təbii qaz bazarı Rusiyadan idxal olunan mavi yanacaqdan olduqca asılıdır. Bu mənada rəsmi Moskva 2018-ci ildə 40.5%-lik payla Avropa İttifaqının (Aİ) ən böyük təbii qaz tədarükçüsü olmuşdur. Rusiyanın həyata keçirmək istədiyi mühüm təbii qaz layihələrindən biri də 63 milyard kubmetrlik ötürücülük qüvvəsinə malik olan “Cənub axını” qaz layihəsidir. “Qazprom” şirkəti 2006-cı ildə Rusiya təbii qazının Qara dənizin dibi ilə çəkilməsini nəzərdə tutulan boru kəmərini əvvəlcə Bolqarıstana, sonra isə Serbiya və Macarıstan vasitəsilə Avstriyadakı Baumqarten qazpaylayıcı mərkəzinə çatdırmağı planlaşdırmışdi. Adı çəkilən layihə ilə bağlı “Qazprom”un əsaslandırmağa çalışdığı əsas məqam ondan ibarət idi ki, Avropaya Ukrayna üzərindən təbii qaz nəqli dayanıqlı deyil (2006 və 2009-cu illərdə baş vermiş qaz böhranı buna misal çəkilir).

“Cənub axını” layihəsini rəsmi Moskva ilə Brüssel arasındakı siyasi rəqabətin əsas aspektlərindən biri kimi qiymətləndirmək olar. Belə ki, "Cənub axını" layihəsinin reallaşdırılmasında əsas məqsəd Rusiya qazını birbaşa Avropaya nəql etmək idi. Xatırlatmaq lazımdır ki, rəsmi Kiyev Rusiya qazının Avropaya ötürülməsində əhəmiyyətli paya sahibdir. Belə ki, 2018-ci ildə Rusiya Avropa qaz bazarına Ukrayna tranzit marşrutu ilə təxminən 87 milyard kubmetr təbii qaz nəql etmişdir. (Brookings, 2019) Baxmayaraq ki, rəsmi Kiyev artıq Rusiya qazını birbaşa deyil və əks tranzitlə qazı Avropadan alır, lakin tranzit ölkə olaraq Ukrayna ildə təxminən 3 milyard dollar gəlir əldə edir, bu da ölkə iqtisadiyyatı üçün olduqca əhəmiyyətlidir.

Lakin Rusiya ilə Ukrayna arasında baş vermiş böhran nəticəsində sıx-sıx qaz kəsintiləri, Avropanın öz enerji tədarükünün və marşrutlarının diversifikasiyasının vacibliyini bir daha aktuallaşdırmışdı. Rəsmi Brüssel Avropanın enerji bazarında Rusiya təbii qaz monopolyasını azaltmaq məqsədi ilə bir sıra addımlar atmış oldu. Bu kontekstdə Aİ-nin “Cənub axını” qaz kəmərinin tikintisinə dair sərgilədiyi mövqeyi vurğulamaq lazımdır. Aİ 2009-cu ilin sentyabr ayında qüvvəyə minmiş “Üçüncü Enerji Paketi”nin (Third Energy Package) Avropa ölkələri tərəfindən riayət olunmasına tələbi daha da sərtləşdirdi.

“Üçüncü Enerji Paketi”nin ən vacib cəhətlərindən biri enerji bazarının liberilizasiyasıdır. Bu, əsasən enerji təchizatının və istehlakın ötürmə şəbəkələrinin faəliyyətindən ayrılmasıdır. Məsələn, əgər bir şirkət həm ötürmə şəbəkəsi işlədir, həm də enerji istehsal edir və ya satırsa, bu hal üçüncü tərəfin infrastruktura girişinə maneə ola bilər. Bu isə bazarda ədalətli rəqabətə maneə törədir və istehlakçılar üçün baha qiymətlərə səbəb olur. Rusiyanın “Qazprom” şirkəti də bu qaydaları pozur, çünki bir tərəfdən şirkət Avropa bazarına təbii qaz nəql edir, digər tərəfdən isə Avropada boru kəməri infrastrukturuna sahibdir. Demək olar ki, Avropa Komissiyası bu qərarla “Cənub axını” qaz kəməri layihəsində iştirak etmək niyyətində olan Aİ-yə üzv dövlətlərə - Bolqarıstan və Macarıstan kimi ölkələrə veto qoymuş oldu.

