Axtarış...

DYP-nin ləğvi tələb olunur: Ya da sistem kökündən dəyişsin



“Təhlükəsizlik kameraları olan yerdə bu qədər yol polisinə nə ehtiyac var?!”



Bir neçə gün əvvəl Dövlət Yol Polisinin (DYP) əməkdaşlarına yeni uniformalar təqdim edildi. Yeni geyimlər yol polislərinin işinə də sirayət edəcəkmi? Ayrıca, vətəndaşlar bu gün yol polisi xidmətinin işindən razıdırlarmı?



AYNA bu barədə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Cavabları təqdim edirik:



Xudaverdi Əliyev: “Yol polisi olmasa, yollarda hərc-mərclik hökm sürər. Deməli, yol polisi olmalıdır, ancaq bunların qafasını dəyişmək lazımdır”.



Mayıs Əlizadə: “Yol polisinin 15 il əvvəldən bu günə qədər hər il maaşının artırılması prosesi gedir. Artım tək bu sahədə yox, başqa sahələrdə də olmalıdır”.



Elşad Əlili: “Yol polisi ləğv olunsun”.



Mir Cavid Tahiroğlu: “O qurum birdəfəlik ləğv olmalıdır”.



İlkin Muradov: “Yığışdırılsın”.



Kamal Əli: “Təklif edirəm, yol patrullarının sayı 10 dəfə azaldılsın. Ərəb ölkələrində belə, bizdəki qədər patrul yoxdur. Kamera olan yerdə patrul nəyə gərəkdir? Ancaq rüşvət üçündür”.



Elmir Muradov: “Gürcüstanda yol patrul xidməti demək olar ki, ləğv olunub. Yəni səlahiyyətlərinin çoxu elektronlaşdırılıb. Bu ölkədə yol-nəqliyyat hadisələrini pozanlar şəhərdəki təhülkəsizlik kameraları vasitəsilə müəyyənləşdirilir. Yəni qayda pozanları yol patrul xidməti saxlamır, kameralara düşən görüntülərə əsasən cəriməsi yazılır və evinə göndərilir. Azərbaycanda da bu forma tətbiq olunmalıdır”.



Rəşad Əkbəroğlu: “İlk növbədə YPX-nin əməkdaşları özləri qanuna riayət etsinlər, təhlükəsizlik kəməri taxsınlar, avtomobil hərəkədə olanda mobil telefondan istifadə etməsinlər”.



Elnur Rəhimoğlu: “Ümumiyyətlə, YPX ləğv edilsin”.



Əli Ağazadə: “İlk növbədə insanlar bəzi mövzularda maariflənsin, rüşvət alanlar cəzalandırılsın. Xidmət işçilərinin davranışında, danışıq tərzində mədəniyyət yüksəldilməlidir”.



Nəzakət Zeynallı: “2 ildir, Almaniyadayam, yol polisini 12-13 dəfə olar gördüyüm. Çox vaxt maşınla harasa getdiyini görmüşəm. Azərbaycanda da yol polisi ştatı azaldılsın. Köhnə maşınlar istismardan tamamılə çıxarılsın. Hər gün Azərbaycanda olan “VAZ-2107” markalı maşınların qəza xəbərini oxuyuram. Sürücülük imtahanları ASAN-a verilsin”.



Vüqar Abbasov: “Yol polisi adlı qurum dünyanın bir çox ölkələrində ləğv olunub. Ancaq bu da bir həqiqətdir ki, bizdə bunu ləğv etmək hələ tezdir. Nə dəyişiklik ola bilər? Sadəcə öz işlərini vicdanla görsünlər. Tanışlıqla, nəyinsə müqabilində kimsəni cəzasız qoymasınlar, yersiz yerə insanları incitməsinlər”.



Gülnarə Hüseynova: “İdmançı görkəmli olsunlar, bir neçə dil bilsinlər, savadlı və nəzakətli davransınlar”.



Ayaz Hüseynov: ““Ekologiya postu”nun ucbatından hər gün Sumqayıt-Xırdalan-Bakı yolunda sürücülər böyük tıcaxla üzləşirlər. Bu postun yerini dəyişmək məqsədəuyğundur. Bir də çox istərdim, yol polislərimiz daha çox qanun çərçivəsində çalışsınlar. Əlbəttə ki, bu, bütün polislərə şamil edilmir”.



Hüseyn Abdullayev: “Əsas olaraq məqsədlər dəyişməlidir. Fokus daha çox təhlükəsizliyə yönəldilməlidir. Məqsəd pozuntuların qarşısını almaq olmalıdır, olandan sonra cərimə yazmaq yox. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi vacibdir. Çox insan yol polisini ancaq yol hərəkəti qaydalarını pozan sürücüləri cəzalandıran bir orqan kimi tanıyır. Səbəb odur ki, vətəndaşlar yol polisinin pozuntuları aradan qaldırmağa çalışdığını və profilaktik tədbirlər həyata keçirdiyini görmürlər. Tədbirlər daha çox formal və sistemsiz xarakter daşıyır”.



Əli Elşadoğlu: “Ümumiyyətlə, bu qurumun ləğvi məqsədəuyğundur”.



İbrahim Kamiloğlu: “Maşınların addan-ada qeydiyyata keçirilməsi prosesində texniki baxış ləğv edilsin. Ehtiyac yoxdur ona”.



Emil Maqalov: “50 manatlıq cəriməyə 10-20 manat, 100 manatlığa 30-50 manat alırlar”.



Ş.Yaşar: “Hamısı işindən azad olunsun və doğru-dürüst, Polis Akademiyasını bitirən gənclərlə əvəz edilsin. Rüşvət olan yerdə, təmizlik olmaz, ona görə öncə təmizlənmə işi aparılmalıdır. Müqayisə etməyə utanıram. Uzun illərdir, yaşadığım Kanadanın bütün polis sistemi bəlkə də dünyada müqayisə olunmayacaq dərəcədə mükəmməldir. Azərbaycanda bu sahənin inkişafını görmək istəyirlərsə, bu peşəni seçənləri Kanadaya təlimə göndərməlidirlər”.



Bəşarət Məmmədov: “Dürüst və şəffaf fəaliyyət, xidmət fəlsəfəsini anlamaq, sürücülər tərəfindən dövlətin yollardakı təmsilçisi olaraq qəbul edildiklərini unutmamalarını arzulayıram”.



Pavel Polonski: “Həftədə 1 günlük iş qrafikinə keçsinlər”.



Elməddin Vəliyev: “Maşınsız xidmət aparsınlar”.



Elnur Ağayev: “Müsbət bir nümunə götürmək təqdirəlayiq haldır. Uzağa getmək lazım deyil, qonşu Gürcüstanın YPX-sı kimi olsunlar, yetər”.



Vəfa Aslan: “Etik davranış mədəniyyəti, sürücüyə yardım arzusu, haqlı və şəffaf cərimə və anlatma arzulayıram yol polislərinə”.


Daha çox xəbər

Şərh yaz