Axtarış...

Paşinyan “pripiska”ya qayıdır: Ermənistan iqtisadiyyatı necə “şişir”? - TƏHLİL



Nikol Paşinyanın Ermənistanın iqtisadi göstəricilərə görə, Gürcüstan və Azərbaycanı keçməsi barədə absurd fikri faktiki olaraq beynəlxalq qalmaqala gətirib çıxarıb.

Gürcüstanın iqtisadiyyat naziri Natiya Turnava bildirib ki, N.Paşinyan elementar məsələləri bilmir və iqtisadi göstəricilərin necə hesablandığını başa düşmür.

Nazir vurğulayıb ki, Nikol Paşinyanın bu məsələni öyrənməsi məqsədəuyğun olar:

“Gürcüstanda statistika xidməti 2019-cu ilin noyabrından ÜDM-in (ümümdaxili məhsul) hesablanmasının yeni üsulunu tətbiq edib və bu, hələlik Beynəlxalq Valyuta Fondunun və digər maliyyə təşkilatlarının hesabatlarında öz əksini tapmayıb. Regionumuzun ölkələri - Azərbaycan, Ukrayna və Moldova da əlavə dəyər vergisinin hesablanmasının yeni üsulunu tətbiq edib. BVF-nin növbəti hesabatında əks olunacaq”.

Xatırladaq ki, Ermənistanın Baş naziri öz Facebook səhifəsində 2019-cu ildə ÜDM-in artım faizinə görə Ermənistanın artıq Gürcüstanı keçdiyini deyib və əlavə edib:

“Ümid edirik ki, Azərbaycanı da bu il ötəcəyik”.

Amma bu heç də Ermənistanın sosial-iqtisadi vəziyyətinin yaxşı olması anlamında qəbul edilmir. ÜDM-in artım faizinin yüksək olması həm də ölkədə əhali sayının azlığı ilə əlaqələndirilir. Ermənistan Statistika Komitəsinin hesabatına görə, ötən il ölkədə əhali sayı ən aşağı həddə - 2 milyon 965 min nəfər olub. Hesab olunur ki, əhali sayının azalması ÜDM-in artım faizinin yüksəlməsinə öz təsirini göstərib. Qeyd edək ki, bu göstəricinin müəyyənləşməsində əhali sayı əsas faktorlardan biridir.

Onu da əlavə edək ki, ÜDM-in - iqtisadi artım faizinin yüksək olması heç də əhalinin rifah səviyyəsinin yüksək olması demək deyil. Məsələn, Hindistanda ÜDM-in səviyyəsi İsveçerə ilə müqayisədə 70 faiz çoxdur.

İqtisadçı Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan ÜDM-nin inkişaf tempi Gürcüstan və Ermənistandan geri qalır:

“Bu faktdır. Çünki bizim ÜDM-miz hər iki ölkə ilə müqayisədə həddindən artıq böyükdür, onların birlikdə ÜDM-nin cəminə yaxındır. Ona görə də bizdə artım tempinin aşağı düşməsi təbiidir. Əvvəllər aşağı göstəricilər olduğu üçün ÜDM-in çox yüksək artm tempi var idi. İndi isə ÜDM kifayyət qədər yüksəkdir, ona görə artım az miqdarda müşahidə olunur. Digər tərəfdən isə bizim iqtisadiyyatımız neftdən asılı olduğuna görə, makroiqtisadi göstəricilər, o cümlədən də ÜDM göstəriciləri neftin qiymətindən asılı olaraq dəyişir. Bu həqiqətdir ki, Azərbaycanın ÜDM göstəriciləri Gürcüstan və Ermənistandan aşağıdır.”

Natiq Cəfərli deyir ki, son vaxtlar Ermənistanda fərqli hesablama qaydaları tətbiq olunmağa başlanıb:

“ÜDM-in hesablanmasına “kölgə iqtisadiyyatı” da nəzərə alınmağa başlanıb. Digər tərəfdən isə Ermənistanda ÜDM-in artımına səbəb olan əsas məsələ qiymətli daşların (əsasən briliyantların) cilalanmasıdır. Əvvəllər yalnız ölkədən çıxan hissə ÜDM-də əks olunurdu, indi isə Ermənistan hökuməti ÜDM-ə bütün dövriyyəni daxil edib. Həm briliyantın ölkəyə gətirilmə xərclərinin dəyərini, həm də onun ölkədən çıxan hissəsini əlavə edib deyə, bu göstəricidə şişmə meydana gəlib. Bu kağız üzərində artımdır. Gürcüstan iqtisadiyyat naziri də bu baxımdan haqlıdır”.

Bununla belə, iqtisadçı deyir ki, son iki ildə Ermənistanın iqtisadi göstəriciləri “pis deyil”:

“Həm milli valyutalarında müəyyən dərəcədə sabitlik yaranıb, həm də ÜDM-in artımında dinamika formalaşıb. Amma Paşinyan hökuməti hesablama qaydalarının dəyişilməsi yolu ilə kağız üzərində ÜDM-in daha çox artdığını göstərərək, bunu siyasi təbliğat vaistəsi kimi istifadə edir”.



Şərh yaz