“Cənub axını” boru kəmərinin əsas xüsusiyyəti ondan ibarət idi ki, boru kəməri hər bir ölkə üçün ayrı-ayrı hissələrə ayrılmışdı. Layihə “Qazprom” və iştirakçı ölkələrin milli qaz şirkətləri arasında birgə müəssisələr tərəfindən idarə olunmasını nəzərdə tutmuşdu. Razılaşmaya əsasən, Rusiyanın “Qazprom” və Bolqarıstanın “Bulqarqaz” şirkətləri “Cənubi axını” Bolqarıstan layihəsində eyni paya, Serbiyada isə “Qazprom” bu ölkənin təbii qaz şirkəti olan “Srbijagas” ilə birgə müəssisədə - “Cənub Axını Serbiya AG” 51% faiz paya sahib olmalı idi. Qeyd olunan müştərək müəssisələr hər bir ölkədə “Cənub axını” boru kəmərinin maliyyələşdirilməsini, inşasını və istismarını öz üzərinə götürür.

Göründüyü kimi, Rusiyanın “Qazprom” şirkətinin əsas məqsədi həm təbii qaz tədarükçüsü, həm də Avropadakı böyük enerji infrastrukturunun sahibi və operatoru olmaq idi. Hadisələrin bu cür inkişafı fonunda Avropa Komissiyası Rusiya və layihə tərəfdaşları arasında imzalanmış müqavilələrin Avropa qanunvericiliyi ilə dəstəklənmədiyini bildirdi. Avropa Komissiyası “Qazprom” və “Bulqarqaz” arasında ortaq müəssisənın yaradılmasını Aİ-nin rəqabət qaydalarının pozulması kimi dəyərləndirdi. Nəticədə Bolqarstana qarşı prosedur başladıldı və bu ölkəyə Aİ tərəfindən maliyyə vəsaitlərinin verilməsi dayandırıldı. Bu vəziyyətdə Bolqarıstan hökuməti 2014-cü ildə “Cənub axını” qaz kəməri layihəsində iştirakdan imtina etdi.

Aİ-nın bu cür yanaşması qarşısında 2014-cü ildə Rusiya Prezidenti Valdimir Putin Bolqarıstan hökumətinin boru kəmərinin çəkiləcəyinə dair təminat verə bilməməsi səbəbindən “Cənub axını” qaz kəməri layihəsinin ləğvi barədə açıqlama verdi. Bundan sonra rəsmi Moskva Türkiyə ilə enerji sahəsində əməkdaşlığa daha dinamik start vermiş oldu. Rusiyanın “Qazprom” və Türkiyənin BOTAŞ enerji şirkətləri “Türk axını” qaz boru kəmərinin inşasına dair memorandum imzaladılar. Beləliklə, “Cənub axını” qaz kəməri Qara dənizin dibi ilə çəkilən və illik 31.5 milyard kub metr ötürücülük qabiliyyəti olan “Türk axını” (15.75 milyard kub metr Türkiyənin daxili bazarı üçün nəzərdə tutulub) qaz boru kəmərinin inşası ilə kompensasiya edildi. “Türk axını” layihəsi Rusiyanın zəngin qaz ehtiyatlarını Türkiyənin təbii qaz nəqliyyatı şəbəkəsinə bağlayır və Türkiyə, Cənub və Cənub-Şərqi Avropa üçün dayanıqlı enerji təchizatının yaradılmasını stimullaşdırır.

