Axtarış...

“Dövlət proqramları birdəfəlik şpris kimi olmalı deyil”




Yusif Bəkirov: “Rəsmi hesabatda qeyd olunur ki, “uşaq istismarı yoxdur”, əslində isə var”

Rəsmi hesabatda qeyd olunur ki, “uşaq istismarı yoxdur”, əslində isə var”

Qarabağ müharibəsi zamanı həlak olmuş, itkin düşmüş və girov götürülmüş azərbaycanlı uşaqlar haqqında məlumat bazası yaradılıb. Bu iş “Uşaq Hüquqlarının Müdafiəsi Liqası” İctimai Birliyi (İB) tərəfindən görülüb. İB sədri Yusif Bəkirov məlumat bazasının yaradılması zərurəti, hazırlanma prosesi və digər məsələlər barədə AYNA-nın suallarını cavablandırıb.

- Yusif müəllim, gec də olsa, belə əhəmiyyətli bir informasiya bazasını yaratmaq çətin olmadı ki?

- Bu iş çoxdan görülməli idi. Çünki müharibədən zərbə alanlar uşaqların da həyatı qaralır. Təəssüf ki, bu günə qədər çox uşağın taleyi bəlli deyil. Amma uzunmüddətli işimizin nəticəsində, Qarabağ müharibəsində həlak olmuş, itkin düşmüş, girov götürülmüş uşaqlarla bağlı “Əbədi uşaqlıq” (http://ebediusaqliq-az.org/ və http://lostchildren-az.org/) məlumat bazası yaratdıq. Məlumatların toplanmasında çətinliklər də oldu, üzüntülər də oldu, amma hər halda nəsə etdik. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə reallaşdırılan layihə çərçivəsində tək məlumat bazası deyil, sosial çarxlar da hazırlamışıq. Məlumat bazaları həm azərbaycanca, həm də ingiliscədir. Ümid edirəm ki, bu iki sayt müharibədə nələr itirdiklərimizi sübut edən və təbliğ edən bir baza olacaq.

- Hazırda hansı məsələlər üzərində işləyirsiniz? Ölkədə uşaq hüquqları ilə məşğul olan QHT-lər olsa da, yalnız barmaqla sayıla bilən vətəndaş cəmiyyəti qurumlarının səsi gəlir…

- Hazırda uşaqlarla bağlı BMT üçün alternativ hesabat hazırlayırıq. Bilirsiniz ki, vaxtaşırı beynəlxalq təşkilatlar dövlət hesabatları ilə yanaşı, alternativ hesabatlar da istəyir. Əslində nə qədər alternativ hesabat olsa, bir o qədər xeyrimizə olar. Çünki bu, problemlərimizi çılpaqlığı ilə ortaya çıxarar və biz də işimizi bilərik. Bu günə qədər İctimai Birlik adından 1996-cı və 2005-ci illərdə özüm belə hesabatlar yazmışam.

- Maraqlıdır, dövlət hesabatları ilə sizin hesabatlarda ziddiyyətlər çoxmu olur? Məsələn, statistikalar arasında fərq kimi.

- Biz hesabatımzıı özbaşına yazmırıq. Dövlət hesabatı analiz olunur, orada uşaq hüquqları üzrə 44 maddə var, uşaqların bütün hüquqları nəzərə alınır. Bu göstəricilərə görə də, öz araşdırma materiallarımızı ortaya qoyuruq. Əslində, dövlət rəqəmləri ilə uyğun gəlməyən məqamlar da olur. Amma bütün hallarda real olsa da, bizim rəqəmlər qeyri-rəsmi hesab olunur. Misal üçün, uşaq ölümləri ilə bağlı bizim statistikamız çoxdur, amma təəssüf ki, bizim göztəriciləri yaya bilmirik, bunun məsuliyyəti var, bu, əks-təsir effekt yarada bilər. Yaxud dövlət hesabatında qeyd olunur ki, uşaq istismarı yoxdur. Halbuki, var. Biz daha çox media materiallarına əsaslanırıq.

- Yusif müəllim, indi ölkədə ən ağrılı məsələlərdən biri təhsil məsələsidir. Çıxış yolu təklifiniz varmı?