Qeyd etmək olar ki, bu layihə vasitəsi ilə Türkiyə həm artan tələbatını ödəyir, həm də tranzit ölkəyə çevrilir. Üstəlik, Türkiyə ilə Rusiya arasında enerji sahəsində əməkdaşlıq geosiyasi cəhətdən Moskva üçün çox əlverişlidir. Yuxarıda da qeyd olunduğu kimi, Aİ-nin Rusiyanın layihəsinə qarşı sərt mövqeyi Rusiya qazının “Cənub axını” qaz kəməri ilə Avropaya nəqlini imkansız etmişdir. Lakin Türkiyə Almaniyadan sonra Rusiya qazının ən iri istehlakçısıdır (2018-ci ildə 23.96 milyard kub metr) və bu ölkə Rusiya ilə enerji layihələrinin reallaşmasında maraqlıdır. Çünki enerji layihələri Türkiyəni regional enerji mərkəzinə çevirir, geoiqtisadi və geosiyasi cəhətdən önəmini artırır.

Ümumiyyətlə, “Cənub axını” qaz boru kəməri layihəsinə Avropa ölkələri arasında fərqli yanaşma mövcuddur. Demək olar ki, Aİ gələcəkdə Avropa qaz bazarında Rusiyanın qaz dominantlığını aradan qaldırmaq üçün bu layihəyə qarşı çıxmışdı. Layihəyə müsbət yanaşanlar əsasən tranzit ölkələr olan Bolqarıstan, Macarıstan və Serbiya idi. Layihənin reallaşmamasının əsas səbəbləri isə Aİ-nin layihəyə qarşı sərt mövqeyini, “Üçüncü Enerji Paketi”nin tələblərinin irəli sürülməsini qeyd etmək olar.

Qeyd olunduğu kimi, “Cənub axını” layihəsinin ləğvindən sonra rəsmi Moskva Türkiyə vasitəsi ilə Cənubi Avropa regionuna qaz nəqli sahəsində ciddi addım atmış oldu. Demək olar ki, “Türk axını” layihəsi dayandırılmış “Cənub axını” layihəsini bir növ kompensasiya etmiş oldu. “Türk axını” Rusiya qazını həm Türkiyənin daxili bazarına, həm də Türkiyə üzərindən Avropaya tədarük edəcəkdir. “Qazprom” şirkəti təbii qazı Türkiyə-Yunanıstan sərhədinə çatdırmaqla, Cənubi Avropa qaz tədarükçüləri üçün mərkəz yaratmış olur.

Sonda onu da əlavə edək ki, Aİ üçün ixrac marşrutlarının və qaz tədarükünün diversifikasiyası olduqca əhəmiyyətlidir. Bu mənada, “Cənub Qaz Dəhlizinin” əsas seqmentləri olan TANAP və TAP qaz boru kəmərləri Avropa Komissiyasının 2017-ci il üçüncü “Ümumi maraq doğuran layihələr / Third PCİ ” sırasına daxil edilmişdir. TAP qaz kəmərinin inşası Avropa tərəfindən dəstəklənir və bu layihə Aİ azad rəqabət qaydalarına tam cavab verir. Bir sözlə, Aİ həm “Cənub Qaz Dəhlizi” layihəsi, həm də Avropa təbii qaz bazarına LNG tədarükü vasitəsilə Avropa qaz bazarında “Qazprom”un monopoliyasını aradan qaldırmaq istəyir. Ümumiyyətlə, son zamanlar Avropa enerji bazarında LNG payının artması Avropanın əsas təbii qaz tədarükçüləri olan Rusiyanın “Qazprom” və Norveçin “Equinor” şirkətlərinin bazar payının azalması ilə müşahidə olunub.



2. “Şimal axını - 2” qaz kəməri layihəsi

Son zamanlar Avropanın enerji bazarında rəqabət rəsmi Moskva və Vaşınqton arasında ciddi qarşıdurmaya çevrilmişdir. ABŞ-ın müxtəlif iqtisadi sanksiyalarla Rusiyanın enerji layihələrinə maneə yaratmaq istəməsi bunun bariz nümunəsidir. Xatırlatmaq lazımdır ki, məhz ABŞ-ın və Aİ-nin sərt mövqeyi qarşısında rəsmi Moskva “Cənub axını” qaz kəməri layihəsindən imtina etmişdir.

Çəkişməyə səbəb olan digər bir layihə isə “Şimal axını - 2” qaz kəməri layihəsidir. Rusiyanın Ust-Luga bölgəsindən Almaniyanın şimalındakı Qraysvald şəhərinə qədər 1200 kilometrlik marşrut boyunca uzanan layihə ildə təxminən 55 milyard kubmetr təbii qazdaşıma gücündə olacaqdır. Almaniyanın dəstəklədiyi “Şimal axını - 2” qaz kəməri layihəsi Aİ ölkələri arasında da birmənalı qarşılanmamışdır. Layihənin əsas səhmdarı Rusiyanın “Qazprom”, digər maliyyə investorları isə Uniper və Wintershall, Shell, OMV və Engie Avropa enerji şirkətləridir.

Təməli hələ 2018-ci ilin may ayında qoyulan “Şimal axını - 2” qaz kəməri layihəsinin 2019- cu ildə yekunlaşdırılması planlaşdırılsa da, hələ də buna nail olunmamışdır. Bu layihə Rusiyaya imkan verəcək ki, Baltik dənizi ilə birbaşa Almaniyaya təbii qaz ixrac etsin. Nəzərə alsaq ki, Almaniya Rusiya qazının ən böyük tədarükçüsüdür, o zaman Rusiya üçün layihənin önəmini başa düşmək olar. Hazırda Rusiya qazının əsas tranzit ölkələri Ukrayna, Polşa və Baltik dövlətləridir.

Almaniya dünyanın ən böyük təbii qaz idxalçılarından biridir və ölkə istehlak etdiyi təbii qazın 92%-ni alır. 2018-ci ildə rəsmi Berlin Rusiyadan 58.5 milyard kubmetr təbii qaz ixrac etmişdir və bu göstərici ilə ən iri idxalçıdır. Lakin həcmin böyüklüyünə baxmayaraq, təbii qaz Almaniyanın ümumi enerji istehlakında təxminən 23% təşkil edir. Ölkə nüvə enerjisindən də istifadə edir, lakin 2020-ci ildən Almaniya tədricən bu enerji növünün payını azaltmaq niyyətindədir. Bu mənada isə bərpa olunan enerji mənbələrinə üstünlük vermək istəyir. Lakin nəzərə alsaq ki, artan enerji tələbatını bərpaolunan enerji mənbələri qarşılaya bilməz, bu zaman tələbatın Rusiyadan idxal olunan təbii qazla kompensasiya edilməsi nəzərdə tutulur. Bütün bunlar isə onu göstərir ki, “Şimal axını - 2” layihəsinin rəsmi Berlin üçün əsas məqsədi ölkənin artan enerji tələbatını qarşılamaq, tədricən nüvə enerjisindən imtina etmək və enerji təchizatını daha da şaxələndirməkdir.

Göründüyü kimi, Almaniya-Rusiya enerji ittifaqı “Şimal axını - 2” qaz kəməri layihəsinin həyata keçməsində maraqlıdır. Bunun əksinə isə bu layihə Aİ ölkələri, xüsusən Şərqi Avropa ölkələri arasında təşvişə səbəb olmuşdur. Onların əsas narahatlığı isə Rusiyanın artan dominantlığı, enerji bazarının “Qazprom”dan yüksək asılılığı və ölkələrin tranzit rolunun itirilməsidir.

Lakin qeyd olunan bütün problemlərə baxmayaraq, “Şimal axını - 2” qaz kəməri layihəsinə dair tikinti işləri davam edir və demək olar ki, layihə üzrə işlərin təxminən 80%-dan çoxu başa çatmışdır. Belə ki, qaz boru kəmərinin Rusiya, Finlandiya və İsveç ərazisindən keçən hissəsi, Almaniyada isə böyük hissəsi artıq tamamlanmışdır.