- Azərbaycanda təhsilin pulsuz olduğunu deyirlər. Amma gözəl bilirik ki, belə deyil. Məktəbəqədər təhsil və ali məktəbə hazırlıq pulludur. Əgər valideyn bu təhsil üçün pul tökürsə, deməli, ölkədə təhsil pulludur. Axı hər kəs pul xərcləmədən, geyimindən tutmuş təhsilinə qədər uşağını məktəbə yola sala bilmir. Bizim ən çox müzakirə olunmalı olan mövzumuz budur. Problemin kökü də buradan başalayır.

- Əslində, Azərbaycanda uşaq doğulmamışdan qabaq pul amili ortaya çıxır...

- Bəli, bu da bir başqa vacib məqamdır. Biz uşaqlarımızın yaşamaq hüququnu çox vaxt müdafiə edə bilmirik. Ana dünyaya uşaq gətirəcəksə, bütün yük ailənin üzərinə düşür. Çünki məqsəd sağlam uşaq dünyaya gətirməkdir, bunun üçün hamiləlikdən tutmuş doğuşa qədər pul tələb olunur.

- “Pulsuz” təhsil kimi “pulsuz” səhiyyədən də bəhrələnirik?

- Bəli (gülür – R.E.). Bu, əslində çox acınacaqlı durumdan xəbər verir. Bu məsələləri gündəmə gətirməkdən yorulmamalıyıq.

- Milli Məclis buraxılmamışdan qabaq Avropa Şurasının uşaqlara qarşı zorakılıqla bağlı Konvensiyasını qəbul etdi. Bu, nə cür işimizə yarayacaq?

- Bu Konvensiyanın bütün maddələri BMT-nin uşaq müdafiəsi ilə bağlı sənədlərində də var. Yeniliklər yoxdur. Əsas sənədləri tanımaq yox, onlara əməl etməkdir. Dünya təcürübəsinə nəzər yetirsək, bizim çox mükəmməl yazlmış qanunlarımız var, amma təəssüf ki, qanunlar keyfiyyətli olsa da, icra mexanizmi demək olar ki yoxdur, hesabatlılıq 0-dır.

- Uşaq bağçaları ilə bağlı nə edə bilərik?

- Bəzən deyirlər ki, bizdə bağça catışmır. Razıyam, amma dünyanın hər yerində əhali sayına görə bağçalar çatmadığı üçün müxtəlif modellər işlənilir. Misal üçün, indi dünyada “ev bağçası” modeli var. Əsas təklifimiz budur. Model belədir ki, bir neçə qadın birləşərək bu modeli tətbiq edə bilər. Evdar bir xanıma bir neçə qadın pul ödəyir və öz uşaqlarını həmin qadına həvalə edir. Qadın həm öz uşaqlarına baxır, həm də başqa uşaqlara. Üstəlik də işçi kimi maaş alır.

Uşaqları internat evlərinə qoymaq çıxış yolu deyil. Uşaqlar ailələrə verilməlidir ki, artıq dövlətimiz bu işə başlayır. Dövlət hər uşağa uşaq evində olduğu müddətdə ay ərzində 150-200 manat vəsait xərcləyir. Sovet vaxtı internat məktəblərində uşaqlar internata verilirdi, uşaq orada qalırdı, qidalanması, təhsili orada olurdu, arada ailələrlə görüşdürülürdü. Onda da uşağın ailədən tam qopmaması üçün nələrsə görməyə çalışırdılar.

- Bizdə də indi günərzi mərkəzləri yaradıblar. Valideyn iş tapır, uşağını mərkəzə qoyur. Axşam bağçadan götürmüş kimi evinə aparır. Amma dövlət layihəsi kimi 5-7 aylıq olur. Bu, nə qədər doğrudur? Yəni ailəyə dəstək vermək, sonra dəstəyi əlindən geri almaq.

- Baxın, elə problemlər də buradan qaynaqlanır. Görülən işlər çox vaxt görüntü yaratmaq üçün edilir. Bu, səhvdir! Dövlət proqramları birdəfəlik şpris kimi olmalı deyil. Bunun effekti ola bilməz, hər proqramın davamlılığı olmalıdır ki, hər kəsə xeyri dəysin. Bu qədər pul xərclənir, amma təəssüf ki, çox halda ayrılan maliyyə ünvanına çatmır.


Daha çox xəbər

Şərh yaz