Layihənin qarşısında duran əsas baryerərdən biri Danimarka hökumətinin “Şimal axını - 2” qaz kəməri layihəsinə olan mövqeyi idi. Rusiya, Finlandiya, İsveç və Almaniyadan sonra planlaşdırılan marşrut üzrə layihənin inşaatının təsdiqlənməsi üçün son ölkə Danimarka idi. “Qazprom”un törəmə şirkəti (Nord Stream 2 AG) “Şimal axını - 2” layihəsi üçün fərqli potensial marşrutları Danimarka hökumətinə təqdim etmişdi. Danimarka Enerji Agentliyi isə 2019-cu ilin oktyabr ayının sonunda “Şimal axını - 2” qaz kəmərini çəkən “Nord Stream 2 AG” şirkətinə Danimarkanın Bornholm adasının cənub-şərqindəki qitə şelfindən keçməsinə icazə verib və bununla da “Şimal axını - 2” qaz kəməri layihəsinin qarşısında duran son mane də aradan qalxmışdır.

2.1 Gələcək “ssenari”

Ümumiyyətlə, Avropadakı Rusiya enerji layihələrinə nəzər yetirsək, bu layihələrin iqtisadi və siyasi tərəfləri aydın şəkildə görünür. Aİ-nın aparıcı dövləti olan Almaniyanın Rusiya ilə sıx iqtisadi əməkdaşlığı mövcuddur. Məsələn, iki ölkə arasında ticarət dövriyyəsi 2018-ci ildə əvvəlki ilə nisbətən 8.4% artaraq təxminən 62 milyard avroya çatmışdır. Almaniya Rusiyanın Çindən sonra ikinci ən böyük ticarət tərəfdaşıdır. Bundan başqa, iki ölkə arasında sıx “fərdi əlaqələr də” mövcuddur və bu, siyasi baxımdan olduqca vacibdir.

Ümumiyyətlə, ABŞ və bir çox Mərkəzi və Şərqi Avropa ölkələri “Şimal axını - 2” layihəsinin Rusiyanın təsirini artıracağından və Moskvaya Ukrayna üzərindən nəql olunan qaz tranzitinə son qoymasına imkan verəcəyindən narahatdırlar. Avropa üçün “Şimal axını - 2” layihəsinin geosiyasi önəmi mövcuddur. Bu səbəbdən də bütün Avropanın marağı nəzərə alınmalıdır. Baxmayaraq ki, layihə üçün son maneə aradan qalxıb, lakin hələ də bir sıra qaranlıq aspektlər mövcuddur. Məsələn, Almaniya tərəfi açıqlayib ki, “Şimal axını - 2” layihəsinin işə düşməsi yalnız Ukrayna-Rusiya arasında 2019-cu il dekabrın 31-də başa çatan tranzit qaz müqaviləsinin yenilənməsindən sonra baş tuta bilər. Bilindiyi kimi, tərəflər artıq görüş keçiriblər, lakin razılaşma hələ də əldə olunmayıb.

Digər maneə Avropa Komissiyası tərəfindən gələ bilər. Belə ki, Avropa Komissiyası Avropanın daxili qaz bazarına dair sənəd qəbul etmişdir. Xüsusilə qeyd olunmalıdır ki, bu razılaşma üçüncü ölkələrdən boru kəmərlərinin Aİ-nin qaz qaydalarına uyğun olmasını tələb edir. Yeni qaydalar daxili qaz bazarının fəaliyyətinin yaxşılaşdırılması və üzv ölkələr arasında həmrəyliyin möhkəmləndirilməsi üçün Avropa Parlamenti, Avropa Şurası və Avropa Komissiyasının nümayyəndələri tərəfindən müvəqqəti olaraq razılaşdırılmışdır.

Göründüyü kimi “Şimal axını - 2” layihəsinin həyata keçməsi istiqamətində güclü rəqabət mövcuddur. Bunun bariz nümunəsi cari ilin 13 noyabr tarixində Almaniya parlamenti tərəfindən “Şimal axını - 2” qaz kəməri layihəsinin həyata keçməsi üçün qəbul olunmuş enerji qanunudur. Yeni qanun imkan verir ki, layihənin bir hissəsi Avropa qaydalarından (bir müəssisənin həm təbii qaz istehsalçısı, həm də tədarükçüsü olmasının qadağan edilməsi) yan keçsin.

Sonda onu da qeyd edək ki, burada xüsusilə ABŞ-ın mövqeyi önəmli rol oynayacaqdır. ABŞ-ın mövqeyi əsasən ABŞ LNG-nin (mayeləşdirilmiş təbii qaz) Avropaya tədarükü ilə bağlıdır. Rəsmi Vaşınqton həm müxtəlif layihələri dəstəkləməklə, həm də Avropaya LNG ixracını artırmaqla, Rusiyaya təzyiq göstərməyə çalışacaqdır. Misal üçün, hesablamalara əsasən, 2019-cu ilin ilk beş ayı ərzində ABŞ LNG ixracının təxminən 40%-i Avropaya getmişdir. Lakin layihəni artıq dayandırmaq, demək olar ki, mümkünsüzdür. ABŞ və Avropa ölkələri əsasən layihəni səngitmək istəyirlər ki, Ukrayna ilə Rusiya arasında yeni tranzit müqaviləsi bağlanılsın.Yeni tranzit müqaviləsi Ukraynanın həm iqtisadi, həm də siyasi təhlükəsizliyi üçün vacibdir. Əks-təqdirdə rəsmi Kiyev daha güclü təzyiqlə üzləşə bilər və Rusiya qarşısında çox zəif vəziyyətə düşmüş olar.

3.“Sibirin gücü” (Power of Siberia) qaz kəməri layihəsi

2019-cu il dekabr ayının 2-də Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Prezidenti Şi Cinpinq iki ölkə arasında “Sibirin gücü” təbii qaz boru kəmərinin rəsmi açılışını etmişlər. 3000 km uzunluğunda olan “Sibirin gücü” qaz kəməri Rusiyanın İrkutsk və Amur regionlarından və Saxa Respublikasından (Yakutiya) keçməklə Sibir qaz yatağından çıxarılan təbii qazı Çinin şimal-şərqinə ixrac etməyə şərait yaradacaqdır.



Xatırlatmaq lazımdır ki, uzun müddət davam edən danışıqlardan sonra 21 may 2014-cü ildə Rusiyanın "Qazprom" və onun Çin bazarındakı əsas tərəfdaşı olan Çinin ən böyük dövlətə məxsus neft və qaz şirkəti Çin Milli Neft Korporasiyası (CNPC) Rusiya qazının tədarükü üçün 30 illik müqavilə imzalamışlar. Əldə olunan razılaşma hər iki tərəf üçün həm iqtisadi, həm də siyasi baxımdan əhəmiyyətlidir. Bu vacib müqavilə Rusiyaya imkan verəcək ki, təbii qaz satış bazarını şaxələndirsin və Avropa ilə yarana biləcək təbii qaz qarşıdurmasında daha güclü mövqedə olsun. Əldə olunmuş təbii qaz hasilatına dair müqavilə Rusiya qaz sənayesinin inkişaf tarixində ən iri sövdələşmə sayılır. Təxminən 400 milyard dollar dəyərində olan sazişə əsasən, 30 il ərzində Rusiya ildə 38 milyard kubmetr təbii qazı Çinə ixrac edəcək və bu da göstərir ki, enerji əməkdaşlığı uzun müddətlidir və gələcək perspektivləri mövcuddur.

Məhz əldə olunan razılığın nəticəsində Rusiyanın Şərqi Sibirdəki təbii qaz yataqlarında qazçıxarma prosesi daha da sürətləndi və “Sibirin gücü” qaz boru kəmərinin çəkilişinə səbəb oldu. Nəzərə alsaq ki, Çin dünyanın ən böyük enerji istehlakçısıdır, o zaman Rusiya üçün layihənin əhəmiyyətini başa düşmək olar. “Sibirin gücü” qaz boru kəməri ikitərəfli enerji əməkdaşlığını daha da gücləndirəcəkdir.

Son illər ərzində rəsmi Pekin Rusiyanın “Yamal LNG” və planlaşdırılan “Arktik LNG 2” Arktika qazının mayeləşdirmə layihələrində ən böyük xarici səhmdar olmuşdur. Hazırda qaz boru kəməri ilə Rusiya qazının əsas ixrac marşrutu Avropa istiqamətidir.

3.1 Çinin daxili qaz bazarının əsas göstəriciləri

Çinin enerji tələbatının artması onu dünyanın ən böyük enerji istehlakçısına çevirmişdir. Beynəlxalq Enerji Agentliyinin və BP-nin məlumatına əsasən, son on il ərzində Çinin təbii qaz istehlakı sürətli şəkildə artaraq 2018- ci ildə ölkənin idxal asılılığı 43%-ə çatmışdır.

Ölkənin təbii qaz istehlakı 2018-ci ildə 276.6 milyard kub metr təşkil etmişdir. Ölkənin qaz idxalı 2018-ci il üçün təqribən 125.4 milyard kub metr səviyyəsində olmuşdur. Bu da göstərir ki, gələcəkdə təbii qaz istehlakı və idxal asılılığı sürətlə artacaqdır. Təbii qaza olan tələbatın ciddi şəkildə artması əsasən sənayenin və ev təsərrüfatlarının kömürdən daha təmiz enerji mənbəyi olan təbii qaza keçidi ilə əlaqəlidir.

2018-ci ildə artan qaz tədarükünün böyük hissəsini “Mərkəzi Asiya - Çin” qaz boru kəməri (Türkmənistan-Özbəkistan-Qazaxıstan-Çin) marşrutu üzrə, qalan payı isə əsasən Myanmar qaz kəməri, Avstraliya, Qətər, Malayziya və İndoneziyadan LNG idxalı ilə qarşılanmışdır. Çin-Rusiya təbii qaz əməkdaşlığı isə hər iki ölkədə təbii qaz ticarətinə əhəmiyyətli təsir göstərə biləcək amildir. Belə ki, Rusiya qazı Çinə LNG tədarükündən qiymət baxımdan daha sərfəli ola bilər və bu istiqamətdə 2020- ci ildən başlayaraq Rusiya Çin qaz bazarında aparıcı ixracatçıya çevrilməyi hədəfləyir.

Digər əsas qaz mənbəyi LNG idxalıdır. Belə ki, LNG idxalı Çinin ümumi təbii qaz idxalının vacib bir hissəsidir və bu göstərici 2018-ci ildə 40% artmışdır. 2018-ci ildə ölkənin şimal-şərqdəki Liaoning əyalətindən cənubdakı Hainan əyalətinə qədər 19 LNG terminalı tikilmişdir. 2019-cu ildə Çin təbii qaz bazarına ən çox LNG tədarük edən ölkə isə Avstraliyadır. Avstraliyadan sonra isə 2-ci yerdə Qətər gəlir.

Çin üçün qaz mənbələrinin və ixrac marşrutlarının divesifikasiyası aktuallıq qazanmışdır. Belə ki, ölkə əsasən yerli tədarükü alternativ qaz mənbələri ilə kompensasiya etmək niyyətindədir və bu mənada Rusiya diversifikasiya prosesində vacib mənbə sayıla bilər.

Ümumiyyətlə, Çinin daxili qaz bazarının analizi göstərir ki, Rusiya qazı tədarüklə bağlı yarana biləcək problemləri tam həll edə bilməz, lakin uzun müddətli perspektivdə diversifikasiya üçün əhəmiyyətlidir. İlkin mərhələdə qeyd olunan qaz boru kəməri ilə Çinə ildə 4.6 milyard kub metr qaz hasil olunacaq və 2021- ci ildən hasilat illik 10 milyard kub metr təşkil edəcək. Yalnız 2025-ci ildən “Qazprom” Çinə illik 38 milyard kub metr qaz ixrac etməyi hədəfləyir. Bu da göstərir ki, qaz boru kəmərinin tam gücü ilə işə düşməsi 2025-ci ildən tez baş verməyəcək və rəsmi Moskva Çin bazarında 2025-ci ildən başlayaraq güclü mövqeyə sahib olacaq.

Müxtəlif analizlər də göstərir ki, Çinin təbii qaza olan tələbatı sürətlə artacaqdır və əgər Rusiyanın bütün planlaşdırılan qaz layihələri həyata keçsə, Rusiya Çinə illik 80 milyard kub metrə yaxın qaz ixrac edəcəkdir. Qalan hissə isə Mərkəzi Asiya və Myanma qaz boru kəmərləri və LNG tədarükü ilə qarşılanmalıdır. Təbii ki, rəqəmlər tam şəkildə tələbat-tədarükü izah edə bilməz, çünki aktiv şəkildə digər enerji mənbələrinin də inkişaf etdirilməsi də hədəflənir. Məsələn, 2018-ci il üçün ölkənin alternativ və bərpaolunan enerji mənbələrindən istifadəsi 29% artmişdir. Bu mənada günəş enerjisi 51%, külək enerjisi 24%, biokütlə enerjisi və geotermal enerjisi 14%, hidroenerji 3.2% artmışdır. Digər enerji mənbəyi olan nüvə enerjisinin istehsalı da 19% artmişdir. “

Sibirin gücü” qaz kəmərinin açılışı həm Rusiya, həm də Çin üçün sərfəlidir. Rusiya üçün bu layihə dünyanın ən iri bazarına əlavə qaz tədarükü etmə imkanı yaradır. Rusiyanın Çinə yaxın olan regionunda zəngin təbii qaz yataqları mövcuddur və bu yataqlardan qaz hasilatı Avropa ilə müqayisədə Çinə daha əlverişlidir.

Layihənin həyata keçməsi rəsmi Moskvaya Asiya regionunda da aktiv rol oynamağa və digər ölkələrlə də enerji əməkdaşlığı qurmağa stimul olacaqdır. Bundan başqa, rəsmi Moskvanın Avropa ölkələri ilə qaz danışıqlarında daha əlverişli mövqe tutmasına zəmin yaradacaq (əsasən Rusiya qazının tranziti ilə bağlı). Ümumiyyətlə isə son zamanlar Rusiyanın aktiv şəkildə həyata keçirdiyi enerji layihələri – “Türk axını və Şimal axını 2” qaz layihələri 2020-ci ildən başlayaraq Rusiya qazının dünya enerji bazarlarında satışına geniş imkan yaradacaqdır. Rusiyanın qlobal qaz bazarında artan dominantlığı bir sıra ölkələrdə həm siyasi, həm də iqtisadi maraqlarının qorunması ilə müşahidə olunacaqdır.

Çinə gəldikdə isə alternativ mənbələr Çinin qaz bazarının diversifikasiyası üçün olduqca əhəmiyyətlidir. Çin artan idxalını Rusiya qazı ilə doldurmaq niyyətindədir və Rusiya Çin qaz bazarı üçün olduqca əhəmiyyətli yeni qaz mənbəyidir. Rusiya qazı həm də tankerlərlə daşınan LNG-dən ucuz ola bilər və rəsmi Pekinə imkan yaradar ki, LNG tədarükçüləri ilə danışıqlarda daha əlverişli mövqeyə sahib olsun. Nəticə etibarı ilə Çin üçün bu layihənin ən böyük əhəmiyyəti ölkənin enerji təhlükəsizliyinin təmin edilməsidir. Alternativ qaz mənbəyi əldə etməklə həm artan tələbatını ödəyir, həm də fərqli tədarük marşrutu əldə etmiş olur.

Müəllif: Şahmar Hacıyev,

BMTM-in aparıcı mütəxəssisi
ovqat/com


Daha çox xəbər

Şərh yaz